Molla rejimi Naxçıvana hücuma görə peşman olacaq
Beynəlxalq münasibətlərdə mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri dövlətlərarası sabitliyin təməl sütunları hesab olunur. Lakin regionun geosiyasi mənzərəsinə nəzər saldıqda, bəzi dövlətlərin illərdir "səmimiyyət" maskası altında gizlətdiyi düşmənçilik xislətinin vaxtaşırı üzə çıxmasının şahidi oluruq. Martın 5-də Naxçıvan Muxtar Respublikasının mülki infrastrukturuna qarşı törədilən dron hücumları İranın onilliklərdir yürütdüyü riyakar siyasətinin, "islam həmrəyliyi" şüarları arxasında gizlətdiyi nankorluğun ən bariz və qanlı nümunəsidir.
5 mart tarixində günorta radələrində Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. Bir ədəd dron muxtar respublikanın hava limanının terminal binasına, digər dron isə Şəkər-abad kəndində məktəb binasının yaxınlığına düşüb. Azərbaycan Xarici İşlər Nazirliyi dərhal bəyanat yayaraq Hava Limanının binasına zərər dəyməsi və bir neçə mülki şəxsin xəsarət alması ilə nəticələnən dron hücumlarını qətiyyətlə pisləyib. XİN-nin bəyanatında vurğulanıb ki, Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir: "İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik". Qeyd olunub ki, Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Azərbaycan dövlət müstəqilliyini qazandığı gündən beynəlxalq hüququn prinsiplərinə və mehriban qonşuluq münasibətlərinə sadiq qalıb. ABŞ və İsrailin İrana birgə hərbi müdaxiləsindən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçıya zəng edərək, ölkə ərazisindən heç bir qonşu və dost dövlətə, o cümlədən İrana qarşı istifadə edilməyəcəyi ilə bağlı Prezident İlham Əliyevin fikirlərini bir daha xatırladıb. İran səfirinin mətbuat konfransı keçirərək ölkəsinin mövqeyini ifadə etməsinə şərait yaradılıb.
Dövlətimizin mənəvi üstünlüyü böhran anlarında da özünü aydın büruzə verib. İranın ali rəhbərinin vəfatı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin ilk olaraq başsağlığı verməsi, ardınca səfirliyi ziyarət etməsi və İrana humanitar yardım planlaşdırılması dövlətimizin ali humanist dəyərlərinin göstəricisidir. Azərbaycan İranla sərhəd-keçid məntəqəsindən keçidi təmin edərək, həm İrandakı yüzlərlə xarici ölkə vətəndaşının təxliyəsinə, həm də İran vətəndaşının öz ölkələrinə keçidinə şərait yaradıb.
Ümumiyyətlə, Azərbaycan ərazisi heç vaxt İran və digər qonşu dövlətlər üçün plasdarm və ya təhdid mənbəyi olmayıb. Rəsmi Bakı ən gərgin geosiyasi şəraitdə belə balanslaşdırılmış siyasət yürüdərək, öz torpaqlarından üçüncü tərəflərin İrana qarşı istifadə etməsinə icazə verməyib. Bu, Azərbaycanın dövlət ləyaqətinin və verdiyi sözə sadiqliyinin sübutudur. Bütün bunlara baxmayaraq, molla rejimi Naxçıvan Muxtar Respublikasını da hədəfləri sırasına daxil edib. Bu, İrandakı rejimin iç üzünü, mahiyyətini, düşmənçilik xislətini və nankorluğunu bir daha ortaya qoyur. Molla rejiminin Azərbaycanın nəcib addımlarına eyni səmimiyyətlə deyil, Naxçıvandakı mülki infrastrukturu hədəf almaqla cavab verməsi İranın dağıdıcı, heç bir "qırmızı xətt" tanımayan, qonşuluq, dostluq siyasətindən anlamayan xislətdə olmasından xəbər verir. Rejimin addımları onun dostluq və xeyirxahlığı anlamamaqla yanaşı, beynəlxalq hüquqa və ölkələrin suverenliyinə hörmət etmədiyini də göstərir. Həmçinin rəsmi Tehran bu addımı ilə illərdir apardığı "islam həmrəyliyi" və "qonşuluq" ritorikasının arxasında gizlənən düşmənçilik niyyətlərini növbəti dəfə ifşa edir.
Naxçıvan Muxtar Respublikasında hava limanının və digər mülki təyinatlı obyektlərin dron zərbələrinə məruz qalması, beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bu addım sadəcə hərbi təxribat deyil, birbaşa mülki əhalini hədəf aldığına görə terror aktı kimi tövsif olunmalıdır. Hərbi baxımdan strateji hədəfləri vurmağa qüdrəti çatmayan, Azərbaycanın müasir hava hücumundan müdafiə sistemləri qarşısında aciz qalan molla rejimi, öz qorxaqlığını günahsız insanları hədəf seçməklə gizlətməyə çalışır. Mülki infrastrukturun hədəf alınması İranın "regional liderlik" iddialarının nə dərəcədə saxta olduğunu və rejimin dövlət deyil, bir terror şəbəkəsi məntiqi ilə idarə olunduğunu sübut edir. Bu hücumlar Tehranın bölgədə sülh və sabitlikdə maraqlı olmadığını, əksinə, xaos yaradaraq diqqəti öz daxili böhranlarından yayındırmaq istədiyini göstərir.
Tarix sübut edib ki, Azərbaycan xalqının iradəsinə, dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə qarşı xəyanət yolu seçənlər daim ağır məğlubiyyətlə üzləşiblər. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri regionun ən müasir və döyüşkən ordusu kimi istənilən xarici təhdidi məhv etməyə qadirdir. İran tərəfindən atılan bu qorxaq və nankor addım da cavabsız qalmayacaq. Rəsmi Bakı həm diplomatik, həm də hərbi müstəvidə lazımi addımları atmaq hüququnu özündə saxlayır. Beynəlxalq birlik qarşısında "din qardaşlığı" maskası geyinən, lakin pərdəarxasında terroru dəstəkləyən bu riyakar siyasət artıq iflasa uğrayıb. Tehran öz səbatsız hərəkətlərinin bədəlini ödəyəcək. Bu təxribatın müəllifləri tarixin arxivinə nankor qonşu kimi düşəcək və etdikləri hər bir əmələ görə dərin peşmanlıq keçirəcəklər.
İsmayıl QOCAYEV,
"Azərbaycan"