20 Dekabr 2023 10:40
1003
Mədəniyyət
A- A+
"Mənim ən böyük mükafatım Qarabağın azadlığa qovuşmasıdır"

"Mənim ən böyük mükafatım Qarabağın azadlığa qovuşmasıdır"

 

Onu teatr sənətinin ləyaqət kodeksi adlandıranlar da, dostluğun simvolu hesab edənlər də var...
Dostları, yaxından tanıyanlar ilk növbədə "sözünün ağası, qədirbilən, dəyər verməyi bacaran, təmənnasız adam" kimi xarakterizə edib, "gözütox kişidir" fikri ilə sözlərini tamamlayırlar ...
Qarabağlılarsa onun haqqında söz düşəndə "Azad müəllim Qarabağın kövrək ruhudur" ifadəsini daha çox işlədirlər... Söhbət Azərbaycan Respublikasının Əməkdar artisti, bədii qiraət ustası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Azad Şükürovdan gedir. 
Azad Hətəm oğlu Şükürov 1959-cu il fevralın 11-də Ağdam rayonunun Muğanlı kəndində anadan olub. Onunla redaksiyamızda görüşüb ömrün geridə qalan illərinə birgə nəzər yetirdik. Deyir ki, hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. "Aktyorluq sənətinin taleyi də belədir, əvvəl valideynlərin sənin bu sənətə gedən yolunu bağlamaq istəyirlər, sonra da səninlə, sənətinlə fəxr edir, qürurla "o, mənim oğlumdur" deyirlər. Bu da səbəbsiz deyil. Günahı özümüzdə axtarmalıyıq. Açıq danışacağam, bəzi aktyorlar, ümumiyyətlə, sənət adamları özlərini cəmiyyətə, xalqa, onları səhnədən, ekrandan tanıyan, sevən adamlara layiqincə təqdim edə bilmirlər. Özlərini, bu müqəddəs peşəni gözdən salırlar. Səhnədə böyük obrazlar yaradan və bununla xalqın sevimlisi olanlar bir də görürsən ki, real həyatda ona olan sevgiyə, hörmətə, ən başlıcası isə özünə dəyər verə bilmir. Bu səbəbdən də bəzən valideynlər bu cür qeyri-ciddi sənət sahiblərini görüb, incəsənət sahəsinə üz tutmaq istəyən övladlarına mane olmağa çalışırlar.

 

Aktyorluq fədakarlıq tələb edir

 

Azad müəllim deyir ki, indiki zamanda aktyorluq sənəti maraqlı olsa da, pul gətirən iş deyil. İnsanlar daha çox gəlirli sahəyə üz tutur, daha yaxşı, qayğısız yaşamaq istəyirlər. Aktyorluq sənəti fədakarlıq tələb edir. Aktyor olmaq istəyən bilməlidir ki, şöhrətdən, tanınmaqdan başqa, maddi çətinliklər, digər görünməyən problem və qayğılarla da üzləşəcəklər. Bu sənəti seçən səbirli olmalı, tələsməməlidir. Həqiqi istedadın varsa, zamanla hər şeyə nail olacaqsan... 
Aktyorluq arzusunu gerçəkləşdirmək üçün Bakıya gələn Azad Şükürov Xətai adına Mədəniyyət Sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Teatrına üzv yazılıb. 1977-1981-ci illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində - Rza Təhmasibin kursunda təhsil alıb. İnstitutu fərqlənmə diplomu ilə bitirən aktyor bir müddət Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışıb. 1984-1990-cı illərdə isə Tədris Teatrında fəaliyyət göstərən aktyorun taleyinə Şuşa Dövlət Musiqili Dram Teatrında çalışmaq nəsib olub. 1992-2009-cu illərdə Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərən aktyor bu illəri aktyorluq fəaliyyətinin ən məhsuldar dövrü hesab edir:
- Şuşa Teatrında işləyərkən 1990-cı ildə Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasından iş təklifi aldım. O zaman heç ağlıma da gəlmirdi ki, həyatımı bu təhsil ocağında keçirməli olacağam. 1992-ci ildə respublikanın Xalq artisti, görkəmli səhnə ustası Amaliya Pənahova məni Bakı Bələdiyyə Teatrında işə dəvət etdi. Təbii ki, bu, mənim universitetdə işləməyimə  mane olmurdu...

 

Bəxti gətirən aktyor

 

Azad Şükurov deyir ki, o, özünü bəxtli aktyor hesab edir. Bələdiyyə Teatrında bir aktyor kimi istedadını göstərmək üçün çox gözəl şərait var idi. Teatrın rəhbərliyi, rejissorları xarakterinə, aktyorluq potensialına uyğun rolları ona tapşırırdılar. Aktyor üçün rolun böyüyü, kiçiyi olmur. Gərək obraza həyat verməyi bacarasan: "Yaratdığım bütün obrazların üzərində çalışıb əziyyət çəkmişəm. Amma Nəriman Nərimanovun "Nadir şah" əsərindəki Nadir şah obrazının mənim üçün bir ayrı özəlliyi var. Bu tarixi qəhrəmanımıza səhnə həyatı verərkən Qarabağ illər idi ki, işğal altındaydı. Hər dəfə qılıncın qəbzəsindən tutanda gözümün önünə Qarabağ, işğal olunmuş ərazilərimiz gəlirdi. Nadir şah hakimiyyətə çətin bir vaxtda, dövlət təhlükədə olanda gəlmişdi. Bu tarixi qəhrəmanımız həm dövləti xilas edə, həm güclü ordu, donanma yarada bilmiş, həm də Azərbaycanı qüdrətləndirmişdir... 
Şükürlər olsun ki, Azərbaycan qəhrəmanlıq tarixini bərpa etdi. Qarabağı xilas edən Müzəffər Ali Baş Komandanımız İlham Əliyev daha böyük bir tarixi qəhrəmanlığa imza atan sərkərdə olduğunu təsdiqlədi. Güclü ordu yaradıb Qarabağı düşməndən təmizlədi, bütün ərazilərimizdə suverenliyimizi bərpa etməklə, dünyanın böyük dövlətlərinin bu torpaqlarda həyata keçirmək istədikləri çoxəsrlik bir layihəni tarixin arxivinə atdı. İlham Əliyev bu günün böyük qəhrəmanıdır".
Azərbaycan İncəsənət Universitetinin Musiqili teatr aktyoru kafedrasının müdiri professor Azad Şükürov bir sıra ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir, o, qiraət ustasıdır. 2003-cü ildə İranda keçirilən I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb. 2023-cü ilin 13 dekabrında isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
Azad müəllim deyir ki, o, hələ aktyorluq imkanlarından tam istifadə etməyib: "Son rolum Şuşada Vaqif Poeziya Günlərində İlqar Fəhminin "Vaqif dünyası" əsərində Vaqif obrazı olub. Canlandırmaq istədiyim obrazlar var".

 

Yaradıcı təşkilatlar qələbəmizi layiqincə təqdim edə bilmirlər

 

Söhbət zamanı professor çox ehtiyatla vacib bir məqama da toxundu. Qarabağda qazanılan böyük qələbə, müharibə zamanı göstərilən böyük qəhrəmanlıqlar haqqında daha sanballı, ciddi bədii sənət əsərlərinin yaranmasına ehtiyac var.
Azad müəllim deyir ki, etiraf etməliyik ki, Azərbaycan mədəniyyəti, incəsənəti, yazıçılarımız, aktyorlarımız Qarabağı, torpaqlarımızı işğaldan azad edən, bu yolda canını, sağlamlığını qoyan qəhrəmanlarımıza borcludur. Onların göstərdiyi əfsanəvi şücaətləri layiqincə əks etdirən əsərə rast gəlmirik. Azərbaycanda yaradıcılıq imkanları geniş olan, istedadları ilə dünyada tanınan bacarıqlı söz, qələm adamları çoxdur. Güman edirəm ki, zaman keçdikcə yaradıcı insanlarımızın təfəkkürü, düşüncəsi Qarabağı xilas edənlərin qəhrəmanlığına qiymət vermək gücündə də olacaq.
Azad müəllim söhbət əsnasında xüsusi vurğuladı ki, ömründə çox şad xəbərlər eşidib, çox mükafatlar, fəxri adlar alıb: "Həyatımda eşitdiyim ən gözəl xəbər Şuşanın azad olunması, aldığım ən müqəddəs mükafat isə Qarabağın düşməndən xilası idi. Bir qarabağlı kimi bundan böyük mükafat tanımıram. Müzəffər bir xalqın oğlu olmaq adından da böyük fəxri ad olar?" 
Azad Şükürov teatr sənətinin özəlliklərindən danışarkən dedi ki, teatr düşünmək, tərbiyə etmək sənətidir. Təsadüfi deyil ki, bir zamanlar televiziyalara "telegüzgü" də deyilirdi. İndi televiziyaya çıxanlar, bəzi aparıcılar, aktyorlar ekrana çıxmamışdan hazırlaşmaq, tamaşaçıya nə deyəcəyini, nə verəcəyini öyrənmək, yaddaşlarını təzələmək əvəzinə yalnız güzgü qarşısında durub nə geyinəcəklərini düşünürlər. Təəssüf ki, bu cür adamların geyimləri də bəzən utandırıcı olur. Özünü sənətə, səhnəyə, tamaşaçıya həsr edən adamın gərək ilk növbədə sənəti, yüksək mədəniyyəti olsun. İnsanlar ciddi sənəti daha yaxşı qəbul edirlər: "Universitetimizdə 1968-ci ildə məhz Səhnə danışığı kafedrası yaradılıb. Bunu niyə deyirəm? Öyrənmək heç vaxt gec deyil. Öyrənmək istəyənlər nə zaman müraciət etsələr, qapımız hər zaman üzlərinə açıqdır. Gəlsinlər, müraciət etsinlər... Belələrinə həm özlərini necə aparmaq lazım olduğunu, həm də səhnə danışığını öyrədək".
Professor Azad Şükürovla söhbət zamanı bir daha əmin olduq ki, şəxsiyyəti, ziyalılığı ilə seçilən insanlar sənətlərini, peşələrini də ucalda bilirlər. Azad Şükürov kimi...

Elşən QƏNİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!