Azərbaycan opera sənətində öz ifası ilə seçilən sənətkarlardan biri olan Mürsəl Bədirov müğənni, ifaçı, pedaqoq kimi zəngin və çoxşaxəli yaradıcılıq yolu keçib.
Mürsəl Bədirov doxsan beş il öncə, 1931-ci il oktyabrın 27-də Mahaçqalada dünyaya gəlib. Orta təhsil illəri də Dağıstanda keçib. Hələ uşaqlıq illərindən musiqinin ecazkar aləmi onu özünə səsləyib. Bariton səsi, ifası ilə diqqəti çəlb edən Mürsəl orta məktəbi bitirəndə musiqi ilə bağlı qərarını verib. Və arzularına çatmaq, xəyallarımı gerçəkləşdirmək ümidi ilə Bakıya gəlib.
1951-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olub. Tələbə adını qazanan Mürsəl Bədirov böyük həvəslə seçdiyi sənətin incəliklərini öyrənib. Gənc tələbə səhnəyə, tamaşaçı qarşısına çıxacağı günlərin həyacanı ilə yaşayıb. Tale elə gətirib ki, sənətdə ilk addımlarını da tələbəlik illərində atıb. Opera tamaşalarında epizodik rollarda çıxış edərək səhnə təcrübəsi qazanıb.
O, 1956-cı ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyətə başlayıb. Opera Teatrında çalışdığı illər Mürsəl Bədirovun yaradıcılığında mühüm yer tutub.
Onun sənət yolu Azərbaycan opera səhnəsinin mühüm bir dövrü ilə bağlıdır. O, uzun illər opera səhnəsində çıxış edib. Solist kimi fəaliyyət göstərən Mürsəl Bədirov müxtəlif opera əsərlərində bir-birindən fərqli rollar yaradıb.
Ona Opera Teatrında dünya klassik opera əsərləri əsasında hazırlanmış tamaşalarda müxtəlif xarakterli obrazlar həvalə edilib. Mürsəl Bədirov bir sıra operalarda - Jorj Bizenin "Karmen" əsərində Eskamilo, Morales və Dankayro, Pyotr Çaykovskinin "Yevgeni Onegin"ində Onegin, Cakomo Puççininin "Toska"sında Sezar Anjelotti, "Çio-Çio-San"ında Şarples, Şarl Qunonun "Faust"unda Valentin, Sergey Raxmaninovun "Aleko"sunda Aleko, Leo Delibin "Lakme"sində Frederika, İvan Dzerjinskinin "İnsanın taleyi"ndə Andrey Sokolov, Rucero Leonkovallonun "Məzhəkəçilər"ində Silvio kimi maraqlı rollar ifa edib.
Sənətkarın repertuarında Azərbaycan bəstəkarlarının əsərləri də mühüm yer tutub. O, dünyaşöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operasında Alı, "Leyli və Məcnun"da Nofəl, Müslüm bəy Maqomayevin "Şah İsmayıl"ında Qoca ərəb, Cahangir Cahangirovun "Azad"ında Xan və Həcir, Fikrət Əmirovun "Sevil"ində Atakişi, Ramiz Mustafayevin "Vaqif"ində Eldar, Süleyman Ələsgərovun "Bahadır və Sona"sında Soltan obrazlarını yaradıb.
Sənətkarın repertuarının zənginliyi opera sənətində geniş imkanlara malik ifaçı olduğunu göstərib. Mürsəl Bədirov uzun illər davam edən səhnə fəaliyyəti ərzində istər dünya, istərsə də Azərbaycan operalarının ölməz nümunələri əsasında səhnələşdirilmiş tamaşalarda öhdəsinə düşən hər bir rolu özünəməxsus, bənzərsiz təqdim edərək tamaşaçıların rəğbətini, alqışlarını qazanıb.
Mürsəl Bədirov Azərbaycan opera sənətini ölkə xaricində də uğurla təmsil edib. O, Çexiya, Macarıstan və başqa ölkələrə qastrol səfərlərinə qatılıb, solist kimi çıxışlar edib.
Səhnə fəaliyyəti ilə yanaşı, pedaqoq kimi vokal sənətinin inkişafına xidmət göstərib. 1972-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının Vokal kafedrasında çalışan Mürsəl Bədirov gənc vokalçıların hazırlanmasında bilik və təcrübəsini əsirgəməyib. O, 1992-ci ildə professor elmi adına layiq görülüb.
Sənətkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. Mürsəl Bədirov 1959-cu ildə "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunub. 1964-cü ildə Azərbaycanın Əməkdar artisti, 1979-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alıb.
Mürsəl Bədirov 2003-cü il fevralın 26-da Bakıda vəfat edib.
Səhnə və pedaqoji fəaliyyəti ilə uzun illər Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət etmiş sənətkar həm opera səhnəsinin istedadlı ifaçılarından biri, həm də gənc vokalçıların yetişməsində böyük əməyi olan bacarıqlı müəllim kimi ehtiramla xatırlanır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"