Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında yaradılmış Şuranın növbəti iclası keçirilib. İclasda bir sıra məsələlərlə, o cümlədən qışa hazırlıqla bağlı hasabatlar dinlənilib və müzakirələr aparılıb. İclası şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov açaraq müzakirə olunacaq məsələlər barədə məlumat verib.
Şəhər təsərrüfatlarının, idarə, müəssisə və təşkilatların 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlığı vəziyyəti haqqında isə ŞİH başçısının birinci müavini Məhluqə Cavadova çıxış edib. Şəhərdə fəaliyyət göstərən elektroenergetika, sənaye və kommunal təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində və digər qurumlarda qışa hazırlıqla bağlı görülən işlər, nöqsan və çətinliklər, qarşıda duran vəzifələrlə bağlı məlumat verilib. ŞİH-in tədbirlər planına əsasən görülən işlərdən də bəhs olunub.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi Ramis Hüseynov, Mənzil Kommunal Təsərrüfatı Müəssisəsinin baş mühəndisi Röyal Rəhimov, İşıqlanma İdarəsinin rəisi Azəri İsmayılov, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Tahir Abdullayev, “Liftlərin Quraşdırılması, Təmiri və Xidməti İdarəsi” MMC-nin rəisi Mehman Əlizadə, Sukanal İdarəsinin rəisi Elmar Əhmədov qışa hazırlıqla əlaqədar görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.
İclasda payız-qış mövsümünə hazırlıq məsələlərinə ciddi yanaşmağı tövsiyə edən ŞİH-in başçısı İlham İsmayılov bildirib ki, vətəndaşları normal, dayanıqlı və etibarlı qaz, su və işıqla təmin etmək başlıca vəzifələrdəndir: “Şəhərin təmizliyinin qorunması, yaşıllıq sahələrinə qulluq, ağaclara aqrotexniki xidmət, çoxmənzilli yaşayış binalarının dam örtüyünün cari təmiri, su novlarının və tüstü bacalarının təmizlənməsi, yollarda və dalanlarda qarşıya çıxan bərbad vəziyyətin aradan qaldırılması kimi işlər vaxtında görülməlidir. Fəaliyyət göstərən qazanxanalara və istilik xətlərinə vaxtaşırı texniki baxışlar keçirilməli, elektrik enerjisi təchizatının dayanıqlılığı üçün bərpa işləri nəzarətdə saxlanılmalı, təhlükəsizlik qaydalarına riayət edilməlidir. Çalışmalıyıq ki, vətəndaş məmnunluğuna nail olaq, küləkli, yağışlı və qarlı günlərdə işıqların sönməsi, suyun, qazın kəsilməsi kimi hallar baş verməsin”.
Lazım QULİYEV,
“Azərbaycan”