Son illər respublikamızın bölgələrində müasir hotel və müalicə-sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azəbaycanin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, əcnəbi turistlərin ölkəmizə marağını da artırmışdır.
Bu baxımdan Naftalanda görülən işlər, istifadəyə verilən yeni sağlamlıq kompleksləri həm yerli, həm də xarici turistlərin burada dincəlib müalicə olunmalarına geniş imkanlar açır. Pandemiyanın hökm sürdüyü bir zamanda insanların böyük ümidlə bura gəlməsi onu göstərir ki, Naftalan nefti həqiqətən möcüzələr yaradır.
Qeyd edək ki, son illər şəhərdə sağlamlıq mərkəzlərinin sayı durmadan artıb. Elə bu günlər daha bir müalicə-sağlamlıq mərkəzinin - “Park Naftalan” kompleksinin istifadəyə verilməsi möcüzəli naftalanla şəfa tapmaq istəyənlərə yeni imkanlar açmışdır.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun, Milli Məclisin deputatı Müşfiq Cəfərovun, Azərbaycan Hotellər Assosiasiyasının icraçı direktoru Günay Sağlamın, Dövlət Turizm Agentliyi Gəncə Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramovun, kompleksin direktoru Hatəm Qocayevin və başqalarının iştirakı ilə keçirilən açılış mərasimində çıxış edənlər “Park Naftalan”ın kollektivini təbrik edərək diqqətə çatdırmışlar ki, Azərbaycanda sahibkarlar üçün yaradılan şərait, həmçinin ölkədəki iqtisadi-sosial sabitlik regionlarda da investorların böyük həcmdə investisiya yatırmalarına zəmin yaradıb. Bunun sayəsində Naftalan şəhəri gündən-günə inkişaf edərək beynəlxalq turizm mərkəzinə çevrilib. Bu cür müasir müalicə mərkəzinin istifadəyə verilməsi ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, şəhərin sosial-iqtisadi inkişafında da mühüm əhəmiyyət kəsb edəcək.
Təxminən 1 hektar sahəsi olan kompleksin tikintisinə 2018-ci ildə başlanılıb və görülən işlər nəticəsində orijinal memarlıq üslubunda gözəl istirahət məkanı yaradılıb. Mərkəz 6 mərtəbəli 2 binadan və 114 otaqdan ibarətdir. Müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş “Park Naftalan”da gündəlik 240 turist gecələyə biləcək. Mərkəzi digərlərindən fərqləndirən xidmətlərdən biri də sualtı dartma müalicəvi hovuzunun olmasıdır ki, bu da “Park-Naftalan”a gələn xəstələrin daha keyfiyyətli müalicə almalarına şərait yaradacaq.
Sabir ƏLİYEV,
“Azərbaycan”