Ömrü yarımçıq qalmış, cəmi 20 il yaşamış bir gəncin - ürəyi sevgi və Vətən eşqi ilə döyünən şəhidin hekayəsidir bu. Arzusu musiqiçi olmaq idi. Yaşının azlığına baxmayaraq, arzularını, xəyallarını sözlə deyil, musiqi ilə ifadə edirdi. Barmaqları qarmonun şirmayı dilləri üzərində gəzişdikcə sanki ürəyinin səsini dinlədir, arzularının nəğməsini çalırdı. Qarmonun yanğılı, həzin səsi onu uzaqlara - düşmən işğalı altında olan Qarabağa aparırdı. Fərid xəyalən o torpaqlarda gəzdikcə musiqinin ahəngi də dəyişərək döyüş marşına, cəngiyə, heyratıya çevrilirdi.
Ömründə bir dəfə də olsun Qarabağı - Ağdamı, Füzulini, Şuşanı, Kəlbəcəri görməsə də, ruhən o yerlərə gedir, xəyalən həmin torpaqlarda dolaşır, ürəyində o yurdların həsrətini yaşayırdı. Ondan soruşanda ki, ən böyük arzun nədir, tərəddüdsüz deyirdi: "Qarabağı azad görmək".
27 sentyabr 2020-ci il… Düşmən yeni əraziləri işğal etmək niyyəti ilə hücuma keçəndə ön cərgədə onu qarşılayanlardan biri də Fərid oldu. O gün qəhrəman döyüşçü üzünü döyüş yoldaşlarına tutaraq demişdi: "Bu gün - Azərbaycan tarixinə torpaqlarımızın azadlığı uğrunda mübarizənin başladığı gün kimi yazılacaq. Bizim də adımız ana yurdumuzun xilaskarları kimi tarixə düşəcək". Fərid bilirdi ki, müharibəyə gedən döyüşçünün yolu əbədiyyət yoludur. Bu yolda can vermək də var. Amma onun üçün bir həqiqət daha uca idi. Təki Vətən sağ olsun!
Fərid Mehman oğlu Məmmədzadə 2000-ci il avqustun 20-də Ağdaşda dünyaya gəlmişdi. Ailənin ilk övladı idi. Fərid Teymur İsmayılov adına 8 saylı məktəbi bitirdikdən sonra təhsilini məcburi köçkün həyatı yaşayan Şuşa Musiqi Kollecində qarmon üzrə davam etdirmişdi.
Fərid 2019-cu il iyulun 5-də Vətənə xidmət etmək üçün yola düşəndə hələ sakitlik idi. O zaman valideynlərinə "oğlunuz bu torpağa bir qəhrəman kimi dönəcək", - demişdi.
Sentyabrın 27-si artıq musiqi susmuşdu. Qarmonun səsini avtomat silahlardan gələn səs, gurultu əvəz edirdi. Fərid anlayırdı ki, bu səslər torpaqlarımız azad olunmayınca susmayacaq. Oğullarımız "İrəli, Azərbaycan əsgəri" deyib hayqırırdılar. Mərmi gurultusuna qarışan bu səslər Vətən harayı idi. Səngər boyu irəliləyən gənc döyüşçü indi tarix yazırdı. Düşmənin hücumunun qarşısında ürəyi qisas hissi ilə alovlanan qəhrəman Fəridlərin iradəsi dayanmışdı. Oğullarımız yalnız irəliyə can atırdılar. İrəlidə isə illərdir onları gözləyən Vətən vardı.
Döyüş qızışdıqca Fərid illərlə içində saxladığı həsrəti nifrətə çevirmişdi. Hər addımında Qarabağın işğal altında qalan şəhərləri gözlərinin önündən keçdi. Ağdamın viran qalan evləri, Füzulinin səssiz küçələri, Şuşanın yaralı qayaları onu döyüşə səsləyirdi. O, təkcə düşmənlə vuruşmurdu, illərdir yurdumuzu yağmalayan ədalətsizliyə meydan oxuyurdu. Mərmilər başının üstündən yağış kimi yağırdı. Ayağının altında torpaq titrəyir, havadan barıt qoxusu gəlirdi. Güllə səsləri sanki döyüş meydanında ritm yaradırdı. Fərid bu ritmi tanıyırdı. Bu, onun bir vaxtlar qarmonda ifa etdiyi döyüş marşlarının ritmi idi.
Oktyabrın 4-ü Füzuli ərazisində qanlı döyüş gedirdi. Fərid komandirlərindən yeni döyüş tapşırığı almışdı. Bir anlıq səngərdə sükut yarandı. Sonra yenidən hücum… Fərid irəli atıldı. Gözlərində qorxu yox idi, çünki o, bu yolun dönüşü olmadığını bilirdi. Bilirdi ki, bu savaşda qalib gələn yalnız silah deyil, ruhdur. Və Fəridin ruhu düşməndən qat-qat güclü idi. O, bu döyüşə yaşamaq üçün yox, yaşatmaq üçün gəlmişdi. Bu torpaqlar azad olsun deyə, arzular yarımçıq qala bilərdi. Amma xalqın sabahı yarımçıq qalmamalı idi… Belə də oldu. Düşmən gülləsi ürəyi arzularla, Vətən sevgisi ilə dolu bir ürəyi susdurdu. Fərid ən uca şəhidlik məqamına yüksəldi.
Şəhid Fərid Məmmədzadə yarımçıq qalan ömrünü bütöv bir Vətən tarixinə çevirdi. O, silahı ilə torpağı, ruhu ilə xalqın qürurunu qorudu. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Kəlbəcərin azad edilməsinə görə" medalları ilə təltif olunan Fərid təkcə döyüş meydanında deyil, xalqın yaddaşında da əbədiləşdi. O, heç vaxt görmədiyi Qarabağı azad etdi, ömründə ayaq basmadığı torpaqlara canı ilə möhür vurub, qanı ilə qəhrəmanlıq tarixi yazdı. Qarmonu susdu, amma Vətən üçün çaldığı son qəhrəmanlıq marşı Azərbaycan tarixində əbədi olaraq səslənəcək. Bu gün aramızda olmasa da, bütün şəhidlər kimi Qarabağın hər daşında nəfəsi, Şərqi Zəngəzurun açıq səmasında ruhu var.
Elşən QƏNİYEV,
"Azərbaycan"