"Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri mühüm əhəmiyyətə malikdir. Səfərdə əsas məqsəd dövlətlərarası iqtisadi komissiyanın işinin davam etdirilməsi, qarşıya qoyulan məsələlərin həlli və bunlara bir daha nəzər yetirmək idi".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin komitə sədri, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev deyib. Deputat bildirib ki, səfərdə diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin İrakli Kobaxidze ilə müzakirələr aparmasıdır. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra baş nazirin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin xüsusi xarakterindən və mahiyyətindən xəbər verir. Yəni Azərbaycan Gürcüstan üçün mühüm strateji əhəmiyyətli dost dövlətdir. "Dövlət başçısı Gürcüstanda keçirilmiş seçkilərdən sonra baş nazirin ilk xarici səfərinin Azərbaycana olduğunu vurğuladı, bunun Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verdiyini qeyd edərək, İrakli Kobaxidzeyə fəaliyyətində uğurlar arzuladı. Cənab Kobaxidzenin Prezident İlham Əliyevin Cənubi Qafqazda fərqli, nümunəvi lider olması ilə bağlı dediyi fikirlər dövlətimizin başçısının apardığı uğurlu daxili və xarici siyasətdən xəbər verir. Görüşdə, həmçinin Cənubi Qafqazda sülhün, təhlükəsizliyin bərqərar olunması, milli ləyaqətin, tarixi irsin qorunması ilə bağlı məsələlər də müzakirə olundu", - deyə o əlavə edib.
Komitə sədri qeyd edib ki, Azəbaycan və Gürcüstan arasında parlamentlərarası münasibətin yüksək səviyyəsi, hakimiyyət orqanları arasındakı əməkdaşlıq əlaqələrin inkişafının müsbət dinamikasından xəbər verir. Gürcüstan bu gün öz milli dəyərlərini qoruyub saxlayıb və bu istiqamətdə ciddi addımlar ataraq müstəqilliyini qoruyub. Bir daha göstərib ki, Qərbdən asılı olmayan dövlət yaratmaq prioritetdir.
Azərbaycan və Gürcüstan münasibətlərinin köklərinin Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin münasibətlərinə bağlandığını xatırladan A.Nağıyev bildirib ki, vaxtilə bu liderlərin qoyduğu ənənə və münasibətlər bu gün də uğurla davam etdirilir. A.Nağıyev bildirib ki, Azərbaycan Prezidenti ilə Gürcüstanın baş naziri həm təkbətək, həm də geniş tərkibdə görüşdə bir sıra vacib məsələləri müzakirə ediblər. Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı, təhlükəsizlik, siyasi, iqtisadi, regional, hərbi təlimlərin keçirilməsi ilə bağlı məsələlər gündəlikdə olub.
Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın müsbət istiqamətdə inkişaf etdiyini deyən deputat vurğulayıb ki, hökumətlərarası və parlamentlərarası əməkdaşlıq tərəfdaşlığın inkişafına töhfə verir: "Beynəlxalq və regional formatda ölkələrimiz bir-birinin legitim maraqlarına hörmətlə yanaşır. Xalqlar arasındakı mehriban qonşuluq, dostluq, eyni zamanda iki ölkə arasında uğurlu siyasi əlaqələr və digər sahələrdəki əməkdaşlıqlar Azərbaycanın etibarlı, əhəmiyyətli tərəfdaş olduğunu bir daha göstərir".
"Azərbaycan"