Azərbaycan müstəmləkə əsarətindəki xalqların azadlıq səsi olmağa davam edəcək
Azərbaycan ən ali kürsülərdə, beynəlxalq platformalarda neokolonializm siyasətini ifşa edir. XXI əsrdə də müstəmləkəçilik siyasəti apararaq insanların azadlıq hüquqlarını əllərindən alan Fransanın iç üzünü açır və Makron rejimi tərəfindən istismar edilərək acınacaqlı vəziyyətə düşən xalqların halını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Buna görə də müstəmləkəçilikdən əziyyət çəkən xalqların yanında olaraq onların haqq səsini dünyaya çatdıran Azərbaycanın neokolonial siyasətə qarşı aparılan mübarizənin lokomotivi rolunu oynadığını, bu missiyanın önündə getdiyini söyləsək, heç də yanılmarıq.
Bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev qəti şəkildə bəyan etdi ki, müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq.
Bu xalqlara qarşı ədalətsizlik edilir
Ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən Bakı Təşəbbüs Qrupu (BTQ) yaradılıb. Bu qrup müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə dəstək verir.
"Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür", - deyə yuxarıda sözügedən müsahibəsində dövlətimizin başçısı bildirdi: “Yenə də deyirəm, əgər bu proses müəyyən səbəblər üzündən başlamışdırsa, bu gün bu, artıq həyatımızın bir parçasıdır və xüsusilə bu ərazilərin nümayəndələri ilə görüşmək, onların dilindən problemlərini eşitmək, onların gözündə bu həsrəti, bu tükənmiş ümidləri görmək həm ağırdır, həm də ki, çox tanışdır. Çünki biz də uzun illər təxminən eyni vəziyyətdə idik".
Dövlətimizin başçısı söylədi ki, bu ədalətsizlik elə həyatımızın bir parçası idi və biz bu ədalətsizlikdən canımızı xalqımızın iradəsi ilə qurtardıq. Amma bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər. Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü təsdiqləyib. "Sən demə, Fransa sayılan bir ərazidə əhalinin 70-75 faizi yoxsulluq şəraitində yaşayır. Axı nə üçün bu, onda Fransada olmalıdır? Fransanın prezidenti oraya gəlib deyir ki, Fransa olmasa, siz 10 min dəfə daha pis yaşayarsınız. Hara daha pis yaşamaq olar? Yetmiş beş faiz yoxsulluq şəraitində, mənzil fondunun 30-40 faizi köhnəlmiş, qəzalı vəziyyətdə. Əgər bu Fransadırsa, onda "sən demə" Fransa yoxsul ölkə imiş", - deyən dövlətimizin başçısı əlavə etdi ki, yəni, sadəcə olaraq, oranı strateji bir məntəqə kimi saxlamaq, oranın təbii sərvətlərini talamaq və xalqları əzmək, assimilyasiyaya məruz qoymaq, onları öz mənliyindən, dilindən, mədəniyyətindən məhrum etmək vəhşilikdir. Bu, heç bir ölkəyə şərəf gətirmir.
"Biz birlikdə olmalıyıq ki, imperializmə qarşı mübarizə aparaq"
Müstəqillik uğrunda mübarizəyə qalxan yerli xalqların nümayəndələri bu gün Bakı Təşəbbüs Qrupu ətrafında sıx birləşiblər.
Ötən ilin noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BTQ xüsusi fəallığı ilə diqqət çəkib. XXI əsrdə də müstəmləkəçiliyi qınayan təxminən 10 tədbir təşkil edilib. Tədbirlərdə Korsika, Kanaki (Yeni Kaledoniya), Martinik, Fransız Qvianası, Qvadelupa, Boneyr, Sent-Martin və Mayotdan olan nümayəndələrin iştirakı müstəmləkəçiliyə qarşı mübarizəyə böyük töhfə verib.
Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitinin keçirilməsi isə müstəsna əhəmiyyətə malik oldu.
Ümumiyyətlə, yarandığı gündən etibarən BTQ kolonializmə aid onlarla tədbir keçirib, memorandumlar imzalanıb.
Bu il yanvarın 21-də "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" adlı konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu və "Ka Ubuntu" Müstəqillik Təşkilatı arasında anlaşma memorandumu imzalanıb. Anlaşma memorandumunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və "Ka Ubuntu" Müstəqillik Hərəkatının sədri Romen Katambara imzalayıblar.
"Ka Ubuntu" müstəqillik hərəkatının sədri R.Katambara konfransda söyləyib ki, bəzi Afrika ölkələrinin azad olması fikri yanlışdır. Çünki müstəqil ölkənin ərazisində başqa ölkələrin hərbi bazası yerləşmir və onların mədəniyyətinə təsir etmir. O deyib: "Biz birlikdə olmalıyıq ki, imperializmə qarşı mübarizə aparaq. Beynəlxalq ictimaiyyətə də öz səsimizi çatdıraq. Fransaya qarşı apardığımız mübarizə fonunda burada olmağımız çox vacibdir".
Qeyd edək ki, anlaşma memorandumu yalnız siyasi müstəvidə deyil, BTQ və "Ka Ubuntu" Müstəqillik Hərəkatı arasında təhsil və səhiyyə sahələrində də əməkdaşlığı əhatə edəcək.
Göründüyü kimi, Azərbaycan XXI əsrdə hələ də davam etdirilən neokolonializmə qarşı fəal mübarizə aparır, beynəlxalq ictimaiyyətin diqqətinin bu problemə cəlb olunması üçün ardıcıl iş həyata keçirir. Ölkəmiz dünyada müstəmləkə siyasəti bitənə qədər bu şərəfli missiyasını sürdürərək əsarətdəki xalqların azadlıq səsi olmağa davam edəcək...
Yasəmən MUSAYEVA,
"Azərbaycan"