Həyatda həmişə belə olur. Hansısa bir cinayət əməli törədən şəxs nə qədər arxalı, nə qədər güclü olsa da, heç vaxt cəzasız qalmır. Haraya qaçsa, gec-tez həbs olunaraq məhkəmə qarşısına çıxarılır, etdiyi cinayət əməllərinə görə sorğu-suala tutulur, mühakimə olunur. Günahı əsaslı faktlarla təsdiqini tapandan sonra tökdüyü qana, etdiyi cinayət əməlinə görə layiq olduğu cəzasını alır. Deməli, bir zamanlar törədilən cinayətə görə cəzadan yaxa qurtarmaq mümkün deyil.
1988-ci ildən Ermənistanın siyasi və hərbi dəstəyi ilə Azərbaycanın əbədi-əzəli torpaqları olan Qarabağda və ətraf rayonlarda erməni separatizmi meydan sulamağa başladı. Qarabağda və Ermənistanla həmsərhəd rayonlarda silahlar gurladı, soydaşlarımızın qanı töküldü. Ermənistanın dəstəyi ilə Qarabağda qondarma "Dağlıq Qarabağ respublikası" yaradıldı. Yurdumuzun bu gözəl diyarında baş qaldıran separatçı qüvvələr həm Ermənistandan, həm də xaricdə yaşayan erməni diasporundan maliyyə dəstəyi alaraq getdikcə güclənir və silahlanırdı. Günlər ötüb arxada qaldıqca gücünü artıran separatçı qüvvələr və onlara dəstək verən xarici güclər hesabına həm Qarabağ, həm də ətraf rayonlar düşmən əlinə keçdi, torpaqlarımız işğal olundu.
30 ilə yaxın davam edən qan qoxulu bu işğala 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlanan 44 günlük Vətən müharibəsində, həmçinin 19-20 sentyabr 2023-cü ildə Qarabağda uğurla həyata keçirilən antiterror əməliyyatında düşmən üzərində qazanılan Zəfərlə son qoyuldu. Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmən məhv edildi, separatçılar diz çökdürüldü. Bununla da erməni vəhşiliyinin, erməni amansızlığının axırı gəlib çatdı. Qarabağda atəş səsləri kəsildi, döyüşlərdə qazanılan Zəfər bölgəyə sülh və əmin-amanlıq gətirdi.
19-20 sentyabr 2023-cü ildə Qarabağda uğurla həyata keçirilən antiterror tədbirlərindən sonra uzun illərdən bəri xalqımıza qarşı cinayət əməlləri törətməkdə təqsirli bilinən erməni separatçıları bir-birilərinin ardınca həbs edildilər. Bundan sonra onlara qarşı açılmış cinayət işləri üzrə obyektiv araşdırmalara başlanıldı.
Ötən illər ərzində toplanmış təkzibolunmaz sübutlar və faktlar əsasında Ermənistan silahlı qüvvələri, həmçinin qanunsuz silahlı birləşmələr tərəfindən Azərbaycan xalqına qarşı cinayətlər törətməkdə şübhəli bilinən separatçı dəstənin 15 nəfərdən ibarət üzvləri - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Roberti ədalət mühakiməsi qarşısındadırlar. Adları çəkilən bu separatçılar zaman-zaman azərbaycanlılara qarşı soyqırımında, soydaşlarımızın doğma yurdlarından qovulmasında, əmlaklarının talan edilməsində və sair cinayət əməllərində təqsirli biliniblər.
Erməni mətbuatı həmişəki kimi yenə də həyasızlıq ənənələrinə sadiq qalaraq Azərbaycan xalqına qarşı bir sıra cinayətlər törətməkdə təqsirli bilinən separatçıları "günahsız" kimi qələmə verməyə çalışır. Bu məqsədlə mətni yalan və iftiralarla dolu olan məqalələr yazırlar. Bir zamanlar Qarabağda mövcud olmuş separatçı dəstənin "rəhbər"liyinin Bakıda həbsdə saxlanılmasına min cür saxta don geyindirməyə can atırlar. Təbiidir ki, bunda da əsas məqsəd diqqəti cinayət işindən yayındırmaqdır. Bütün bunlar köhnə erməni ssenarisinin yalanlara söykənən yeni, daha eybəcər variantıdır. Biz bu variantları çox görmüşük. Erməni mətbuat işçiləri də ikiüzlü siyasət yürüdən rəhbərlərindən geri qalmırlar. Separatçıları həbsxanadan, ədalət məhkəməsinin qarşısına çıxmaqdan qurtarmaq üçün erməni jurnalistlər hər cür uydurmaya əl atırlar. Yazırlar ki, guya həbsxana şəraitində separatçıların xəstəliyi daha da ağırlaşıb. Halbuki Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin nümayəndələri mütəmadi olaraq separatçılara baş çəkir, onlarla söhbətlər aparırlar. Bu beynəlxalq təşkilatın nümayəndələri dəfələrlə bildiriblər ki, separatçılar heç vaxt nə saxlanma şəraitlərindən, nə də başqa məsələlərdən şikayət etməyiblər.
Aparılan gərgin və obyektiv istintaq araşdırmaları ötən ilin dekabrında başa çatıb. Təqsirləndirilən separatçılar törətdikləri əməllərə görə bir-bir dindiriliblər. Ermənistan silahlı qüvvələrinin, bu faşist ölkənin bilavasitə hərtərəfli dəstəyi və köməyi ilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən ölkəmizə və xalqımıza qarşı törədilmiş əməllərinə dair cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Yanvarın 21-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, təqib, işgəncə və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin olunublar. Prosesdə zərərçəkmiş qismində tanınmış 531 mindən artıq şəxsdən 350 nəfəri iştirak edib.
Məhkəmə prosesində müdafiə tərəfinin vəsatətlərinə baxılıb. Təqsirləndirilən şəxslərin əksəriyyətinin vəkilləri məhkəmədən müdafiə etdikləri şəxslərin barəsində həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər. Dövlət ittihamını müdafiə edən prokurorun qaldırılan vəsatətlərə münasibəti diqqətlə dinlənilib. Prokuror vəsatətlərlə bağlı məhkəmədən təqsirləndirilənlərin şəxsiyyətinin, onların ittiham olunduqları əməllərin ağırlığının və xarakterinin, habelə həbsin ev dustaqlığı ilə əvəz olunmasının obyektiv məhkəmə baxışının aparılmasına mane olacağını nəzərə alaraq, qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını və vəsatətin təmin olunmamasını xahiş edib. Məhkəmənin növbəti iclası yanvarın 27-də keçiriləcək və vəsatətlərlə bağlı qərarlar da həmin prosesdə elan olunacaq.
Ötən illər ərzində erməni separatçılarından hər cür zülm və işgəncə görmüş xalqımız onların ədalət məhkəməsinin qarşısına çıxarılacağı günü səbirsizliklə gözləyirdi. Qarabağda soyqırımları, insanlıq əleyhinə cinayət törətməkdə şübhəli bilinən separatçıların açıq keçirilən məhkəməsi beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Məhkəmənin gedişində insanlıq əleyhinə cinayətdə təqsirli bilinən erməni separatçılarının hansı vəhşi əməllər törətdiklərinə bütün dünya yaxından şahidlik edəcək. Uzun illərdən bəri Qarabağda məskunlaşmış erməni separatçılarının "lider"ləri Azərbaycan qanunları ilə mühakimə ediləcək və onlara qarşı qaldırılan cinayət işlərində təqsirləri sübuta yetirildikdən sonra layiqli cəzalarını alacaqlar. Bununla da haqq-ədalət öz yerini tutacaq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"