31 Yanvar 2026 08:20
1614
CƏMİYYƏT
A- A+
Zəfərin yadigarı

Zəfərin yadigarı


Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin qızı: "Mənim üçün Vətən sevgisi atamın ömür yolunda, onun dəyərlərində yaşayır"


Qarabağın bir-birini əvəz edən əsrarəngiz təbiət mənzərələrini Zəfər yolu ilə irəliləyən avtomobilin pəncərəsindən seyr edən gənc qız o an elə hiss edirdi ki, sanki atasının ruhu da onunla birlikdə Şuşaya gedir... Uc-bucaqsız, gül-çiçəkli çəmənlərə, zümrüd donlu meşələrə, qardan bəyaz çalmalı dağlara, kükrəyə-kükrəyə axan çaylara baxa-baxa düşünürdü ki, bu yerlərin hər daşına, qayasına, ağacına, otuna, gülünə, suyuna atasının həniri hopub və bu doğmalıqdan duyduğu qürur və qəhərqarışıq hisslərlə xəyalən atasının əlindən tutub xatirələr cığırı ilə uşaqlıq dünyasına üz tuturdu... Lap yaxından atasının, "Nigar, sən böyüyəndə artıq torpaqlarımız azad olacaq. İnşallah bir yerdə Şuşaya gedəcəyik, Qarabağımızın necə gözəl olduğunu sən də görəcəksən...", -  deyən səsi gəlirdi qulağına... 

Təbəssüm qonan dodaqları sevinclə pıçıldayırdı: "Ruhun şad olsun, ata, sənin və qəhrəman Azərbaycan döyüşçülərinin sayəsində torpaqlarımız artıq azaddır. İllər əvvəl arzuladığın kimi, bu gün mən gənc Azərbaycan vətəndaşı olaraq Qarabağımızı, Şuşanı fəxarətlə ziyarət edirəm. Təkcə bir fərq var ki, sən yanımda yoxsan. Amma qürurun, şanlı adın, ruhun hər zaman mənimlədir. Sən hər zaman məni vətəninə bağlı, cəmiyyət üçün faydalı, müstəqil düşüncəli və güclü bir şəxsiyyət kimi görmək istəyirdin. İndi var gücümlə çalışıram ki, məni görmək istədiyin bu zirvəyə çatım, vətənimə, xalqıma layiq  gənc olum".  


Gələcəyə inamla


Bəli, İkinci Qarabağ savaşında əldə edilən parlaq Qələbə Azərbaycan gəncliyinə yeni bir kimlik, qalib xalqın gəncliyi olmaq kimliyi qazandırıb. 

Bu gün Azərbaycan gəncliyi gələcəyin qurucusu olmaqla yanaşı, qəhrəmanlıq və vətənpərvərlik ruhunun daşıyıcısıdır. Bu gənclik tarixi Qarabağ Zəfərinin, şəhidlərin qanı ilə yazılmış müstəqilliyin, azadlığın məsuliyyətini də çiyinlərində daşıyır və Azərbaycanın sabahlarının parlaq olması üçün elmə, biliyə, milli şüura dayanan  fəaliyyət həyata keçirir. 

Bu gənclərin arasında şəhidlərin yadigarları, qəhrəman övladları ayrıca yer tutur. Onların taleyi təkcə şəxsi həyat hekayəsi deyil, bütöv bir xalqın yaddaşı, qüruru və gələcəyə inamıdır. Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva da bu nəsli təmsil edən vətənpərvər və işıqlı gənclərdəndir.

18 yaşlı Nigarın həyatı, arzuları və düşüncələri bir tərəfdən ata xatirəsi ilə, digər tərəfdən isə gələcəyə inam və ümidlə yoğrulub. 2 Fevral Gənclər Günü ərəfəsində şəhid qəhrəmanın övladı ilə söhbət edərək, həm gənclərin düşüncələrini, həm də şəhid ailəsinin övladının vətən və həyat haqqında baxışlarını öyrənməyə çalışdıq.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin birinci kursunda oxuyan Nigar Əliyeva söylədi ki, Gənclər Günü onun üçün sadəcə təqvim bayramı deyil. O, bu günü gənclərin ideyalarının, potensialının və gələcəyə inamının cəmiyyət tərəfindən dəyərləndirildiyi xüsusi bir gün kimi görür: "Düşünürəm ki, bugünkü Azərbaycan gənclərinin əsas vəzifəsi savadlı olmaq, vətəni sevmək, milli-mənəvi dəyərləri qorumaq və ölkənin inkişafına töhfə verməkdir. Gənclər yalnız tariximizi bilməməli, həm də gələcəyimizi quracaq gücə çevrilməlidirlər. Gənclər Günü həmçinin gənclərin diqqət mərkəzində olduğunu, onların motivasiyasının və gələcəyə inamının önəmli olduğunu göstərir. Arzum odur ki, hər bir gənc məqsədlərinə çatmaq üçün əlindən gələni etsin. Çünki savadlı və vətənpərvər gənclik Azərbaycanın gələcək uğurlarının əsas təminatıdır".

Gənc tələbə gələcəkdə xaricdə hüquq üzrə magistr təhsili almaq arzusundadır. O, atasının hərbçi yolunu müqəddəs hesab etsə də, öz sahəsində - tarix və hüquq istiqamətində Vətəninə xidmət etmək istəyir: "Bu sahə uşaqlıqdan məni özünə cəlb edir. Bəlkə elə oxuduğum kitabların, baxdığım filmlərin əksəriyyətinin də bu sahə ilə bağlı olması bununla əlaqədardır. Məqsədim hüquqi və ictimai sahədə çalışaraq Azərbaycanın inkişafına töhfə vermək, ölkəmizin hüquqi dövlət quruculuğuna dəstək olmaqdır. Dərslərimlə yanaşı, ictimai fəaliyyətlə də fəal məşğul olmağa çalışıram. "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə müxtəlif xarici ölkələrdə, eləcə də Azərbaycanda düşərgələrdə, yarışlarda iştirak etmişəm. Ölkəmizdə könüllülük hərəkatı geniş vüsət alıb və uğurla davam edir. Planlarım arasında könüllülük fəaliyyəti ilə məşğul olmaq da var". 


Vətən sevgisi


 "Gənclər vətəni sevməli, onun dəyərlərini qorumalı və bu sevgini gələcək nəsillərə ötürməlidirlər. Vətən sevgisi yalnız sözlə deyil, əməl, məsuliyyət və xidmətlə ölçülür", söyləyən Nigar Əliyevanın düşüncəsində vətən sevgisi ata obrazı ilə birləşir. Buna görə də deyir: "Vətən sevgisini mən atamın duruşunda, sözündə və həyat yolunda görmüşəm. Mənim üçün Vətən sevgisi atamın ömür yolunda, onun dəyərlərində yaşayır".

O, atası, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevi yalnız ata kimi deyil, vətən sevgisinin canlı simvolu kimi xatırlayır: "Atamla bağlı xatirələrim çoxdur. Qardaşımla və mənimlə birlikdə oyunlar oynaması, əlləri ilə bizi yedizdirməsi, işi ilə əlaqədar vaxtının az olmasına, yorğunluğuna baxmayaraq, dərslərimizlə mütəmadi maraqlanması, bizi gəzməyə aparması... 

Atam mənim də, qardaşım Əlinin də dünyagörüşlü, savadlı və müasir düşüncəli yetişməyimizi istəyirdi. Yadımdadır, o həmişə deyirdi ki, Nigar, çalış əcnəbi dilləri mükəmməl öyrən ki, xarici ölkələrə səfərə gedəndə çətinlik çəkməyək. İndi atamın bu arzusunu anamla, qardaşımla birgə həyata keçiririk.  

Çalışıram atamın vaxtilə mənə verdiyi tövsiyələri bir-bir yerinə yetirim. O mənim tələbə olduğum günü də çox görmək istəyirdi... Buna görə də tələbə adını qazananda məndə sevinc hissi ilə bərabər kədər də var idi..." 

Nigar deyir ki, atası Anar Əliyevin ona verdiyi ən böyük həyat dərsi dürüstlük, məsuliyyət və şəxsiyyət kimi formalaşmaq olub: "Atam hər zaman insanın yalnız peşəkar deyil, mənəvi cəhətdən də güclü olmasının vacibliyini deyirdi. O bizi vətəninə bağlı, cəmiyyət üçün faydalı, müstəqil düşüncəli və güclü bir şəxsiyyət kimi yetişdirirdi". 

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin qəhrəmanlığı Nigar Əliyeva üçün tükənməz motivasiya mənbəyidir: "Atamın adını daşımaq şərəf olmaqla yanaşı, böyük məsuliyyətdir. Bilirsiniz, şəhid övladı olmaq həm ağır, həm də qürurverici bir qismətdir.  Təbii ki, ata itkisi insanın həyatında ağrı-acılı silinməz iz buraxır və bu ağrı ömrün boyu səninlə birlikdə qalır. Lakin eyni zamanda şəhid övladı olmağın verdiyi qürur hissi bu ağrını gücə çevirir. Çətin anlarda atamın adına layiq olmağı düşünməyim mənə güc verir, arzularımdan vaz keçməmək üçün motivasiya yaradır".


"Qarabağın çiçəklənməsi hər bir azərbaycanlı üçün qürur mənbəyidir"


Qarabağa - Şuşaya, Xankəndiyə səfərlər Nigar Əliyevanın yaddaşında xüsusi emosional iz buraxıb. İlk dəfə 2022-ci ildə Zəfər yolu ilə Şuşaya getmək onun üçün həm hüznlü, həm də fəxredici olub. Sıralarında Vətən Müharibəsi Qəhrəmanı, şəhid Anar Əliyevin də olduğu igid Azərbaycan oğullarının açdığı Zəfər yolu ilə irəliləmək gənc qızın ata xatirəsini daha dərindən hiss etməsinə, hüznə boğulmasına səbəb olub. "Ancaq Qarabağın gözəlliyini, burada dövlətimizin başlatdığı genişmiqyaslı quruculuğu görəndə sanki daxili bir rahatlıq duydum. Ötən il yenidən Şuşa və Xankəndiyə səfər edəndə isə qısa müddətdə bu torpaqlarda baş verən böyük dəyişikliklərin, quruculuq və bərpa işlərinin şahidi oldum. İndi burada həyat qaynayırdı, yurdlarına geri dönən insanlar öz evlərində bizi salamlayırdılar... Bütün bunlar xoşbəxtliyin özü deməkdir. Qarabağın gündən-günə çiçəklənməsi hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu qüruru və sevinci əbədi etmək isə biz gənclərin üzərinə düşən böyük məsuliyyətdir. Hər birimiz öz sahəmizdə peşəkar kadr kimi yetişərək ölkəmizin inkişafına töhfə verməliyik", - deyir Nigar. 

Bu gün bütöv Azərbaycanın səmasında dalğalanan üçrəngli, ay-ulduzlu bayraq təkcə dövlət rəmzi deyil, həm də minlərlə şəhidimizin canı bahasına qorunan müstəqilliyin, azadlığın və gələcəyə inamın rəmzidir. 44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanlarımızın ən böyük mirası isə həm işğaldan azad edilmiş torpaqlar, həm də  onların yadigar qoyduqları yeni nəsildir. Şəhid övladları, vətənpərvər gənclər, müstəqil Azərbaycanın sabahını quracaq güclü və məsuliyyətli vətəndaşlardır.

Bu nəsli təmsil edən Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyevanın düşüncələri, arzuları və həyat yolu ümumilikdə Azərbaycan gəncliyinin ruhunu, məsuliyyətini və vətən sevgisini əks etdirir. 

2 Fevral Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini ürəkdən təbrik edir, onlara güclü iradə, böyük uğurlar və parlaq gələcək arzulayırıq. Çünki gənclərimizin hər bir nailiyyəti Azərbaycanın gələcəyinə işıq  saçır.


Yasəmən QƏNAƏTQIZI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!