Türkiyənin Samsun şəhərində III Beynəlxalq Samsun İkiztepe Sağlamlıq Sammiti və Şimali Anadolu Sağlamlıq və Tibbi Sərgisi keçirilir. Oktyabrın 18-dək davam edəcək tədbirdə Azərbaycanın turizm nümayəndə heyəti iştirak edir.
Tədbirdə Dövlət Turizm Agentliyinin sektor müdiri Rüstəm Mehtizadə Azərbaycanın sağlamlıq turizmi potensialı və inkişaf perspektivləri barədə təqdimatlarla çıxış edib.
Dövlət Turizm Agentliyindən aldığımız məlumata görə, təqdimatlarda Naftalan neftinin sağlamlıq turizmində əhəmiyyəti, ölkənin zəngin mineral və termal su ehtiyatları, regionlarda yeni turizm məhsullarının yaradılması imkanları, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqətə çatdırılıb. Həmçinin tibbi turizmin inkişaf perspektivləri barədə məlumat verilib.
Çıxışlarda Kəlbəcər rayonunun, xüsusilə "İstisu" mineral su mənbələrinin sağlamlıq turizmi baxımından potensialı qeyd olunub. Regionun zəngin təbii resurslarının müasir sağlamlıq və istirahət xidmətləri ilə birləşdirilməsi, müvafiq infrastrukturun inkişafı və yeni turizm məhsullarının yaradılması imkanları qeyd olunub. Həmçinin Kəlbəcərdə sağlamlıq turizminin inkişafı üçün investorların cəlb edilməsi, özəl sektorun iştirakı və əlverişli investisiya mühitinin yaratdığı imkanlar vurğulanıb.
Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) sədri Ceyhun Aşurov Azərbaycanda termal turizmin potensialı, mineral və termal su ehtiyatlarının turizm məqsədilə istifadəsi, bu istiqamətdə mövcud imkanlar və inkişaf perspektivləri barədə təqdimatlar edib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Samsun valisi Orhan Tavlı ilə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə dostluq münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”