25 Oktyabr 2022 16:53
9413
PARLAMENT
A- A+

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Mərkəzi Bankın nümayəndələri ilə görüş keçirilib  

 

Oktyabrın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Mərkəzi Bankın nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Tahir Mirkişili tədbiri açaraq görüşdə inflyasiya, bank sahəsində keçiriləcək islahatlar, pul-kredit siyasətinin istiqamətləri və digər məsələlərin müzakirə olunacağını deyib. O qeyd edib ki, dövlətimizin başçısı tərəfindən bank sahəsində islahatların həyata keçirilməsi, bu sahənin özünün iqtisadi yüksəlişdə və məşğulluğun təmin olunmasında daha yaradıcı rolunun artırılması ilə bağlı konkret tapşırıqlar var.

Tahir Mirkişili son səkkiz ayın rəqəmlərinə əsasən, Azərbaycanda kreditləşmədə, nağdsiz hesablaşmaların həcminin böyüməsində, bank sahəsində çalışan insanların sayında, eyni zamanda, məşğulluğun artımında müsbət dinamika olduğunu qeyd edib. O, bildirib ki, bu ilin səkkiz ayı ərzində ölkəmizin ixracı idxalı 19 milyard dollar üstələyib, strateji valyuta ehtiyatlarımız 5 faizdən çox artaraq 55 milyard dollara yaxınlaşıb. Hazırda cari əməliyyatlar balansının müsbət saldosu 6 milyard dollardan çoxdur. Azərbaycanda makroiqtisadi vəziyyətin sabit olması islahatların daha sürətli aparılması üçün müsbət şərait yaradır.

Komitə sədri bu gün Mərkəzi Bankla düzgün kommunikasiyanın qurulmasının əhəmiyyətindən söz açıb, bankların qarşısında duran müasir çağırışlardan bəhs edib, maliyyə bazarlarının idarə olunması ilə bağlı fikirlərini bölüşüb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov görüşün təşkilinə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib. O, ölkəmizdəki makroiqtisadi göstəricilərdən danışıb. Qeyd edib ki, Azərbaycanda son doqquz ayın makroiqtisadi nəticələrinə əsasən, ümumi daxili məhsul (ÜDM) 98 milyarda çataraq 5,6 faiz real artım göstərib. Qeyri-neft sektorunda bu göstərici 10,1 faizdir. T.Kazımov deyib ki, ölkəmizin xarici ticarəti 19,2 milyard ABŞ dolları olub, valyuta ehtiyatlarında 3,5 faiz artım var. Mərkəzi Bankın ehtiyatları isə 8,4 faiz artaraq, 7,7 milyard dollara çatıb.

Çıxışında iqtisadi göstəriciləri təhlil edən Taleh Kazımov inflyasiyanın artmasının səbəblərinə toxunub, Mərkəzi Bankın bu istiqamətdə atdığı addımlardan danışıb.

Görüşdə komitə sədrinin müavini Əli Məsimli, deputatlar Vüqar Bayramov, Rüfət Quliyev, Ziyad Səmədzadə, Mahir Abbaszadə, Aydın Hüseynov, İqbal Məmmədov, Məzahir Əfəndiyev çıxış edərək, ölkəmizin maliyyə dayanıqlılığının artırılması, pul-kredit siyasəti, inflyasiya, bank kredit faizləri və qarşıda duran digər məsələlərlə bağlı fikirlərini bildirib, suallarını və təkliflərini səsləndiriblər.

Daha sonra Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, onların səsləndirdikləri sualları cavablandırıb.

Tədbirdə deputatlar Elnur Allahverdiyev, Anar Məmmədov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov, Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video