20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Serbiyanın “Ekspres” xəbər portalında “Azərbaycanın Milli Hüzn Günü: Qara Yanvarın xatirəsi” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycan xalqının qanlı yanvar faciəsinin 35-ci ildönümünü qeyd etdiyi, 1990-cı ilin 20 yanvarında Bakıda baş verən hadisələr zamanı dinc əhaliyə qarşı tətbiq olunan hərbi gücün tarixdə silinməz iz buraxdığı vurğulanıb.
Bildirilir ki, həmin dövrdə müstəqillik və suverenlik uğrunda mübarizə geniş vüsət almışdı. Lakin bu mübarizəni boğmaq məqsədilə Sovet qoşunları yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olub. Qoşunların ağır texnikalar və döyüş sursatlarından istifadə etməsi nəticəsində 150 nəfər həyatını itirib, 744 nəfər yaralanıb, 4 nəfər isə itkin düşüb. Bu faciə Azərbaycan xalqının müstəqillik iradəsini sarsıda bilmədi.
Diqqətə çatdırılır ki, Qanlı Yanvar hadisələri milli azadlıq hərəkatında dönüş nöqtəsi kimi qiymətləndirilir. Həmin faciənin təsiri altında Azərbaycan xalqı daha da birləşərək müstəqillik yolunda irəlilədi. 1991-ci ildə ölkə müstəqilliyini elan edərkən 20 Yanvar şəhidləri xüsusi ehtiramla yad olundu.
Məqalədə qeyd edilir ki, hər il yanvarın 20-si minlərlə insan Bakının Şəhidlər xiyabanına üz tutur. Burada 20 Yanvar faciəsinin qurbanları ilə yanaşı, Azərbaycanın digər qəhrəman övladları da dəfn olunub. Xiyabanda məzarlar önünə gül dəstələri düzülür, dualar edilir və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Xəzər dənizinə açılan mənzərəsi ilə Şəhidlər xiyabanı xalqın müstəqillik iradəsinin simvolu kimi böyük əhəmiyyət daşıyır.
Bildirilir ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik və suverenlik uğrunda etdiyi qurbanların xatırlandığı mühüm bir gündür. Bu tarix həm xalqın azadlıq dəyərlərinə sadiqliyini, həm də müstəqillik yolunda qarşılaşdığı çətinlikləri bütün dünyaya nümayiş etdirib.