Dekabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib və 10 məsələ 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələridir. O qeyd edib ki, bu qanun layihələrinə üçüncü oxunuşda baxılacaq.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O bildirib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər layihələri birinci və ikinci oxunuşda deputatlar tərəfindən dəstəklənib. Komitə sədri qanun layihəsinin müzakirə olunduğu ərəfədə bir sıra dövlət qurumlarında struktur dəyişikliklərinin həyata keçirildiyini, dövlət və icmal büdcələrindən maliyyələşən maliyyə yardımı alan subyektlərin fəaliyyəti ilə ölkə Prezidenti tərəfindən hökumətə müvafiq icra tapşırıqlarının verildiyini, eyni zamanda büdcə müzakirələri zamanı millət vəkillərinin bir sıra təkliflər irəli sürdüyünü qeyd edib. Bu amillərin 2025-ci ilin dövlət büdcəsinin ikinci oxunuşda qəbul edilmiş layihəsinə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaratdığını və həmin dəyişikliklərin sənədin üçüncü oxunuşu üçün təqdim edilmiş layihəsində öz əksini tapdığını söyləyib.
Azər Əmiraslanov diqqətə çatdırıb ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri üzrə 40 milyon manat məbləğində artım istiqamətində dəyişiklik edilir. Bu məbləğ büdcədən kənar gəlirlərin, eləcə də bu gəlirlərdən formalaşan xərclərin artımı ilə bağlıdır. Bununla yanaşı, dövlət büdcəsinin bəzi xərc istiqamətlərində ümumi məbləğ daxilində dəyişiklik edilir. Qeyd olunub ki, bəzi istiqamətlər üzrə xərclər ümumilikdə 229.8 milyon manat azaldılır, digər istiqamətlər üzrə həmin məbləğ qədər artırılır. Beləliklə, dövlət büdcəsinin gəlirləri növbəti il üçün 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407 milyon 600 min manat nəzərdə tutulur.
Komitə sədri qeyd edib ki, dövlət büdcəsi təkcə iqtisadi göstəricilərdən, rəqəmlərdən ibarət illik maliyyə planı deyil. O milli iqtisadiyyatla yanaşı, dövlət siyasətinin də güzgüsüdür. Belə ki, büdcə rəqəmləri həm də dövlətin hansı strateji məqsəd və təşəbbüsləri, hansı siyasi qərarları reallaşdırdığını özündə əks etdirir.
Bildirilib ki, əgər dövlət büdcəsində müdafiə xərcləri artırılırsa, xarici borclanmaya mühafizəkar yanaşılırsa, strateji layihələrin maliyyələşməsi daxili resurslara əsaslanırsa, bu büdcənin arxasında milli maraqlara söykənən dövlət siyasəti dayanır. Büdcə zərfi hökumət tərəfindən təqdim edilsə də, o icra və qanunverici orqanların birgə müzakirə platformasından keçdikdən sonra dövlət başçısı tərəfindən imzalanır və qanun qüvvəsinə malik olan dövlət büdcəsi statusunu qazanır və ümummilli, vahid strateji sənədə çevrilir.
Qeyd olunub ki, bir ay davam edən büdcə müzakirəsi zamanı 2025-ci ilin dövlət büdcəsi layihəsinə münasibətdə hökumətlə parlament vahid mövqe nümayiş etdirib. Vurğulanıb ki, ölkəmizdə vahid dövlət siyasətinin həyata keçirilməsi ənənəsi bundan sonra da davam edəcək, sosial, iqtisadi, siyasi və institusional islahatların reallaşdırılması üçün imkanlar yaradacaq, dövlət idarəçiliyinin ahəngdarlığına və sabitliyinə öz töhfəsini verəcək.
Azər Əmiraslanov bildirib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər ölkənin iqtisadi reallıqlarına və büdcə qanunvericiliyinin tələblərinə cavab verir. Habelə ölkəmizin milli təhlükəsizliyinə, iqtisadiyyatın inkişafına, sosial rifaha, Qarabağın və Şərqi Zəngəzurun bərpasına və digər dövlət maraqlarına xidmət edir. 2025-ci ilin büdcəsi dövlətimizin siyasi, iqtisadi və hərbi gücünü nümayiş etdirməklə, növbəti ildə də ölkə Prezidenti tərəfindən qarşıya qoyulmuş çox mühüm və təxirəsalınmaz strateji vəzifələrin yerinə yetirilməsi üçün etibarlı maliyyə təminatı yaradır.
Milli Məclisin Sədri Sahibə Qafarova nəzərə çatdırıb ki, birinci və ikinci oxunuşlar zamanı 85 deputat 2025-ci ilin dövlət büdcəsi haqqında öz mülahizələrini bildirib və bütün çıxışlar, o cümlədən deputatların yazılı şəkildə təqdim etdikləri 27 çıxış aidiyyəti üzrə Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə göndərilib.
Sonra maliyyə naziri Samir Şərifov 2025-ci ilin dövlət büdcəsi layihəsinin konstruktiv şəkildə müzakirə edilməsinin təşkilinə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya, komitə sədrlərinə, təklif və tövsiyələrinə görə millət vəkillərinə təşəkkürünü ifadə edib.
Nazir bəzi zəruri istiqamətlər üzrə xərclərin artırılması ilə bağlı, o cümlədən müzakirələr zamanı millət vəkillərinin irəli sürdüyü təkliflər də nəzərə alınmaqla təqdim olunan büdcə layihəsinə bir sıra dəyişikliklərin edilməsinin məqsədəuyğun hesab olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarını və ona müvafiq olaraq büdcədənkənar xərclərini 40 milyon manat məbləğində artırmaq nəzərdə tutulur. Əlavə gəlir potensialının səfərbər edilməsi yolu ilə bir sıra publik hüquqi şəxslərə xərclərini dövlət büdcəsi hesabına deyil, daha çox öz gəlirləri hesabına təmin etmək tövsiyə edilir. Bunun nəticəsi olaraq, təqribən 159 milyon manat vəsaitin bu təyinat üzrə sərbəstləşdirilməsi və tam həcmdə ölkəmizin müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi ilə bağlı tədbirlərinin əlavə maliyyə təminatına yönəltmək təklif olunur. Bununla müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon manata çatdırılır.
Samir Şərifov bildirib ki, büdcə təşkilatlarında malların və xidmətlərin alınması üzrə xərclərin optimallaşdırılması yolu ilə əlavə 36 milyon manat vəsaiti sərbəstləşdirmək və aşağıdakı istiqamətlər üzrə xərcləri artırmaq nəzərdə tutulur. Belə ki, Azərbaycan Milli Məclisinin maliyyə təminatını əlavə olaraq 815 min manat məbləğində artırmaq, Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1 milyon manat və ya 20 faiz artırmaq, 2025-ci ildə Yaponiyanın Osaka şəhərində keçiriləcək Expo-2025-də ölkəmizin təmsil olunması xərcləri də daxil olmaqla dövlət büdcəsində beynəlxalq fəaliyyət üzrə xərcləri 24 milyon manat artırmaq, ölkəmizin ixrac və investisiya potensialının təbliği ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 10 milyon manat ayırmaq planlaşdırılır.
Bununla yanaşı, 2025-ci ilin dövlət büdcəsində Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika və Su Ehtiyatları agentliklərinin səlahiyyətlərinin müvafiq olaraq "Azərenerji", "Azərişıq" açıq səhmdar cəmiyyətlərinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ötürülməsi ilə bağlı dəyişikliklərin və bununla bağlı müvafiq xərclərin dövlət büdcəsində əks etdirilməsi zərurəti yaranıb. Müvafiq olaraq Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılması nəzərdə tutulmuş dotasiyanın məbləği 34,8 milyon manat azaldılır və eyni məbləğdə vəsait muxtar respublikanın ərazisində fəaliyyət göstərən Dövlət Su Ehtiyatları Agentliyinin maliyyə təminatına yönəldilir.
Nazir qeyd edib ki, təklif olunan dəyişikliklər qəbul edildiyi təqdirdə 2025-ci il üçün həm dövlət, həm də icmal büdcələrin gəlir və xərcləri bərabər olaraq 40 milyon manat artır, yəni dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat, icmal büdcənin gəlirləri 43 milyard 950 milyon 500 min manat, xərcləri 47 milyard 629 milyon 400 min manat təşkil edəcək. Dövlət və icmal büdcələrinin kəsirlərində hər hansı dəyişiklik baş verməyəcək və onlar ilkin təqdim olunmuş büdcə layihəsindəki kimi saxlanılır.
Məsələ ətrafında müzakirələrdə komitə sədri Polar Bülbüloğlu, deputatlar Qüdrət Həsənquliyev, Hikmət Məmmədov, Elşən Musayev, Elman Nəsirov çıxış edərək 2025-ci il üçün dövlət büdcəsinin layihəsi barədə fikirlərini səsləndiriblər, habelə sənədə təklif olunan dəyişiklikləri məqbul hesab ediblər.
Müzakirələrin yekununda "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra gündəliyin növbəti iki məsələsi - "Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında" və "İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihələri təqdim edilib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu məsələlər barədə məlumatında bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcəsi gəlir və xərcləri bərabər olmaqla 7,7 milyard manat nəzərdə tutulur və bu, cari illə müqayisədə 10,5 faiz çoxdur. İşsizlikdən Sığorta Fondunun büdcəsi gəlir və xərcləri bərabər olmaqla 261 milyon manat nəzərdə tutulur və bu, cari illə müqayisədə 9,5 faiz çoxdur.
Komitə sədri, dövlət büdcəsinin də sosialyönümlü olduğunu qeyd edərək, bunun növbəti ildə əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına imkan verəcəyini, aztəminatlı insanların sosial müdafiəsini gücləndirmək üçün büdcədə etibarlı maliyyə təminatının yaradılacağını deyib. O qeyd edib ki, 2025-ci ilin büdcəsi habelə minimum əməkhaqqının, minimum pensiyaların məbləğinin artırılmasına da şərait yaradacaq. Belə ki, növbəti ildə əmək pensiyalarının orta məbləği 535 manata, yaşa görə pensiyaların orta məbləği 571 manata çatacaq. Bildirilib ki, eyni zamanda 2025-ci ildə İşsizlikdən Sığorta Fondunun büdcəsinin böyük əksəriyyəti, yəni 55 faizi aktiv məşğulluq tədbirlərinə yönələcək və bu çərçivədə özünüməşğulluq layihəsi də davam etdiriləcək.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu iki sənədin rəhbərlik etdiyi komitə tərəfindən dəstəkləndiyini açıqlayıb.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O bildirib ki, layihəyə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra komitə sədri Musa Quliyev "Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, 2025-ci il üçün ehtiyac meyarının həddinin 285 manat məbləğində müəyyən edildiyini diqqətə çatdırıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov sənədin bu komitə tərəfindən dəstəkləndiyini söylədikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Komitə sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihənin birinci və ikinci oxunuşda komitədə və plenar iclaslarda geniş müzakirə edildiyini, deputatlar tərəfindən bir sıra təkliflərin səsləndirildiyini deyib. Müzakirə dövründə qanun layihəsində tənzimlənməsi zəruri bilinən bir sıra məsələlərin diqqət mərkəzində saxlanıldığını qeyd edib. Bildirilib ki, bu məsələlər komitə və İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən nəzərdən keçirilərək məqbul hesab edilib və qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılıb.
Komitə sədri bu düzəlişlərlə bağlı diqqətə çatdırıb ki, Məcəllənin 13.2.11-ci maddəsində dəqiqləşdirmə məqsədilə "torpağa mülkiyyət" sözlərindən sonra, "habelə torpaqdan istifadə" sözləri əlavə edilir və bununla da vergi qanunvericiliyinin məqsədləri üçün torpaqdan istifadə hüququnun verilməsinin hüquqi rejimi müəyyən olunur. Habelə 16.1.11-17-ci maddəyə təklif olunan dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsulları bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri və idarəediciləri tərəfindən vergi ödəyiciləri barədə məlumatın hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim edilməsi nəzərdə tutulur. Üçüncü oxunuşa təqdim olunan layihədə bu məlumatın elektron formada olması ilə bağlı müvafiq düzəliş edilib. Bununla yanaşı, məcəllənin digər maddələrində istifadə olunan terminlə eyniliyi təmin etmək üçün 50.1.15-ci maddədə "subyekt" sözü "təsərrüfat subyekti" sözləri ilə əvəz edilir. Bildirilib ki, qanun layihəsi ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl tərəfdaşlara bir sıra vergi növləri üzrə güzəştlər tətbiq ediləcək. Güzəştlərin özəl tərəfdaşlarla yanaşı, layihə şirkətinə da şamil edilməsi nəzərdə tutulur. Bu məqsədlə 106.1.35, 106.1.63, 207.13 və 199.22-ci maddələrə təklif olunan mətnə "özəl tərəfdaş" sözlərindən sonra "müəyyən layihə şirkəti" sözləri əlavə edilir.
Azər Əmiraslanov təklif olunan düzəlişlərin Vergi Məcəlləsinin təkmilləşdirilməsinə xidmət etdiyini söyləyib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Azər Əmiraslanov "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı da məlumat verib, əvvəlki oxunuşlarda layihəyə heç bir əlavə düzəlişlərin edilmədiyini deyib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib. O, bu qanun layihəsinə hər hansı bir dəyişikliyin edilmədiyini deyib. Layihəyə əsasən, bütün ƏDV ödəyiciləri, həmçinin ictimai iaşə fəaliyyəti ilə məşğul olan və 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyən vergi ödəyiciləri tərəfindən ay ərzində aparılmasına icazə verilən nağdsız hesablaşma limiti onların satış dövriyyəsindən asılı olaraq, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi həcmində müəyyən edilir.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinin mahiyyəti barədə danışıb. Komitə sədri layihədə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakterli düzəlişlərin edildiyini söyləyib. O, sənəd barədə əvvəlki oxunuşlarda ətraflı məlumat verildiyini, komitəyə heç bir əlavə təklifin daxil olmadığını, layihənin mətnində dəyişikliyin edilmədiyini deyib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dəyişikliklərlə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. O, sənəddə dövlət-özəl tərəfdaşlığı layihələri üçün gömrük güzəştlərinin nəzərdə tutulduğunu söyləyib. Komitə sədri layihədə birinci və ikinci oxunuşlarda hər hansı düzəlişlərin edilmədiyini deyib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin Sədri Sahibə Qafarova büdcə zərfinə daxil olan bütün qanun layihələrinin üçüncü oxunuşda qəbul edildiyini bildirib və çıxış üçün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova söz verib.
İclasda çıxış edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bildirib ki, 2024-cü il vətənimiz üçün siyasi müstəvidə çox önəmli tarixi hadisələrlə zəngin olub.
Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün suveren ərazimizdə fevralın 7-də növbədənkənar prezident seçkiləri, sentyabrın 1-də isə VII çağırış Milli Məclisə növbədənkənar seçkilər keçirilib.
Prezident və parlament seçkilərinin nəticələri birmənalı olaraq Prezident İlham Əliyevin zəfərlərə yol açan uğurlu və məqsədyönlü siyasətinə xalqımızın inam və etimadını bir daha nümayiş etdirib.
Baş nazir qeyd edib ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində dövlət suverenliyimizin tam bərpa edilməsi tarixinin əbədiləşdirilməsi üçün cənab Prezidentin imzaladığı sərəncama əsasən sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis edilib. Həmçinin sentyabrın 20-də "Əsrin müqaviləsi"nin bağlanmasının 30-cu ildönümü qeyd olunub.
Bildirilib ki, "Əsrin müqaviləsi" Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının təməl daşıdır. Məhz bu strategiya Azərbaycanın müstəqilliyini möhkəmləndirdi, onun uzunmüddətli və davamlı iqtisadi inkişafını təmin etdi. Bu strateji kurs bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun olaraq məharətlə və qətiyyətlə davam etdirilərək, ölkəmizin inkişafının, iqtisadi qüdrətinin və siyasi nüfuzunun yüksəlməsini, xalqımızın rifahının artmasını təmin edib.
Baş nazir diqqətə çatdırıb ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib, cənab Prezidentin sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub.
Əli Əsədov dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq mötəbər tədbirlərindən biri olan COP29-un Bakıda keçirilməsindən danışaraq qeyd edib ki, bu tədbir çox yüksək səviyyədə, mükəmməl təşkil olunmaqla regionda ilk dəfə Azərbaycanda baş tutub.
Ötən ilin dekabrında 200-ə yaxın ölkənin yekdil qərarı ilə Azərbaycanın COP29-un ev sahibi seçilməsi dünya miqyasında ölkəmizə və şəxsən dövlət başçısına olan böyük hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rola verilən yüksək qiymətdir.
COP29-un Liderlər Sammitinin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin çıxışını xüsusi qeyd edən Baş nazir bildirib ki, cənab Prezident öz məzmunlu və çoxhədəfli çıxışı ilə bir daha mükəmməl diplomatik məharətini və qətiyyətli mövqeyini nümayiş etdirdi, Azərbaycanın COP29-un sədri qismində "yaşıl keçid"in güclü lideri olacağını dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Sonra Baş nazir ölkənin əsas maliyyə sənədi olan 2025-ci il dövlət və icmal büdcə layihələri ilə bağlı Milli Məclisin plenar iclaslarında müzakirələrin yüksək səviyyədə təşkilinə və sənədlərin qəbuluna görə spiker Sahibə Qafarova başda olmaqla Milli Məclisin rəhbərliyinə təşəkkürünü ifadə edib.
Əli Əsədov bildirib ki, sentyabrın 26-da cənab Prezidentin sədrliyi ilə keçirilən "İqtisadi məsələlərə həsr olunmuş müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, "İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. Və bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər də bunu təsdiqləyir".
Bununla bağlı bəzi makroiqtisadi göstəriciləri diqqətə çatdıran Baş nazir qeyd edib ki, artıq 11 ayda iqtisadi artım 4,1 faiz olub, o cümlədən qeyri-neft sektorumuz 6,4 faiz artıb. Strateji valyuta ehtiyatlarımız 72 mlrd. dolları ötüb. Birbaşa xarici dövlət borcumuz ÜDM-in cəmi 7,3 faizini təşkil edir.
Hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da antiinflyasiya tədbirlərinə öz töhfəsini verib.
Hal-hazırda dünyada və regionda davam edən geosiyasi gərginliklərə, iqlim dəyişikliklərinə, əmtəə bazarlarında qiymətlərin volatilliyinə baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub.
Baş nazir bildirib ki, növbəti il və ortamüddətli dövr üçün büdcə siyasəti əsas hədəflər, həmçinin cənab Prezidentin hökumət qarşısında qoyduğu əsas prioritet vəzifələr nəzərə alınmaqla hazırlanmışdır. Bunlar ölkənin hərbi-müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya"sında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük qayıdışın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketinin həyata keçirilməsi, dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və büdcə dayanıqlılığının təmin olunması və Naxçıvan Muxtar Respublikasının dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrasıdır.
Əli Əsədov diqqətə çatdırıb ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 38,4 milyard manat, xərcləri isə 41,4 milyard manat proqnoz edilir. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,4 faizdir. Büdcə layihəsi müasir Azərbaycan tarixində ən böyük büdcədir.
Makroiqtisadi proqnozlara əsasən, 2025-ci ildə ümumi daxili məhsulun 3,5 faiz, qeyri-neft sektoru üzrə isə 4,9 faiz real artım tempi proqnozlaşdırılır.
Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20,6 faizini təşkil edir.
2025-ci ildə büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaqdır. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında daim qalmağa davam edəcəkdir.
Ümumilikdə bütün istiqamətlər üzrə sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin 40 faizini üstələyir.
2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşı əhatə edəcəkdir.
Müasir təhsilin inkişafı və əhalinin keyfiyyətli və qabaqcıl tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün növbəti ilin dövlət büdcəsində daha çox vəsait nəzərdə tutulub.
Səhiyyə sahəsində aparılan davamlı islahatların nəticəsində cari ildə Tibbi Xidmətlər Zərfi çərçivəsində göstərilmiş xidmətlərin sayında 21 faiz artım olmuşdur.
2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə toplam 22 mlrd. manata yaxın, o cümlədən 2025-ci ildə 4 mlrd. manat vəsait ayrılıb.
Böyük qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi uğurla həyata keçirilir. Bu günədək 2417 ailə - 9306 nəfər azad olunmuş ərazilərə köçürülüb.
Əli Əsədov ölkəmizin regionda enerji və nəqliyyat sahələrində həyata keçirdiyi meqa investisiya layihələri, eyni zamanda ölkəmizin "yaşıl enerji" mənbəyi kimi Avropanın aparıcı tərəfdaşlarından birinə çevrilməsi, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılması sahəsində görülən işlər barədə də məlumat verib.
Baş nazir deputatların səsləndirdikləri bir sıra kommunal xidmətlər, məşğulluq, məktəblərin və yolların təmiri və digər sosial-iqtisadi məsələlərin həll edilməsi üçün təkliflərə cavab olaraq bildirib ki, ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 faizdir (o cümlədən Naxçıvanda 100 faiz). Bu göstəriciyə görə ölkəmiz MDB və digər qonşu ölkələri qabaqlayır.
Əli Əsədov qeyd edib ki, hazırda 473 məktəbin əsaslı təmirinə ehtiyac var. Bu, ölkədəki bütün məktəblərin 10 faizini təşkil edir. Bunlardan 123 məktəbdə təmir-tikinti işlərinin gələn ildə aparılması nəzərdə tutulub.
2021-ci ildən bu günədək ölkə üzrə 2700 km-dən çox avtomobil yolları yenidən qurulub və təmir olunub. Bunun yarısından çoxu yerli əhəmiyyətli yollardır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə 45 layihə icra edilir.
Baş nazir bildirib ki, dövlət büdcəsində "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulan layihələrin maliyyələşdirilməsinə 1,1 mlrd. manat və investisiya xərclərindən sosial və infrastruktur təyinatlı layihələrə 540 milyon manat vəsait ayrılacaqdır ki, bununla da bir çox məsələlərin həll edilməsi üçün işlər görüləcəkdir.
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası diqqət mərkəzində saxlanılacaq və 150 milyon manat vəsait ayrılacaqdır. Eyni zamanda hökumət tərəfindən regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanması planlaşdırılır.
Parlamentin Sədri Sahibə Qafarova Baş nazir Əli Əsədova təşəkkür edib, hökumət üzvlərinə ölkəmizin inkişafı naminə dəyərli fəaliyyətlərində, dövlət büdcəsinin və digər büdcə sənədlərinin icrasında uğurlar arzulayıb.
Sonra spiker Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihələri olduğunu qeyd edib. O bu məsələlərlə bağlı məlumatın əvvəlcədən verildiyini, bu gün isə səsvermənin həyata keçiriləcəyini söyləyib.
Deputat Aydın Mirzəzadənin fikirləri dinlənildikdən sonra Milli Məclisin hər iki qərar layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Gündəliyin on üçüncü məsələsi olan "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib. Komitə sədri bildirib ki, həm birinci, həm də ikinci oxunuşda layihə barədə ətraflı məlumat verilib və sənəd geniş müzakirə edilib. O, sənədin mətnində heç bir dəyişikliyin aparılmadığını diqqətə çatdırıb və qanun layihəsinin səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyin sonuncu məsələsini - Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Psixiatriya yardımı haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev birinci oxunuşda müzakirəyə təqdim olunan qanun layihəsinin müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması, habelə hərbi xidmətə çağırışla bağlı müvafiq müddəaların dəqiqləşdirilməsi məqsədilə hazırlandığını vurğulayıb. Bildirilib ki, layihəyə əsasən, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna "tibbi şəhadətləndirilmə", "elektron kabinet" və "çağırış vərəqəsi" anlayışları əlavə edilir. Təklif olunan dəyişikliklərdə vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı xidmətlərin müvafiq informasiya sistemi vasitəsilə həyata keçirilməsi və hərbi vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlar tərəfindən elektron kabinetlərin yaradılması nəzərdə tutulub. Bundan başqa, layihədə aidiyyəti dövlət orqanları arasında tibbi müayinənin nəticələrinin elektron əldə edilməsi, müvafiq dövlət orqanlarının sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı müddəalar əks olunub. Həmçinin müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan son yaş həddinin 30 yaşa endirilməsi təklif olunub.
Komitə sədri layihədə nəzərdə tutulan ilkin hərbi qeydiyyat, həmçinin çağırışçılar barəsində qərarların qəbul edilməsi kimi məsələlərlə bağlı müddətlərin optimallaşdırılmasını diqqətə çatdırıb. Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılan vətəndaşların dairəsi və təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi ilə bağlı daha dəqiq tənzimləmə təsbit olunub.
Cinayət Məcəlləsinin 321-ci maddəsinə əlavə edilməsi təklif olunan "Qeyd" hissəsində "çağırışdan boyun qaçırma" əməlinin nədən ibarət olması dəqiq müəyyən olunur. Buna uyğun olaraq, Miqrasiya Məcəlləsinə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı yeni halın əlavə edilməsi təklif olunur. İnzibati Xətalar Məcəlləsində çağırışçılar və hərbi vəzifəlilər haqqında aidiyyəti orqanlar tərəfindən məlumatların vaxtında verilməməsinə görə inzibati məsuliyyəti müəyyən edən maddənin dispozisiyası dəqiqləşdirilir və bu inzibati xətaya görə məsuliyyət sərtləşdirilir.
Digər qanunlara dəyişikliklər isə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda mövcud olan müddəalardan və bu layihə ilə təklif edilən dəyişikliklərdən irəli gəlir.
Komitə sədri Arzu Nağıyev qanun layihəsinin komitə iclasında birinci oxunuşda müzakirəsindən sonra dəyişikliklərin sosial şəbəkələrdə və mediada dəstəkləndiyini, müsbət dəyərləndirildiyini vurğulayıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov layihə ilə bağlı komitələrinin müsbət rəylərini diqqətə çatdırıblar. Layihənin müzakirəsində deputatlar Vüqar Bayramov və Aydın Hüseynov çıxış edərək dəyişikliklərə dair fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev qaldırılan məsələlərə aydınlıq gətirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"