17 Dekabr 2025 08:10
150
PARLAMENT
A- A+
Əmək Məcəlləsi təkmilləşdirilir

Əmək Məcəlləsi təkmilləşdirilir


Dekabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Mətbuat və  ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda, əvvəlcə cari məsələlərin müzakirəsi keçirilib. Komitə sədri Şahin İsmayılov, deputatlar Razi Nurullayev, Aqil Abbasov, Bəhruz Məhərrəmov, Elman Nəsirov, Azər Badamov, Əli Məsimli, Məlahət İbrahimqızı, Tural Gəncəliyev, Asif Əsgərov çıxış edərək gündəmdə olan bəzi məsələlər barədə öz fikirlərini bölüşüblər.

Çıxışlarda Prezident İlham Əliyevin humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq irəli sürdüyü amnistiya elan edilməsi təşəbbüsünün əhəmiyyəti barədə fikirlər səsləndirilib. Millət vəkilləri Azərbaycan Prezidentinin   amnistiya təşəbbüsünü dəstəklədiklərini bildirərək, bu addımı Prezidentin və  dövlətimizin öz vətəndaşlarına diqqət və qayğısının bariz nümunəsi kimi yüksək  dəyərləndiriblər.

Deputatlar dövlət başçısının Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqliyini qeyd edərək, onun insan hüquqlarına həmişə xüsusi həssaslıqla yanaşdığını,  qanunların aliliyinin qorunması istiqamətində məqsədyönlü addımlar atdığını vurğulayıblar. Heydər Əliyevin ölkəyə rəhbərliyi dönəmində Azərbaycanda ölüm hökmü cəzasına  moratorium qoyulduğunu, bir müddət sonra isə yaşamaq hüququnun üstün tutularaq bu cəzanın ləğv edildiyini bildiriblər. Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi sahəsində hər zaman təqdirəlayiq işlərin görüldüyünü söyləyiblər.

İclasda qərbi azərbaycanlıların hüquqlarının bərpası və ata-baba yurdlarına qayıtması məsələsinə də toxunulub, bu problemin tənzimlənməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib, o cümlədən Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması təqdirəlayiq hesab olunub.

Millət vəkilləri bir sıra aktual mövzularla bağlı da fikirlərini açıqlayıblar.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova iclasda 10 məsələnin müzakirə ediləcəyini bildirib. O, gündəliyin ilk 3 məsələsinin beynəlxalq sənədlərin təsdiqi ilə bağlı qanun layihələrinin olduğunu deyib. Spiker "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə uyğun olaraq, həmin qanun layihələrinin bir oxunuşda baxılaraq qəbul ediləcəyini söyləyib.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib. Komitə sədri bildirib ki, sənəd Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin, o cümlədən Şuşa Bəyannaməsində təsbit olunmuş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə, tərəflərin qarşılıqlı olaraq dövlətlərinin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, habelə suverenliyinin və müstəqilliyinin qorunması üçün müdafiə sahəsində əməkdaşlığının gücləndirilməsinə xidmət edir. Memorandumun əsas məqsədi hərbi təhlükəsizlik sahəsində qarşılıqlı koordinasiyanın gücləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi kimi sahələrdə əlaqələrin inkişaf etdirilməsidir.

Arzu Nağıyev deyib ki, 8 maddədən ibarət sənədə əsasən, tərəf dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər. Tərəflərin bir-birlərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və müvafiq milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. Sənədə uyğun olaraq, tərəflər öz qanunvericiliklərinə əsasən, hərbi sahədə məlumat mübadiləsini və hərbi kəşfiyyat üzrə əməkdaşlığı gücləndirəcək, hərbi təhlükəsizlik sahəsində əldə olunan məlumatları bir-biri ilə paylaşa və bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə biləcəklər.

Vurğulanıb ki, Anlaşma Memorandumu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçiriləcək, üçüncü dövlətlərə qarşı yönəlməyib və regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanla Türkiyə arasında əlaqələrin genişləndiyini söyləyib və bunun Azərbaycanın sülh və davamlı inkişaf  konsepsiyasına uyğun olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi komitənin sənədə müsbət rəy verdiyini bildirib.

Müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov, deputatlar Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Sahib Alıyev məsələyə dair öz fikirlərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov gündəlikdəki digər məsələni - "Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş"ə qoşulmaq barədə qanun layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, Saziş 1968-ci il aprelin 22-də imzalanıb. Saziş kosmik gəminin şəxsi heyətinin qəzaya uğraması, təcili və gözlənilmədən eniş etməsi barədə məlumat alan tərəfin vəzifələrini müəyyən edir, bu sahədə yarana biləcək münasibətlərin səmərəli şəkildə  tənzimlənməsini nəzərdə tutur. Sazişdə kosmonavtlara bütün mümkün olan  yardımların göstərilməsi, onların təhlükəsizliyinin təmin edilməsi və digər məsələlərlə bağlı müddəalar öz əksini tapıb. Sazişdə habelə texniki, inzibati məsələlər, xilasetmə tədbirlərinin həyata keçirilməsi qaydaları, imzalanma və ratifikasiya ilə bağlı prosedurlara dair tələblər də ehtiva olunur.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov sənəd barədə bu komitənin müsbət rəyini açıqlayıb. Deputatlar Müşfiq Məmmədli və Ülviyyə Həmzəyeva fikirlərini bildirdikdən sonra qanun layihəsi qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov "Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb.  Sazişə əsasən, razılığa gələn tərəflərdən hər biri digərinə yerə enmədən öz dövlətinin ərazisi üzərindən uçmaq və qeyri-kommersiya məqsədləri üçün öz dövlətinin ərazisində dayanmaq, həmçinin bu Sazişin Əlavəsində göstərilən marşrutlar üzrə beynəlxalq hava əlaqələrini yerinə yetirmək məqsədilə digər hüquqlar verir. Tərəflər mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsinin və belə hava gəmilərinin, onların sərnişinlərinin və heyətinin, hava limanlarının və aeronaviqasiya vasitələrinin təhlükəsizliyinə qarşı yönəldilən digər qanunsuz hərəkətlərin, habelə mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı bir təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birlərinə bütün lazımi yardımı göstərirlər.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin Azərbaycanın milli maraqlarına uyğun olduğunu deyib və rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini söyləyib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda  "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanununun layihəsi, o cümlədən  Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Nəqliyyat haqqında" və "Avtomobil nəqliyyatı haqqında"  Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə və  "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" və "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Dövlət rüsumu haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.  Qeyd olunub ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və  "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri müəyyən edilir. Bura daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin verilməsi, torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışın verilməsi, ipotekanın dövlət qeydiyyatına alınması, eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər aiddir.

Bildirilib ki, layihədə təklif olunan dəyişiklik sosial cəhətdən həssas əhali kateqoriyasının - müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar, o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin  xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Daha sonra komitə sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Layihə vergi rezidentliyinin müəyyən olunması üçün Vergi Məcəlləsində müvafiq dəyişikliyin edilməsini nəzərdə tutur. Qeyd edilib ki, Azərbaycan "Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma"ya qoşulub. Bununla ölkəmiz ümumi hesabatlıq standartını tətbiq etmək barədə öhdəliyi öz üzərinə götürüb. Standart "Qeyri-rezidentlərin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası"nda öz əksini tapıb. Qaydalara əsasən, maliyyə institutu tərəfindən müştərilər üçün hesab yalnız müştərinin müvafiq məlumat və sənədləri təqdim etdiyi halda açıla bilər. 

Qeyd olunub ki, Qlobal Forum tərəfindən 2020-ci ildən etibarən standartın tətbiqi istiqamətində ölkələrin qiymətləndirilməsinə başlanılıb. Qiymətləndirmə prosesi çərçivəsində bu sahədə Azərbaycanda qəbul edilmiş qanunvericilik müddəaları beynəlxalq təşkilat tərəfindən yoxlanılıb və müəyyən tövsiyələr verilib. Diqqətə çatdırılıb ki, beynəlxalq təşkilatın verdiyi tövsiyə nəzərə alınaraq, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 76-1.2-ci və 76-1.3-cü yeni maddələrin əlavə edilməsi təklif olunur.  

Qanun layihəsinin qəbul edilməsi Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sazişlər üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, davam edən qiymətləndirmə prosesi çərçivəsində yüksək reytinqin əldə olunması, eyni zamanda daxili qanunvericiliyin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması üçün şərait yaradacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Sənəddə təklif edilən dəyişikliklər Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra məsələlərin daha təkmil tənzimlənməsini nəzərdə tutur. 

Nəzərə çatdırılıb ki, "Dövlət qulluğu haqqında" qanunda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatları tənzimləyən 33.2-ci maddə yeni redaksiyada verilir, dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar qulluğa xitam verilməsi zamanı birdəfəlik haqqın verilməsinə dair mexanizmlər təkmilləşdirilir. Qanuna əlavə edilən yeni müddəalara əsasən, əvvəllər tənzimlənməyən bir sıra münasibətlərə dair (dövlət qulluqçusunun hərbi xidmətə çağırılması ilə əlaqədar və s.) yeni hüquqi əsaslar yaradılır, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluqçusunun vərəsələrinə müavinət ödənilməsi, dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda ona müavinət ödənilməsi, habelə orta aylıq dövlət məvacibinin məbləğinin müəyyənləşdirilməsi qaydası ilə əlaqədar digər məsələlərin qanunvericilik əsasları müəyyən edilir.

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər fiziki şəxslərin gəlir vergisindən azad olmasını nəzərdə tutan müddəaların dəqiqləşdirilməsi, "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişiklik isə məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin siyahısının dəqiqləşdirilməsi məqsədi daşıyır. 

Bu məsələ barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov komitələrin rəylərini açıqladıqdan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Həmkarlar ittifaqları haqqında", "Sosial sığorta haqqında", "Bələdiyyələrin statusu haqqında", "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyasəti haqqında", "Yaşayış minimumu haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", "İşsizlikdən sığorta haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Məşğulluq haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş)  təqdim edib. O bildirib ki, layihə 18 qanun üzrə 178 maddədə 457 dəyişikliyi ehtiva edir. Dəyişikliklərin əksəriyyəti Əmək Məcəlləsinə aiddir, digər 17 qanuna təklif edilən dəyişikliklər isə Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər çərçivəsində hazırlanıb, uyğunlaşdırma və dəqiqləşdirmə xarakteri daşıyır. 

Millət vəkili qeyd edib ki, layihəyə əsasən, 3 əsas istiqamət üzrə Əmək Məcəlləsində dəyişikliklər edilməsi nəzərdə tutulur. Bunlardan birincisi mahiyyəti üzrə təkmilləşdirmə məqsədi daşıyan, habelə əmək münasibətlərində çevik və sosialyönümlü hüquqi tənzimləmələrin tətbiqini, həmçinin müasir iş şəraitinə uyğun olaraq yeni anlayışların qanunvericiliyə gətirilməsini hədəfləyən dəyişikliklərdir. İkincisi, BƏT-in Konvensiyalarına və beynəlxalq təcrübəyə uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə edilən, üçüncüsü isə "Normativ hüquqi aktlar haqqında" konstitusiya qanununun tələblərindən irəli gələrək uyğunlaşdırma çərçivəsində edilən dəyişikliklərdir.

Sonra Soltan Məmmədov layihədə təklif olunan dəyişikliklərin mahiyyəti barədə geniş məlumatı deputatların diqqətinə çatdırıb.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bu komitələrin qanun layihəsi barədə rəylərini açıqlayıblar.

Deputatlar Qüdrət Həsənquliyev, Elçin Mirzəbəyli, Nigar Məmmədova, Fatma Yıldırım məsələ barədə bəzi fikir və qeydlərini söylədikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!