Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri çərçivəsində avqustun 31-də Uqanda Respublikasının Vitse-prezidenti Cessika Alupo ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti nəzərdən keçirilib. Söhbət zamanı BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıqdan və birgə fəaliyyətdən məmnunluq ifadə olunub. Bildirilib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi uğurla başa vuraraq onu Uqandaya təhvil verib. Qoşulamama Hərəkatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edən Milli Məclisin sədri, Azərbaycanın bu təşkilata 4 illik sədrliyi dövründə gördüyü işlər, Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər, o cümlədən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması və onun fəaliyyəti, ölkəmizin sədrliyi dövründə əldə edilmiş nailiyyətlər barədə fikirlərini bölüşüb.
Görüşdə bir sıra sahələrdə ikitərəfli əlaqələrin mövcud vəziyyətinə də toxunulub, qarşılıqlı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, əməkdaşlığımızın çox gözəl nümunələrindən biri də “ASAN xidmət” modelidir. Hazırda bu model Uqandada uğurla tətbiq olunur və ölkələrimiz bir sıra sahələrdə əməkdaşlıq edir. Bundan başqa, uqandalı tələbələr 2024-2025-ci illərdə Heydər Əliyev Beynəlxalq Təqaüd Proqramından faydalanıblar.
Söhbət zamanı parlamentlər arasında və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə də danışılıb, qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Uqandanın Vitse-prezidenti Cessika Alupo bildirib ki, ölkəsi Azərbaycanla mövcud olan ikitərəfli əlaqələri yüksək qiymətləndirir və bunu daha da inkişaf etdirməkdə maraqlıdır. Qeyd olunub ki, investisiya, ticarət, kənd təsərrüfatı, elm, texnologiya və digər sahələr üzrə əməkdaşlığı irəli aparmaq üçün yaxşı imkanlar mövcuddur.
Söhbət zamanı Uqandanın Vitse-prezidenti ölkəsinin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, iki ölkə arasında beynəlxalq təşkilatlarda, həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.