30 Dekabr 2021 23:00
1590
PARLAMENT

Milli Məclisin 2021-ci il payız sessiyası başa çatıb

 

Dekabrın 30-da Milli Məclisin 2021-ci ildə son iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyi qəbul edildikdən sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, ənənəyə uyğun olaraq hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Milli Məclis dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza və həmvətənlərimizə müraciət qəbul edir. Sədrin təklifi ilə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimlinin sədrliyi ilə 7 nəfərdən ibarət Redaksiya komissiyası yaradılıb. Fəzail İbrahimli komissiyanın sədri, Eldar Quliyev, Afət Həsənova, Ceyhun Məmmədov, Könül Nurullayeva, Şahin Seyidzadə və Elşən Musayev komissiyanın üzvləri təyin ediliblər.

Sonra iclasda cari məsələlərin müzakirəsinə başlanılıb.

Komitə sədri Zahid Oruc, deputatlardan Hikmət Məmmədov, Fazil Mustafa, Məlahət İbrahimqızı, Razi Nurullayev, Aydın Hüseynov, Nurlan Həsənov, Naqif Həmzəyev, Emin Hacıyev, Cavid Osmanov ölkə rəhbərliyini və xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik ediblər, 2021-ci ilin yekunları ilə bağlı fikirlərini açıqlayıblar.

Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox uğurlu bir yol keçib. 2021-ci il həm diplomatik müstəvidə, həm regionların inkişafı baxımından, habelə işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərinin aparılması sahəsində, dövlətin iqtisadi potensialının artırılması baxımından çox əhəmiyyətli il olub. Qeyd olunub ki, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlamenti də xeyli uğurlar əldə edib. Dövlətimizin başçısının təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis olunması və bu işdə parlament rəhbərliyinin əməyi yüksək qiymətləndirilib.

Çıxışlarda cari ildə Azərbaycan tarixində baş vermiş önəmli hadisələrdən, o cümlədən mühüm əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsinin imzalanması, tarixi ədalətin təntənəsi olaraq Zəfər yolunun açılışı, Füzuli Beynəlxalq Hava Limanının açılışı, habelə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən zirvə toplantısı və bu görüşdə qurumun adının Türk Dövlətləri Təşkilatı kimi təqdim edilməsi barədə söhbət açılıb. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncam və fərmanların Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyə 9 məsələ daxil edilib. Bunlardan 2-si Milli Məclisin qərar layihələridir, 4-ü beynəlxalq sazişlərdir, 1-i üçüncü oxunuşda, 2-si isə bir oxunuşda qəbul ediləcək qanun layihələridir.

Parlamentin sədri bildirib ki, birinci məsələ İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsidir. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası qanununun tələbinə görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri Milli Məclisdə seçilir. Bu il həmin Yayım Şurasının üç üzvünün səlahiyyət müddəti başa çatıb. Bununla əlaqədar Sahibkarlar Şurası, gənclər təşkilatları və qadın cəmiyyətləri tərəfindən Milli Məclisə namizədlər təqdim edilib. Hər bir qurum iki namizəd təqdim edib.

Sonra məsələ barədə Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məlumat verib. Qeyd olunub ki, “İctimai televiziya və radio yayımı haqqında” qanunun 17.4-cü maddəsinə uyğun olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları və qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlərin 6 illik səlahiyyət müddəti başa çatdığına görə, yeni namizədlərin irəli sürülməsi ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən müvafiq təşkilati tədbirlər görülüb.

Bildirilib ki, Sahibkarlar Şurası, gənclər təşkilatları və qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin təsdiq edilməsi üçün lazımi tədbirlərin görülməsi xahiş olunur.

Müzakirələr zamanı çıxış edən komitə sədri Siyavuş Novruzov, deputatlardan Fazil Mustafa, Etibar Əliyev, Pərvin Kərimzadə, Sahib Alıyev, Hikmət Məmmədov, Fəzail Ağamalı İctimai Televiziyanın fəaliyyəti ilə bağlı öz fikirlərini səsləndiriblər, qeyd və təkliflərini bildiriblər.

Sonra səsvermə nəticəsində təqdim olunan namizədlərdən Sahibkarlar Şurası tərəfindən Vüqar Zeynalov, gənclər təşkilatları tərəfindən Azər Əliyev, qadın cəmiyyətləri tərəfindən Sevil Yusifova İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçiliblər.

İclasda Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələbinə əsasən, beynəlxalq sazişlərlə bağlı növbəti qanun layihələri bir oxunuşda qəbul ediləcək.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında Azərbaycan Respublikasında Ofislərin Qurulmasına və Fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verib.

Bildirilib ki, Saziş 2021-ci il noyabrın 18-də Bakı şəhərində imzalanıb. Sazişdə Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında əməkdaşlıq imkanları, eyni zamanda Dünya Bankına daxil olan qurumların ölkəmizdə ofislərinin yaradılması və fəaliyyəti öz əksini tapıb. Sənəddə Azərbaycan Respublikasının Dünya Bankı Qrupu Təşkilatlarının - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB), Beynəlxalq İnkişaf Assosiasiyası (BİA), Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MİGA) üzvü olması, bu təşkilatların Azərbaycan Respublikası üçün mütləq olan müvafiq Saziş Maddələrinə və Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin Təsisi haqqında Konvensiyaya qoşulması qeyd olunur, ofislərin Azərbaycan Respublikasında statusunun, imtiyaz və immunitetlərinin müəyyənləşdirilməsi və Dünya Bankı Qrupu Təşkilatlarına Azərbaycanda öz məqsədlərini və funksiyalarını yerinə yetirmək üçün imkanların yaradılması niyyəti bildirilir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov rəhbərlik etdiyi komitənin sənədlə əlaqədar müsbət rəyini bildirilib.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev növbəti məsələni - “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, iki ölkənin gömrük orqanları arasında inkişaf perspektivləri genişlənir və bu istiqamətdə atılacaq addımlar qarşılıqlı ticarət dövriyyəsinin artmasına da müsbət təsir göstərəcək.

2021-ci il noyabrın 15-də Ər-Riyad şəhərində imzalanmış sənəddə malların ixracı və ya idxalı zamanı tətbiq edilən gömrük rüsumlarının, vergilərin, digər ödənişlərin dəqiq qiymətləndirilməsinin, qadağa, məhdudiyyət və nəzarət tədbirlərinin düzgün icrasının təmin edilməsinin əhəmiyyəti bildirilir və tərəflərin qoşulduğu beynəlxalq konvensiyalar nəzərə alınaraq müvafiq maddələrdə təsbit olunan məsələlərlə bağlı razılıq əldə edilir.

Komitə sədri Səməd Seyidov Sazişə dair Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin də müsbət rəyinin olduğu deyib.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsindən bəhs edib. Diqqətə çatdırılıb ki, adı çəkilən Saziş 1997-ci il yanvarın 17-də Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında imzalanıb. Sazişin məqsədi rabitə sistemlərinin inkişafı və dövlətlərarası rabitə xidmətləri bazarının təkmilləşdirilməsi sahəsində MDB ölkələrinin əməkdaşlığını təmin etməkdir.

Bildirilib ki, Sazişə təklif olunan dəyişikliklərdə telefon rabitəsində, məlumatların ötürülməsində, internetə çıxışda müasir rəqəmsal standartların yaratdığı yeni imkanların səyyar radiotelefon rabitəsi sahəsində nəzərə alınması üçün MDB dövlətlərinin mobil radiotelefon rabitəsi sahəsində qarşılıqlı fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur.

Sənədə əsasən, tərəflər həmçinin mobil rabitə sistemlərindən istifadədə göstərilən transsərhəd xidmətlərin inkişafına kömək etmək, rabitə operatorları üçün xidmətlərin göstərilməsi üzrə fəaliyyətlərin tənzimlənməsini sadələşdirmək və sərhədyanı stansiyalarından gələn siqnalın gücünün tənzimlənməsi üzrə tədbirlər görmək niyyətindədirlər. Bundan əlavə, təhlükəsizlik sahəsində aktual problemlərin, o cümlədən, mobil radiotelefon şəbəkələri vasitəsilə ötürülən qeyri-qanuni və aşağıkeyfiyyətli trafik nəticəsində yaranan maliyyə itkiləri ilə bağlı problemlərin həllində əməkdaşlıq da nəzərdə tutulur.

Məsələ ilə bağlı çıxış edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, qanun layihəsi qeyd-şərtlə qəbul olunur. Qeyd edilib ki, biz ölkənin ərazi bütövlüyü ilə əlaqədar olaraq qanun layihələrinə qeyd-şərt daxil edirdik. Artıq torpaqlarımız azaddır və hazırda qeyd-şərt Azərbaycanla Ermənistan arasında olan münasibətlərə aiddir və bu çox vacib məsələdir. Hər bir qanunda belə qeyd-şərtin olması gələcəkdə məsələlərin öz həllini tapmasına xidmət edir.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Sonra komitə sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, bu, Azərbaycan pasportunun güclənməsini göstərən vacib qanun layihəsidir.

Sənədə əsasən, tərəflər arasındakı dostluq münasibətlərini daha da inkişaf etdirmək niyyəti ilə, ümumvətəndaş pasportlarına malik olan şəxsləri viza tələbindən azad etməklə öz vətəndaşları üçün səyahəti və hər iki ölkədə qısa müddətli qalmanı asanlaşdırmaq məqsədi ilə razılıq əldə edilib. Sazişdə qeyd olunur ki, hər iki ölkənin yuxarıda göstərilən pasportlara malik olan vətəndaşları qarşı tərəfin ərazisinə vizasız daxil ola, tranzit keçə, oranı tərk edə və orada 30 gün müddətində qala bilərlər.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Sonra iclasda üçüncü oxunuşda “Media haqqında” qanun layihəsinə baxılıb. Parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasda media təşkilatlarının və müxtəlif media orqanlarının rəhbərləri və təmsilçiləri iştirak edirlər. Milli Məclisin sədri qeyd edib ki, iki gün əvvəl qanun layihəsi ilə bağlı Milli Məclisin iki komitəsinin və media nümayəndələrinin iştirakı ilə növbəti geniş dinləmələr keçirilib.

İclasda “Media haqqında” qanun layihəsini üçüncü oxunuşda İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edib. Bildirilib ki, layihə sağlam jurnalistikanın gücləndirilməsinə yönəlib. Avropa Şurasının Venesiya Komissiyası hazırkı layihənin bazasında hazırlanmış iki qanuna - “KİV haqqında” və “Teleradio yayımı haqqında” qanunlara müsbət rəy verib və Milli Məclis vahid sənəddə birləşdirdiyi və yeni tənzimləyici normalar əlavə etdiyi sənədi yasaqlayıcı saymır və istənilən beynəlxalq təşkilatla bu yöndə diskussiyalara hazırdır. O da diqqətə çatdırılıb ki, media şirkətləri öz reportajlarını və digər məlumatlarını yaymaq üçün sosial media platformaları da daxil olmaqla, bütün kommunikasiya mexanizmlərindən istifadəyə davam edəcəklər, çünki layihə sosial şəbəkə və yutub kanallarını tənzimləmir. Qeyd edilib ki, jurnalistlər üçün Media Reyestrində qeydiyyat məcburi deyil, istəyə bağlıdır. Müstəqil bloqerlər məhdudiyyətsiz fəaliyyətlərini davam etdirə bilərlər. Sənəddə bütün jurnalistləri yalnız vahid vəsiqə altına yığmaq məqsədi qarşıya qoyulmayıb. Burada könüllülük prinsipi seçilib. Komitə sədri heç bir partiyanın və dini qurumların informasiya məkanına çıxışını məhdudlaşdırmaq üçün yeni normaların yaradılmadığını da söyləyib.

Sonra komitə sədri “Media haqqında” qanun layihəsinə maddələr üzrə təklif olunan dəyişikliklər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, sənədin 13.3-cü maddəsinə informasiya agentliklərinin təklifinə əsasən, media subyektləri üçün informasiya agentliklərinin məlumatlarından istifadə zamanı istinad göstərmək öhdəliyini daha aydın müəyyən etmək üçün “istinadla bağlı tələb istisna olmaqla” sözlərinin əlavə edilməsi təklif olunub. 14.1.11-ci maddədə “faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir” cümləsində media nümayəndələrinin təklifi ilə “şərh olunmalı” sözləri “təqdim olunmalı” sözləri ilə əvəzlənib.

Qeyd edilib ki, layihəyə əlavə olunan yeni 30.8-ci maddədə dəqiq göstərilib ki, “Birbaşa internet üzərindən audiovizual proqramlar yayımlayan şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımçısı lisenziyası ala bilərlər”. Bunun davamı olaraq 30.2-ci maddədə də bildirilir ki, internet televiziyaları istisna olmaqla digər platforma yayımçıları lisenziya əsasında fəaliyyət göstərir.

Növbəti dəyişikliklə bağlı bildirilib ki, proqramların istehsalında istifadə olunan hər hansı bir texniki avadanlığın uyğunluğunun qiymətləndirilməsi bu layihənin predmeti olmadığı üçün qanun layihəsinin 36-cı maddəsinin “proqramların istehsalı, ötürülməsi və yayımlanmasını” ifadəsində “istehsalı” sözü çıxarılıb.

Məlumat verilib ki, 39.1.2-ci maddədə edilən dəyişiklik 2017-ci ildə qəbul olunmuş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun müddəaları ilə uyğunlaşdırma xarakteri daşıyır. Milli qanunvericilikdəki yeni yanaşma nəzərə alınaraq, 39.1.2-ci maddənin “tütün istifadəsi prosesinin açıq nümayiş etdirildiyi proqramlarda tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə xüsusi xəbərdaredici məlumatların verilməsini təmin etmək” müddəasından “açıq” sözü çıxarılıb.

Həmçinin normativ hüquqi akt layihəsinin qəbul olunma prosedurunun yekunlaşacağı vaxtın əvvəlcədən müəyyən edilməsi çoxsaylı müzakirələrə səbəb olduğundan müvafiq 78.4-cü maddə layihədən çıxarılıb.

Bundan başqa, sənədə 78.6-cı maddə əlavə olunub. Yeni maddəyə əsasən, bu Qanunun 26.3.1-ci və 74.2.3-cü maddələri qanun qüvvəyə mindikdən sonra yaranmış hallara şamil olunur. Qeyd edilib ki, layihənin müvafiq maddələrində ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslərə münasibətdə media subyekti təsis etməyi və jurnalist kimi Media Reyestrinə daxil olunmağı qadağan edən normaların qanunun qəbulundan əvvəl yaranmış münasibətlərə də şamil olunacağına dair fikirlərin qarşısını almaq üçün sözügedən müddəanın təsbiti məqsədəuyğun sayılıb.

Bildirilib ki, son dəyişiklik 26.3-cü maddə ilə bağlıdır. Belə ki, 26.3.4-cü və 26.3.5-ci maddələrin “Siyasi partiyalar və dini qurumlar yalnız çap mediasının təsisçisi (iştirakçısı) ola bilərlər” məzmununda 26.4-cü maddə ilə əvəzlənməsi məqsədəmüvafiq hesab edilib.

Zahid Oruc çıxışının sonunda işçi qrupunun rəhbəri Əhməd İsmayılova, Teleradio Şurasının sədri İsmət Səttarova, Milli Məclis Aparatına qanun layihəsinin hazırlanmasında göstərdikləri xidmətlərinə görə təşəkkürünü ifadə edib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli rəhbərlik etdiyi komitə üzvlərinin layihə ilə bağlı bütün mərhələlərdə gedən proseslərdə aktiv iştirak etdiyini bildirib.

Sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda iştirak edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Media haqqında” qanun layihəsinin cəmiyyət üçün müstəsna əhəmiyyətini nəzərə alaraq, onun ətrafında Milli Məclis səviyyəsində dəfələrlə müzakirələrin təşkil olunmasına, həmçinin çoxsaylı media nümayəndələrinin və ekspertlərin bu müzakirələrdə iştirakına göstərilən xüsusi diqqətə görə minnətdarlığını ifadə edib. Qanun layihəsinin işçi qrupunda hazırlanması, Milli Məclisdə müzakirələr zamanı layihənin təkmilləşdirilməsi istiqamətində verdikləri töhfələrə görə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrin sədlərinə, müzakirələrdə fəal iştirak etdiklərinə görə bütün deputatlara təşəkkürünü bildirib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, ölkəmizdə 2020-ci il yanvarın 1-dən icbari tibbi sığortanın tətbiqinə başlanıb. İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər icbari tibbi sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilir. 2020-ci il yanvarın 1-dən 2 il müddətinə bu vəsaitlər hesabına tibbi xidmətlərin göstərilməsi ƏDV-dən azad edilib. Qanun layihəsində qeyd olunan müddətin daha bir il uzadılması nəzərdə tutulur.

Deputat Elşad Mirbəşir çıxış edərək qanun layihəsini təqdir edib, bunu dövlətimiz tərəfindən növbəti humanist addım kimi qiymətləndirib, bir sıra təkliflərini səsləndirib.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib. Bildirib ki, Mənzil Məcəlləsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar var, lakin qaydalar qeyd olunmayıb. Bu qaydalar ölkə Prezidentinin tapşırığına əsasən Nazirlər Kabineti tərəfindən hazırlanacaq. Buna görə də Məcəllənin 146.4-cü maddəsinə “qaydalar” sözünün əlavə edilməsi təklif olunur.

Qanun layihəsi səs qoyularaq bir oxunuşda qəbul edilib.

Sonra Sahibə Qafarova bildirib ki, gündəliyin 9-cu məsələsi Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti haqqındadır. Qeyd edib ki, artıq komissiya öz işini bitirib və müraciətin mətni hazırdır.

İclasda deputat Könül Nurullayeva Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Milli Məclisin Müraciətini oxuyub.

Parlamentin komitə sədri Hicran Hüseynova, deputatlardan Aydın Hüseynov, Nizami Cəfərov məsələ ilə bağlı fikirlərini söyləyiblər, qeyd və təkliflərini bildiriblər.

Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin, həmçinin müraciətin hazırlanması üzrə Redaksiya komissiyasının sədri Fəzail İbrahimli Milli Məclisin müraciəti barədə öz düşüncələrini açıqlayıb, səsləndirilən fikirlərə münasibət bildirib.

Müzakirələrin sonunda Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti səsə qoyularaq qəbul edilib.

Gündəlikdəki məsələlərin müzakirəsi başa çatdıqdan sonra Mili Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün payız sessiyasının son iclasıdır. Biz həm payız sessiyasına, həm də ilə yekun vururuq.

Parlamentin sədri sessiya dövründə və 2021-ci il ərzində görülmüş işlər haqqında qısa məlumat verərək bildirib ki, Milli Məclisin 2021-ci il payız sessiyasında 16 plenar iclas keçirilib, 91 qanun və 11 qərar, o cümlədən 1 Konstitusiya qanunu qəbul olunub, 71 qanunda dəyişiklik edilib. Ümumilikdə, 2021-ci ildə 38 plenar iclas keçirilib, 189 qanun və 33 qərar, o cümlədən 2 Konstitusiya qanunu qəbul olunub, 154 qanunda dəyişiklik edilib.

Sahibə Qafarova bu qanun və qərarların arasında yeni qəbul edilən “Müstəqillik günü haqqında” Qanunu, “8 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarını, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”, “Turizm haqqında” qanunları, bu gün qəbul edilən “Media haqqında” qanunu, 22 qanundan ibarət dövlət büdcəsi zərfini xüsusi qeyd edib. Bildirib ki, Dövlət büdcəsi zərfinə daxil olan həmin 22 qanunun əksəriyyəti sosial məsələlərlə bağlı qanunlar olub.

Diqqətə çatdırılıb ki, Milli Məclis 2021-ci ildə Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün zəruri işlər həyata keçirilib.

Milli Məclis Vətən müharibəsinin başlanmasının ildönümü, 27 sentyabr Anım Günü və müharibədə əldə edilmiş böyük qələbə, 8 noyabr Zəfər Günü münasibəti ilə bəyanatlar qəbul edib. Həmin bəyanatlarda Azərbaycan xalqının son 200 ildə yaşadığı faciələrə münasibət bildirilib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik və siyasi, diplomatik məharəti nəticəsində Vətən müharibəsində qazanılmış böyük qələbə ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu qeyd edilib. Eyni zamanda, bu qələbədən sonra əzəli və tarixi torpağımız olan Qarabağın həyatında yeni dövr – bərpa və quruculuq dövrünün başlanması, Azərbaycanın Cənubi Qafqaz bölgəsində yeni geosiyasi reallıq yaratması vurğulanıb.

Sahibə Qafarova qeyd edib ki, həmin bəyanatlar ingilis dilinə tərcümə olunaraq 82 ölkənin parlamentinə və 11 beynəlxalq parlament təşkilatına göndərilib. Ayrıca olaraq Milli Məclis tərəfindən 82 ölkənin parlamentinə müvafiq məktublar ünvanlanıb. Həmin məktublara cavab olaraq 30-a yaxın ölkənin parlamentindən və bir sıra beynəlxalq parlament təşkilatından Milli Məclisə təbrik və dəstək xarakterli məktublar daxil olub. Zəfər Günü münasibəti ilə bir sıra ölkələrin elm və ictimai-siyasi xadimlərindən də təbrik məktubları almışıq.

Eyni zamanda, Milli Məclis tərəfindən 14 xarici ölkədə və ölkə daxilində Anım və Zəfər günlərinə həsr edilmiş bir sıra tədbirlər, o cümlədən müxtəlif universitetlərlə birgə konfranslar təşkil edilib.

Milli Məclisin deputatları Vətən müharibəsi şəhidlərinin, həmçinin müharibə dövründə erməni silahlı birləşmələri tərəfindən raketlər atılması nəticəsində həlak olanların ailələri və qazilərlə çoxsaylı görüşlər keçirmiş, şəhidlərimizin ildönümü, adlarının əbədiləşdirilməsi və digər tədbirlərdə fəal iştirak ediblər. Deputatlarımız ümumən, 2200-dən çox bu cür tədbirdə iştirak ediblər.

İl ərzində Milli Məclisin əməkdaşlıq etdiyi ölkələrin parlamentlərinə və beynəlxalq parlament təşkilatlarına Milli Məclisin sədri və müvafiq komitə rəhbərləri tərəfindən 635 məktub göndərilib. Eyni zamanda, Milli Məclisin sədri və deputatlarımız yerli və xarici kütləvi informasiya vasitələrində müntəzəm çıxışlar ediblər, 2021-ci il ərzində deputatlarımız xarici ölkələrdəki həmkarları ilə 75 canlı, 152 onlayn görüş keçirmiş və telefon danışıqları aparmış, xalqımızın haqq işinə beynəlxalq dəstəyi təmin etmək üçün hər bir imkandan istifadə ediblər.

S.Qafarova bildirib ki, Milli Məclisin deputatlarının il ərzində seçki dairələrində öz seçiciləri ilə 5538 səyyar və onlayn görüşü keçirilib.

Milli Məclisin yaz və payız sessiyalarının iclaslarında Nazirlər Kabinetinin və Hesablama Palatasının 2020-ci ildə fəaliyyətləri haqqında illik hesabatlar, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun və Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatları, İnsan hüquqları üzrə müvəkkilin və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik məruzələri dinlənilib və nəzərə alınıb, 2022-ci ilin dövlət büdcəsi müzakirə və qəbul edilib.

Sahibə Qafarova iyunun 16-da Azərbaycan parlamentinin tarixi bir gün yaşadığını xatırladıb. Bildirib ki, həmin gün ölkəmizdə rəsmi səfərdə olan türk dünyasının böyük siyasi və dövlət xadimi, qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan parlamentində çıxış edib. Bu çıxış 44 günlük Vətən müharibəsində olduğu kimi, Türkiyə Cümhuriyyətinin Prezidentinin, türk xalqının bu gün də Azərbaycanın yanında olmasını, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının əbədi və sarsılmaz olduğunu göstərdi.

Parlamentin sədri 2021-ci il iyul ayının 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Üçtərəfli Bakı Bəyannaməsinin imzalanmasını da yola saldığımız ilin ən mühüm uğurlarından biri kimi qiymətləndirib. Vurğulayıb ki, xalqlarımızın ortaq maraqlarına xidmət edən Bakı Bəyannaməsi qardaş ölkələrimizin parlamentləri arasında əməkdaşlığın daha da genişləndirilməsini, tarixi qardaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsini nəzərdə tutur. Eyni zamanda, bu strateji sənədin imzalanması ilə Milli Məclis ilk dəfə olaraq yeni, üçtərəfli əməkdaşlıq formatını tətbiq etdi.

Milli Məclisin sədri qeyd edib ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin və onun rəhbərlik etdiyi nümayəndə heyətlərinin Şuşaya səfəri də çox təsirli və faydalı olub. Səfər zamanı qonaqlar ermənilərin 30 il ərzində işğal altında saxladıqları ərazilərimizi, kənd və şəhərlərimizi necə viran qoyduqlarının şahidi olublar. Onlar bu gün Azərbaycanın həmin torpaqlarda apardığı bərpa-quruculuq işlərini görüblər. Şuşa ziyarətinə rahat “Zəfər yolu” ilə getmələri, tikilməkdə olan Füzuli Beynəlxalq Hava Limanı, digər infrastruktur obyektləri ilə tanış olmaları qonaqlarda böyük təəssürat yaradıb. Nümayəndə heyətləri Şuşanın tarixi yerlərində, Ermənistanın işğalı dövründə dağıtdığı, hazırda bərpa və yenidənqurma işləri aparılan məsciddə olublar.

Sahibə Qafarova diqqətə çatdırıb ki, 2 ildən artıqdır ki, bütün dünyanın, o cümlədən Azərbaycanın pandemiya ilə mübarizə şəraitində yaşaması reallığı Milli Məclisin fəaliyyətinə öz təsirini göstərsə də, iş ahəngini qoruyub saxlamaq mümkün olub. Bu şəraitdə komitə və komissiyaların iclasları, əsasən, videokonfrans formatında keçirilsə də, canlı iclaslar da olub, 4 məsələ ilə bağlı dinləmələr baş tutub.

Pandemiya şəraitinə baxmayaraq, parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində işlərdə ötən illə müqayisədə canlanma müşahidə edilib. Belə ki, payız sessiyası və ümumən 2021-ci il Milli Məclisin nümayəndə heyətlərinin xarici ölkələrə rəsmi və işgüzar səfərləri baxımından sıx və səmərəli olub. Milli Məclisin sədri və deputatlarımız bir sıra xarici ölkələrə rəsmi və işgüzar qaydada baş tutmuş səfərlər zamanı konfrans, iclas, müzakirə formatında keçirilən tədbirlərdə iştirak və çıxış ediblər. Deputatlarımız həmçinin beynəlxalq təşkilatların, tərəfdaş parlamentlərin videokonfrans formatında baş tutmuş tədbir və toplantılarına qatılıblar.

S.Qafarova plenar iclaslar zamanı xarici ölkələrə səfərlər və onların nəticələri barəsində hər dəfə geniş məlumat verdiyinə görə təkrara yol verməmək üçün rəsmi və işgüzar səfərlərlə bağlı konkret statistikanı və qısa məlumatı da diqqətə çatdırıb.

Bildirib ki, 2021-ci ildə Milli Məclisin nümayəndə heyətinin onun rəhbərliyi altında xarici ölkələrə 15 rəsmi və işgüzar səfəri olub. Onların 5-i rəsmi, 10-u isə işgüzar səfər olub. Milli Məclis sədrinin müavinlərinin 6 ölkəyə, deputatların isə 64 ölkəyə işgüzar səfəri baş tutub. Bu səfərlər zamanı Milli Məclisin sədri və nümayəndə heyətlərimizin üzvləri çoxsaylı tədbirlərdə iştirak və çıxış ediblər.

Sahibə Qafarova qeyd edib ki, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə aprelin 15-16-sı, oktyabrın 12-si və noyabrın 25-də parlament nümayəndə heyətinin işgüzar səfərləri zamanı MDB Parlament Assambleyasının 52-ci və 53-cü plenar iclaslarında, 3-cü Avrasiya Qadınlar Forumunda, həmçinin bir neçə beynəlxalq təşkilat tərəfindən təşkil edilən beynəlxalq konfranslarda çıxışları olub.

Nümayəndə heyətimiz iyunun 1-i və 2-də Pakistanın İslamabad şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında aparılan müzakirələrdə fəal iştirak edib. Təşkilatçıların dəvəti ilə Milli Məclisin sədri konfrans çərçivəsində keçirilən qadın parlament üzvlərinin iclasının ilk sessiyasına sədrlik edib.

S.Qafarova deyib ki, Milli Məclisin nümayəndə heyətinin Macarıstana rəsmi səfəri çərçivəsində, iyunun 29-da Türk Şurasının Budapeşt nümayəndəliyinin ofisində “2021-ci il – Nizami Gəncəvi ili”nə həsr olunmuş tədbirdə çıxış edib və Türk Şurasının öz strateji baxışını yaratması barədə fikirlərini bölüşüb. Həmin səfər çərçivəsində S.Qafarova deputat həmkarları ilə birlikdə ölkənin Baş naziri, xarici işlər naziri, spiker və dostluq qrupunun üzvləri ilə görüşlər keçirib.

Sahibə Qafarova bildirib ki, Milli Məclisin nümayəndə heyəti 2021-ci il sentyabrın 5-dən 9-dək Avstriyada işgüzar səfərdə olub. Səfər çərçivəsində Vyana şəhərində keçirilən parlament sədrlərinin 5-ci dünya konfransında "COVID-19 pandemiyasına qlobal cavab multilateralizmin insanlara yardımını çətinləşdirir" mövzusunda müzakirələrdə çıxışında o, COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin artırılmasına böyük ehtiyac olduğunu bildirib və ölkəmizin bu bəlaya qarşı mübarizədə həyata keçirdiyi tədbirlər və qlobal miqyasda irəli sürdüyü təşəbbüslər barədə məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatı adından irəli sürdüyü, 150-dən çox dövlətin dəstəklədiyi təkliflə 2020-ci ilin dekabrında Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirildiyini qeyd edib.

S.Qafarova qeyd edib ki, oktyabrın 20-dən 22-dək Yunanıstana işgüzar səfər zamanı Afina şəhərində keçirilən Avropa Şurasının üzvü olan ölkələrin Parlament Sədrlərinin Avropa Sammitində iştirakımız da çox səmərəli olub. 47 ölkənin parlament sədrlərinin qatıldığı konfransda Sahibə Qafarovanın 2 mövzu üzrə, “Demokratiya COVID-19 pandemiyasının səhiyyədə yaratdığı böhranla üz-üzə” və “Bütün Avropa vətəndaşlarının ümumi gələcəyi” mövzusunda çıxışı olub.

Milli Məclisin sədri İspaniyanın paytaxtı Madrid şəhərində noyabrın 27-28-də keçirilən Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında “Demokratiyanın üzləşdiyi müasir çağırışlar” mövzusunda müzakirələri və Assambleya çərçivəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis edilməsi ilə əlaqədar iclası xüsusi qeyd edib.

Bildirib ki, Milli Məclisin sədri kimi 50-yə yaxın ölkədən 200-ə qədər nümayəndənin iştirak etdiyi təsis iclasına sədrlik etmək, həqiqətən çox qürurverici idi. Çünki bu iclasda Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis edilməsinə dair Madrid Bəyannaməsi qəbul olundu, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan yeni beynəlxalq qurum tarixə Azərbaycanın adı ilə daxil oldu.

S.Qafarova Prezidentin bütün təşəbbüsləri kimi, yeni yaradılan beynəlxalq təsisatın fəaliyyətinin də uğurlu olacağına, üzv dövlətlərin parlamentləri arasında çoxistiqamətli əməkdaşlıq platforması rolunu oynayacağına inamını ifadə edib.

Diqqətə çatdırıb ki, Türkiyənin İstanbul şəhərində dekabrın 10-da keçirilən İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının "Paylaşım, vicdan və İslam: Fələstin, miqrasiya və Əfqanıstan" mövzusuna həsr edilmiş 16-cı konfransı da xüsusi əhəmiyyət kəsb edirdi. Sahibə Qafarova həmin konfransdakı çıxışında təşkilatın üzvü olan ölkələr arasında inteqrasiya proseslərinin güclənməsinin bizim bölgələrimizin zəngin təbii ehtiyatlarının, nəqliyyat imkanlarının və intellektual potensialının daha səmərəli istifadəsinə kömək edəcəyini və digər məsələləri qeyd edib.

Milli Məclisin nümayəndə heyətinin mayın 17-dən 19-dək İtaliya Respublikasına, iyunun 28-dən 30-dək Macarıstan Respublikasına, avqustun 5-6-da İran İslam Respublikasına, sentyabrın 27-dən 29-dək Qazaxıstan Respublikasına, oktyabrın 7-dən 9-dək Slovakiya Respublikasına rəsmi səfərləri də çox səmərəli və uğurlu olub.

Sahibə Qafarova qeyd edib ki, xarici səfərlər zamanı nümayəndə heyətimizin səfər etdiyi ölkələrdə həmin ölkələrin yüksək vəzifəli şəxsləri ilə onun rəsmi görüşləri baş tutub. Bu görüşlərdən 3-ü həmin ölkələrin prezidentləri, 2-si Baş naziri, 35-i parlament sədri ilə keçirilib. Eyni zamanda, dost və tərəfdaş ölkələrin parlamentlərində fəaliyyət göstərən Azərbaycanla dostluq qruplarının üzvləri ilə də səmərəli görüşlər olub.

Milli Məclisin sədri rəsmi və işgüzar səfərlər zamanı bütün görüşlərində və etdiyi çıxışlarda deputat həmkarları ilə birgə Azərbaycanın Vətən müharibəsində qazandığı inamlı qələbə ilə öz ərazilərini Ermənistan silahlı birləşmələrinin işğalından azad etməsi, ərazi bütövlüyünü, ədaləti bərpa etməsi, işğalın nəticələrinin aradan qaldırılması üçün artıq irimiqyaslı proqramların icrasına başlamasının bütün çıxışlarda qırmızı xətt kimi keçdiyini vurğulayıb.

Milli Məclisin sədri deyib ki, 2021-ci il ərzində Milli Məclisdə 3 ölkənin parlament sədrini, 1 ölkənin Baş nazirini, 3 ölkənin xarici işlər nazirini, 16 ölkənin Azərbaycandakı səfirini və Azərbaycanın xarici ölkələrdə çalışan 10 səfirini qəbul edib.

Sahibə Qafarova çıxışının sonunda bildirib ki, beləliklə, Milli Məclis payız sessiyasını və 2021-ci ili uğurla başa çatdırır. Bununla əlaqədar Milli Məclisin sədri hamıya səmərəli iş üçün dərin təşəkkürümü bildirib. Həm Aparatın, həm də İşlər idarəsinin işçilərinə də dərin minnətdarlığını ifadə edən S.Qafarova pandemiya dövrünə baxmayaraq, həm keçən il, həm bu il bir iclasın da buraxılmadığını deyib. Hər bir iclasın da səmərəli olduğunu, Aparatın da, İşlər idarəsinin də işçilərinin deputatların iş şəraitinin normal olması üçün əllərindən gələni etdiklərini diqqətə çatdırıb.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, qarşıdan bizim gözəl bayramlarımız gəlir. Xalqımız Dünya azərbaycanlılarının həmrəyliyi gününü və Yeni ili qeyd edəcəkdir. Milli Məclisin sədri bayramlar münasibəti ilə hər kəsi səmimi qəlbdən təbrik edirəm. Sahibə Qafarova iclası izləyən media nümayəndələrini də təbrik edərək gələn il onların da deputatlarla eyni zalda bir yerdə oturmalarını arzu edib.

Milli Məclisin sədri təklif edib ki, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlansın. Həmin məktublarda Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar barədə arzular ifadə olunsun. Milli Məclis sədrinin təklifi müsbət qarşılanıb.

Sonra Sahibə Qafarova Milli Məclisin payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Bununla da Milli Məclisin 2021-ci il payız sessiyası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video