Ölkəmizdə rəssamlıq sənətinin daha da zənginləşməsi və püxtələşməsi istiqamətində yaddaqalan töhfələr bəxş etmiş sənətkarlardan biri də Ələkbər Rzaquliyevdir. Onu həmçinin qrafika sahəsinin linoqravüra texnikasında özünəməxsus əsərlər yaratmış ustad kimi də xarakterizə etmək olar. Bu il əməkdar rəssamın anadan olmasının 120 illik yubileyidir.
Ə.Rzaquliyev 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1925-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. Ə.Rzaquliyev həmçinin Moskvada VXUTEMAS-da (Dövlət Ali Bədii-Texniki Emalatxanaları) dərs almışdır (1925-1928). O, burada tanınmış rus rəssamları D.Şterenberq, S.Gerasimov, P.Konçalovski, V.Favorski, M.Rodionov, R.Falk və A.Drevindən sənətin incəliklərini öyrənmişdir.
Ə.Rzaquliyev yaşadığı keşməkeşli illər ərzində doğma xalqının həyatından, özünün ömür-gün gündəliyindən daha yaxın hadisələri fırçaya almaqla bir-birindən maraqlı bədii sənət inciləri yaratmış, gələcək nəsillərə miras qoyub getmişdir. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və eləcə də bir çox xarici ölkənin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. Rəssam 1926-cı ildən ömrünün sonunadək müxtəlif yerli və beynəlxalq əhəmiyyətli sərgilərdə iştirak etmişdir. Onun Bakı (1963, 1974, 2003), Moskva (1966, 1973), Kiyev (1973) və Lvovda (1974) əsərlərindən ibarət fərdi sərgiləri təşkil edilmişdir. Ə.Rzaquliyev Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. Rəssam 25 ilə yaxın "Bülbüllər adasında" (Soloveçskiye ostrova) sürgün həyatı yaşamağa məcbur edilmişdir. Bu səbəbdən də onun layiq olduğu sənət şöhrətinə ucalmasına rəğmən rəssamın yaradıcılıq uğurları qısqanclıqla qarşılanmışdır.
Ə.Rzaquliyev yaradıcılığının ilkin dövrlərində rəngkarlıqla məşğul olmuşdur. Bunlara misal olaraq "Azərbaycan qadını" (1926), "Pəhləvanlar" (1926) adlı əsərlərini qeyd etmək olar. Rəssam bu dövrlərdə həmçinin dəzgah rəsmləri də yaratmışdır: "Musiqiçilər" (1927), "Çəkməsilən" (1927), "Ağ neft satan" (1927) və s. Sənətkar daha çox ona yaxın olan həyat səhnələrini təsvir etməyə çalışmış və görüb müşahidə etdiyi hadisələri bədii biçimdə cəlbedici sənət əsərlərinə çevirmişdir.
Ə.Rzaquliyevin 25 ilə yaxın sürgün həyatı onun rəssamlıq istedadını və həyat şövqünü söndürə bilməmişdir. Əksinə, onu daha əzmkarlıqla və əsl vətənpərvərlik düyğuları ilə yaddaqalan əsərlər yaratmağa sövq etmişdir. O, uzaq sürgündən 1956-cı ildə qayıtmış və yenidən yaradıcılığa daha intensiv başlamışdır. Bu zaman onun 55 yaşı var idi, rahat yaşamağa, işləməyə heç bir maddi təminatı yox idi. Rəssam bu dövrdən etibarən əsasən təsviri sənətin qrafika sahəsinin linoqravüra texnikasında əsərlər yaratmağa üstünlük vermişdir. Elə gözlənilən yaradıcılıq şöhrəti də rəssamı qeyd olunan sahədə yaratmış olduğu silsilələri ilə tapır. "Tələbəlik" (1963), "Köhnə Bakı" (1958-72), "Neft" (1964), "Lənkəranda balıq istehsalı" (1961-65), "Azərbaycan pambıqçıları" (1967), "Azərbaycan tütünçüləri" (1967) və digər əsərləri sənət adamları və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.
O, "Köhnə Bakı" silsiləsini yaratmaqla Azərbaycan xalqının ailə-məişət ənənələrini, etnoqrafiyasını böyük məharətlə, əsrarəngiz cizgilərlə təsvir edə bilmişdir. Rəssam bu silsiləsində təsvir edilmiş mövzuları Azərbaycanın hər bir guşəsinə xas olan cəhətləri İçərişəhərdə gördüklərinin timsalında ümumiləşdirmişdir. Həmin əsərlərə nümunə kimi "İçərişəhər", "Qız qalası", "Suraxanı atəşgahı", "Azan", "Namaz", "Mollaxana", "Kəndə gedən molla", "Gəlin evi üçün qurbanlıq", "Novruz bayramı. Yumurta döyüşü", "Novruz bayramı. Bayram hazırlıqları", "Zurnaçılar", "Çayxanada", "Cız-bız", "İçərişəhərdə", "Köhnə məktəbdə", "Taxıl daşınır", "Ovdan qarşısında", "Çayçı dükanı", "Odunsatanlar", "Fənərçi", "Çəkməsilən", "Toyuq satan", "Qarğıdalı satanlar", "Dəllək dükanı", "Suçu", "Güləşmə", "Kürsü", "Xırdavatçı", "Bostandan qayıdanlar", "Quyu başında", "Xırman", "Ağ neft satan", "Bazar yolunda", "Öküz nallanması", "Şəkidə atın nallanması", "Sudaşıyanlar", "Kömürsatan", "Quyu başında", "Bulaq başında söhbət", "Misgər emalatxanası", "Satmağa yun aparılır" və başqalarını xüsusi qeyd etmək olar. Əsərlərin adından göründüyü kimi, rəssam həm İçərişəhərin tarixi görüntülərini, həm də xalqımızın mənəviyyatında dərin iz buraxmış dinlə bağlı adət-ənənələri, qədim Novruz bayramı mərasimlərini və gündəlik ailə-məişət səhnələrini yüksək dəqiqlik və xüsusi rəssam duyumu ilə müxtəlif biçimli kompozisiyalarda təsvir etmişdir.
"Gəlin evi üçün qurbanlıq" əsərinə nəzər yetirsək, görərik ki, rəssamın müraciət etdiyi qədim qurban bayramı mərasimi hər zaman öz orijinallığını qorumaqdadır. Kompozisiyada ozamankı geyim tərzinə uyğun hazırlanmış bir ailənin - ər-arvad və iki oğul nişanlı qızın ailəsinə quzu qurbanlığının aparıldığı məqamda təsvir olunub. Evin böyüyü ulaq belində, qucağında quzu və evin xanımı isə başı üzərində buta təsvirli örtüklü xonçanı tutmuş vəziyyətdə təsvir edilib.
Ə.Rzaquliyev həmçinin müstəqil linoqravüra əsərləri də işləmişdir. Bunlara misal olaraq "Bakılılar Berlində" (1968), "Lahıç kəndinin mis qablar ustası" (1968), "Mirzə Ələkbər Sabir" (1963), (1964), "Cəlil Məmmədquluzadə" (1967), "Çayçı" (1972), "Xalçatoxuyanlar" (1972), "Nazim Hikmət gənc rəssamlar dəstəsi ilə" (1972) və başqalarını göstərmək olar. Əsərlərin adından bilindiyi kimi rəssam həm də portretlər işləmişdir. Onun yaradıcılığının şah əsəri sayılan "Köhnə Bakı" silsiləsindən olan nümunələrdə C.Məmmədquluzadənin və M.Ə.Sabirin ruhuna yaxınlıq duyulur. Bu mənada rəssamın özünün mənəvi məslək dostları hesab etdiyi bu iki şəxsiyyətin portretlərini yaratması başadüşüləndir.
Ə.Rzaquliyevin yaradıcılığına nəzər yetirəndə bir daha əmin oluruq ki, hansı dövrdə, hansı zamanda yaşamasından asılı olmayaraq, əsl sənət eşqi ilə və yüksək sənət amallarına sadiq qalaraq yaradan və yaratdıqlarının fövqündə dayanan sənətkar həmişə tamaşaçı məhəbbəti qazanıb, yaddaşlarda yaşayır. Elə haqqında bəhs etdiyimiz Əməkdar rəssam Ələkbər Ələsgər oğlu Rzaquliyev kimi...
Əsəd QULİYEV,
Rəssamlar İttifaqının üzvü, sənətşünas