Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə əlaqələr inkişaf edir
Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar. Bu dostluq və qonşuluq ənənələri hazırda da davam edərək ölkələr arasında bütün istiqamətlər üzrə uğurla inkişaf edir".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. O bildirib ki, ölkələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş nailiyyətlərin əsasını təşkil edir. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Uğurlu iqtisadi siyasət və sərmayələrin cəlb edilməsi, həmçinin Azərbaycan investorlarını da Gürcüstana sərmayələr qoymağa həvəsləndirib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfər etməsinə toxunan deputat qeyd edib ki, bu səfərin həm Gürcüstan, həm də Azərbaycan üçün xüsusi əhəmiyyəti var: "İki ölkə arasında enerji sahəsində mövcud olan əməkdaşlığı xüsusi vurğulamaq lazımdır. Birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir və ildən-ilə bu ixracı daha da artırır. Gürcüstanın özünün istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə Azərbaycanın qaz ixrac coğrafiyası daha da genişlənəcək".
P.Vəliyeva deyib ki, ölkələrimiz Orta dəhliz layihəsində də yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bu layihə də böyük coğrafiyanı əhatə edir və yenə də Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır. Həm Gürcüstanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturunun genişləndirilməsi və rəqəmsallaşdırılması layihələri icra edilir ki, bunun da uğurlu nəticələri yaxın gələcəkdə özünü göstərəcək. Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr həm ikitərəfli əməkdaşlığın inkişafına xidmət edir, həm də qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, "Cənub qaz dəhlizi" kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.
Siyasətçi bildirib ki, Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri təkcə ölkələrin iqtisadi deyil, həmçinin hökumətlərarası siyası əlaqələrin də inkişafında özünü göstərir: "Belə ki, ölkələrimizin ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər. Prezident İlham Əliyev 2015-ci ildən bu günə kimi Gürcüstana 1 dövlət, 1 rəsmi, 9 işgüzar səfər edib, həmçinin Gürcüstanın dövlət rəhbərləri ölkəmizə bir neçə dəfə səfərlər edib. Bu cür rəsmi və işgüzar görüşlər dövlətlərin baş nazirləri və xarici işlər nazirlikləri səviyyəsində də həyata keçirilib. İki ölkə rəsmiləri arasında baş tutan səfərlər və görüşlərin nəticəsində ümumilikdə 123 sənəd imzalanıb".
Deputat vurğulayıb ki, bu əlaqələr Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq, qonşuluq, habelə, siyasi, iqtisadi və digər münasibətlərin hər zaman mövcud olduğunu ehtiva edir. Bu əlaqələr getdikcə möhkəmlənəcək və başqa sahələrdə də özünü göstərəcək.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"