Ölkəmizdə aqrar sektora verilən dövlət dəstəyi sayəsində kənd təsərrüfatı məhsullarının bolluğu yaranır, ixrac imkanları artır. Bununla yanaşı, kəndlinin məşğulluğu təmin olunur və gəlirləri çoxalır.
Şabranda da aqrar sahənin inkişaf tempi davam edir. Keçən il rayon üzrə 14670,3 hektar taxıl sahəsindən 42707,1 ton məhsul tədarük edilmiş, orta məhsuldarlıq 29,1, o cümlədən buğda üzrə 29,7, arpa üzrə 28,4 sentner olmuşdur.
Şabranda ümumi əkinlərin 18,9 faizi çoxillikdir. Ötən il 127 hektar sahədə yeni bağlar salınmışdır. Bunun 118,6 hektarı intensiv, 4,8 hektarı superintensiv, 3,6 hektarı ənənəvi üsulla salınmış bağlardır. İntensiv və superintensiv meyvə bağlarının sahəsi cəmi meyvə bağlarının 41 faizini təşkil etmişdir. İntensiv bağların sahəsinin artması hesabına meyvə bağlarının məhsuldarlığı da yüksəlmişdir.
Rayon üzrə çoxillik bitkilərin əkin sahəsi 4107 hektardır. Bu bağlarda alma, armud, heyva, şaftalı, ərik, gilas, albalı və digər meyvələr yetişdirilir. Şabranda badam, fındıq, nar və xurma kimi meyvələr məhsuldarlığı ilə seçilir. Bu meyvələrin bəziləri son bir neçə ildə salınan bağların məhsullarıdır.
Şabranlılar yetişdirdikləri məhsulları ziyanvericilərdən və xəstəliklərdən ciddi qoruyurlar. 2025-ci ildə 3692,5 hektar meyvə bağında müşahidələr aparılmışdır. 476,2 hektarda əsas zərərvericilər, 15,5 hektarda qəhvəyi mərmər bağacığı, 8,3 hektarda isə sirayətlənmə müşahidə olunmuş və onlara qarşı müvafiq mübarizə tədbirləri həyata keçirilmişdir.
Heyvandarlıq sahəsindəki vəziyyətə gəldikdə, rayon üzrə 23,9 min baş qaramal, 50 min baş qoyun və keçi qeydə alınıb. Şabranda maldarlığın inkişafında qaramalın cins tərkibinin yaxşılaşdırılması yolu ilə məhsuldarlığın yüksəldilməsi əsas istiqamət kimi götürülüb. Ötən il 504 baş qaramalda süni mayalanma aparılmışdır ki, bu da əvvəlki ilə nisbətən 160 baş artım deməkdir.
Rayon ərazisində yerləşən istixanaların, gübrə satış məntəqələrinin, tingçiliklə məşğul olan fermerlərin siyahısı dəqiqləşdirilmişdir. Bu yerdə qeyd edək ki, Şabranda mövcud olan 12 istixanadan yalnız 7-si fəaliyyət göstərir. Bundan əlavə, rayon ərazisində 3 soyuducu anbar var. Bu, fermerlərin bağlardan topladıqları məhsulların uzun müddət saxlanılmasına bəs edir.
Ötən il kənd təsərrüfatına göstərilən dövlət dəstəyi tədbirləri davam etmişdir. Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 2690 istehsalçıya 10275,6 hektar əkin sahəsinin becərilməsi üçün təxminən 2,4 milyon manat subsidiya ödənilmişdir.
Bütün bu və digər səbəblər hər bir şabranlının güzəranına, ailəsinin dolanışığına təsir edən amillərdir. Bu gün Şabran kəndlisi torpağı çörək təknəsinə çevirib. Dövlətinə arxalanan kəndli əkin-biçindən əlini soyutmur, çətinliyə düşəndə ona güvənir. Rayonda fəaliyyət göstərən fermer təsərrüfatları dövlətdən aldığı subsidiyalar və lizinqlərlə təsərrüfatlarını inkişaf etdirir, qazanclarını artırırlar. Bu isə kəndlinin büdcəsi deməkdir. Necə deyərlər, torpaq çəkilən zəhməti birə beş qaytarır.
Akif ƏLİYEV,
"Azərbaycan"