31 Avqust 2026 16:00
2966
SİYASƏT
A- A+
ŞƏT ilə genişlənən tərəfdaşlıq Azərbaycanın strateji xarici siyasət prioritetlərindən biridir 

ŞƏT ilə genişlənən tərəfdaşlıq Azərbaycanın strateji xarici siyasət prioritetlərindən biridir 


Beynəlxalq münasibətlər sisteminin yenidən formalaşdığı müasir dövrdə çoxqütblü dünya nizamına keçid və qlobal idarəetmə institutlarının rolu aparıcı diplomatik platformaların ana müzakirə mövzusuna çevrilib. Bu xüsusda, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) genişləndirilmiş tərəfdaşlıq formatı olan "ŞƏT+" görüşləri qlobal dialoqa öz töhfəsini verir. Ölkəmizin həyata keçirdiyi uğurlu, müstəqil və balanslaşdırılmış xarici siyasət kursu dünyanın aparıcı beynəlxalq institutları ilə səmərəli əlaqələrin qurulmasına geniş imkanlar yaradır. Bu mənada, Avrasiya məkanının siyasi, təhlükəsizlik və iqtisadi arxitekturasında xüsusi çəkiyə malik olan Şanxay Əməkdaşlıq Təşkilatı ilə inkişaf edən əlaqələr ölkəmizin xarici siyasət prioritetlərində mühüm yer tutur.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib. O, qeyd edib ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən, Xəzər dənizinə çıxışı olan və müasir nəqliyyat infrastrukturu formalaşdıran ölkəmiz Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında mühüm bağlantı qovşağı rolunu oynayır. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın müxtəlif güç mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmasına imkan yaradıb. Ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması isə bu uğurlu siyasətin mühüm nəticəsidir.

Son illərdə Asiyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi, energetika və logistika sahələrində əlaqələrini genişləndirən Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) mühüm beynəlxalq platformalardan birinə çevrilmişdir. 2026-cı ildə yaradılmasının 25-ci ildönümünü qeyd edən ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən regional təhlükəsizliyin və etimadın möhkəmləndirilməsi məqsədilə təsis edilib. Bu təşkilata 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus qoşulub. Beləliklə, tamhüquqlu üzvlərin sayı 10-a çatıb. ŞƏT 10 üzv dövlətlə yanaşı, 2 müşahidəçi və 15 dialoq tərəfdaşını bir araya gətirir. Təşkilat təxminən 36 milyon kvadratkilometr ərazini və 3,4 milyarddan çox əhalini əhatə edən nəhəng bir məkandır. Dünya Bankının 2025-ci il göstəricilərinə görə, üzv ölkələrin ümumi nominal ÜDM-i 27,4 trilyon dollar təşkil edir ki, bu da qlobal iqtisadiyyatın 23,1 faizinə bərabərdir. Zəngin enerji və xammal resurslarına, nəhəng istehlak bazarlarına və Avrasiyanın əsas quru nəqliyyat marşrutlarına malik olması platformanın iqtisadi və geosiyasi çəkisini daha da artırır. Təşkilatın 2002-ci il Xartiyasına əsaslanan hüquqi bazası dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və məsələləri sülh yolu ilə həll etmək prinsiplərinə söykənir. ŞƏT hərbi və ya siyasi blok deyil; fərqli idarəetmə sistemlərinə malik ölkələrin ortaq maraqlar ətrafında bərabərhüquqlu tərəfdaşlıq platformasıdır. Təşkilatın gündəliyi terrorizm, separatizm, ekstremizm və transmilli cinayətkarlıqla mübarizədən tutmuş iqtisadiyyat, investisiya, energetika, nəqliyyat, elm, təhsil və səhiyyəyə qədər geniş sahələri əhatə edir. ŞƏT-in 2035-ci ilədək İnkişaf Strategiyası da məhz bu çoxşaxəli layihələrin həyata keçirilməsini prioritet hesab edir. Azərbaycan bu nəhəng məkanla həm ikitərəfli, həm də institusional çərçivədə sıx bağlıdır. Ölkəmiz 2015-ci ildən təşkilatın dialoq tərəfdaşı statusuna malikdir. 2025-ci ilin avqust-sentyabr aylarında Tyantszin Sammitində qəbul edilən qərara əsasən statuslar optimallaşdırılmış və Azərbaycanın təşkilatdakı mövqeyi vahid "ŞƏT tərəfdaşı" statusu kimi müəyyənləşdirilmişdir. Prezident İlham Əliyevin ŞƏT-in zirvə görüşlərində və "ŞƏT+" formatında fəal iştirakı Azərbaycanın bu platformaya verdiyi əhəmiyyəti göstərir. Tərəfdaşlıq regional təhlükəsizlik, kibercinayətkarlıqla mübarizə, ticarət, KOB-ların dəstəklənməsi və humanitar əlaqələri ehtiva edir. Xüsusilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2021-ci ildə Nizami Gəncəvinin büstünün Pekindəki ŞƏT qərargahında ucaldılması bu mədəni bağların bariz nümunəsidir. Eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat koridorlarının kəsişməsində yerləşən Azərbaycan ŞƏT ölkələri üçün əvəzolunmaz tranzit və logistika tərəfdaşıdır. Qırğızıstanın Bişkekdə təşkil etdiyi yubiley sammiti və "ŞƏT+" dialoqları çoxqütblü dünya nizamının formalaşmasında bu əməkdaşlığın rolunu bir daha nümayiş etdirir. Azərbaycanın ŞƏT ilə dərinləşən münasibətləri ölkəmizin milli maraqlarına, təhlükəsizlik prioritetlərinə və transregional logistika strategiyasına tam cavab verməklə, onun Avrasiya məkanındakı nüfuzlu və balanslaşdırılmış mövqeyini daha da möhkəmləndirir.

Deputat diqqətə çatdırıb ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) əhatə etdiyi geniş coğrafiya həm dünyanın ən böyük enerji istehsalçılarını, həm də əsas enerji istehlakçılarını özündə birləşdirir. Günümüzdə enerji resurslarına sahib olmaq qədər, onların təhlükəsiz, sabit və şaxələndirilmiş marşrutlarla bazarlara çatdırılması da strateji əhəmiyyət kəsb edir. Azərbaycanın bu müstəvidəki üstünlüyü məhz burada üzə çıxır. Ölkəmiz regionun en böyük enerji istehsalçısı olmasa da, enerjinin hasil edildiyi bölgələrlə istehlak bazarları arasında əvəzolunmaz bağlantı halqasıdır. Təxminən 3500 kilometr uzunluğunda olan “Cənub qaz dəhlizi” Azərbaycan qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya nəql edən mühüm sistemdir. 2025-ci ildə bu dəhliz vasitəsilə Avropa İttifaqı ölkələrinə 12,5 milyard kubmetr təbii qaz tədarük edilmişdir. Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP və hazırda inkişaf etdirilən Zəngəzur dəhlizi (TRIPP) Azərbaycanın enerji və nəqliyyat infrastrukturu imkanlarını daha da genişləndirir. Eyni strateji məntiq nəqliyyat-logistika sahəsində də özünü göstərir. ŞƏT məkanı Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan əsas quru nəqliyyat marşrutlarının böyük hissəsini əhatə edir. Çin, Mərkəzi Asiya, Rusiya, İran, Hindistan və Xəzər hövzəsini Qərb bazarları ilə birləşdirən xəritədə Azərbaycan xüsusi geostrateji mövqeyə malikdir. Ölkəmiz eyni vaxtda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişmə nöqtəsində yerləşir.

Bakı-Tbilisi-Qars dəmir yolu, Orta dəhliz və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi regional bağlantıları təmin edən ana arteriyalardır. Bu zəncirdə mühüm halqa olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələ üzrə illik yükaşırma qabiliyyəti 15 milyon ton və 100 min TEU təşkil edir. Gələcəkdə bu göstəricinin 25 milyon ton və 500 min TEU-ya çatdırılması nəzərdə tutulur ki, bu da Azərbaycanın Avrasiyanın logistika xəritəsindəki aparıcı mövqeyini daha da möhkəmləndirəcəkdir.

K.Bayramov vurğulayıb ki, Azərbaycanın müxtəlif geosiyasi məkanlarla paralel əməkdaşlıq siyasəti də ŞƏT-lə münasibətlərinin məzmununu genişləndirir. Avropa ilə siyasi və iqtisadi əlaqələrin inkişafı, Türk dünyası və İslam ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin müxtəlif regional platformalar arasında əlaqələndirici rolunu gücləndirir. Cənubi Qafqazda yeni sülh reallıqlarının formalaşması isə bu imkanlara nəqliyyat və iqtisadi bağlantılar baxımından əlavə məzmun qazandırır. Siyasi dialoqu iqtisadi əməkdaşlıq tamamlayır. 2025-ci ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 48,9 milyard dollar təşkil edib. Həmin il xarici ticarətdə Rusiya 10 faiz, Çin 9,9 faiz, Özbəkistan 1,6 faiz, Qazaxıstan 1,4 faiz, İran isə 1,3 faiz paya malik olub. Bu göstəricilər ŞƏT üzvlərinin Azərbaycan üçün artıq real və əhəmiyyətli iqtisadi tərəfdaşlara çevrildiyini göstərir. Əlaqələrin genişləndirilməsi üçün potensial yalnız ticarətlə məhdudlaşmır. ŞƏT məkanı Azərbaycan üçün nəqliyyat və logistika, investisiya, sənaye, energetika və qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi baxımından böyük imkanlar yaradır. Azərbaycanın Orta dəhlizdəki mövqeyi, Xəzər üzərindən nəqliyyat bağlantıları və Avropa bazarlarına çıxış imkanları ŞƏT ölkələrinin artan istehsal və ixrac potensialı ilə birləşdikdə yeni iqtisadi zəncirlərin formalaşmasına şərait yarada bilər. Cənubi Qafqazda sülhün möhkəmlənməsi isə Şərq-Qərb və Şimal-Cənub marşrutlarının daha səmərəli inteqrasiyası üçün əlavə imkanlar yaradır. Bu baxımdan Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafı, Mərkəzi Asiya ölkələri ilə artan iqtisadi əməkdaşlıq və Çinlə strateji tərəfdaşlığın dərinləşməsi daha geniş regional bağlantının ayrı-ayrı elementləri kimi çıxış edir. Azərbaycan-ŞƏT əməkdaşlığının gələcəyinə yalnız təşkilatla münasibətlərin formal genişlənməsi prizmasından yanaşmaq kifayət deyil. Əsas məsələ Azərbaycanın ŞƏT məkanının yaratdığı geniş iqtisadi və geosiyasi imkanları öz nəqliyyat, enerji, investisiya və diplomatik potensialı ilə səmərəli şəkildə uzlaşdıra bilməsidir. ŞƏT-in gücü onun nəhəng coğrafiyasında, əhalisində, iqtisadi resurslarında və bazarlarındadır. Azərbaycanın üstünlüyü isə bu nəhəng məkanı Xəzər üzərindən Qərb istiqaməti ilə birləşdirən strateji coğrafi mövqeyindədir. Ölkəmizin əsas üstünlüyü ŞƏT ölkələri ilə miqyas baxımından rəqabət aparmaqda deyil, həmin məkanın yaratdığı iqtisadi potensialı real nəqliyyat, logistika, enerji və investisiya imkanlarına çevirməsindədir.

K.Bayramov əlavə edib ki, bütün bu faktlar və geostrateji reallıqlar göstərir ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə getdikcə dərinləşən münasibətləri təkcə formal diplomatik tərəfdaşlıq xarakteri daşımır. Bu əməkdaşlıq ölkəmizin milli maraqlarına, regional təhlükəsizlik prioritetlərinə və transregional nəqliyyat-logistika strategiyasına tam cavab verir. Azərbaycanın təşkilatda "ŞƏT tərəfdaşı" statusunda yer alması, Prezident İlham Əliyevin sammitlərdə fəal iştirakı və Bakının Şərq-Qərb ilə Şimal-Cənub nəqliyyat dəhlizlərindəki əvəzedilməz rolu ölkəmizi Avrasiya məkanında mühüm qərarqəbuletmə mexanizmlərinin ayrılmaz hissəsinə çevirir. Nəticə etibarilə, ŞƏT ilə çoxşaxəli əlaqələrin inkişafı Azərbaycanın çoxqütblü dünya nizamında öz müstəqil, balanslaşdırılmış və nüfuzlu mövqeyini daha da möhkəmləndirməsinə xidmət edir.


Rəşad CƏFƏRLİ,

«Azərbaycan»

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb  

22:34
22 Sentyabr

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib  

22:33
22 Sentyabr

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb  

22:32
22 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib  

22:31
22 Sentyabr

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib  

22:31
22 Sentyabr

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb  

22:29
22 Sentyabr

Unikal dialoq məkanı  

21:15
22 Sentyabr

Sonuncu oyun: Messidən Argentina millisində vida mesajı  

21:13
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

20:13
22 Sentyabr

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

20:01
22 Sentyabr

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

19:58
22 Sentyabr

“Yeni qala” konsert kompleksinin açılışı olub

19:43
22 Sentyabr

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

19:03
22 Sentyabr

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

18:58
22 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır

18:56
22 Sentyabr

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

18:49
22 Sentyabr

Dublində qədim qala tapılıb

18:47
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!