Bu gün Avropa Parlamentinin Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqe Cənubi Qafqazda sülhün deyil, qeyri-sabit siyasi vəziyyətin davam etməsinə hesablanıb. Belə bir vəziyyət isə müəyyən siyasi dairələrə öz ambisiyalarını reallaşdırmaq üçün əlavə imkanlar yaradır.
Vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məqsədilə ATƏT-in Minsk Qrupu yaradılmışdı. Lakin 28 illik fəaliyyəti dövründə bu qurum nəinki problemin həllinə nail oldu, əksinə, müxtəlif qeyri-konstruktiv yanaşmalarla vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb verdi.
AZƏRTAC xəbər verir ki, Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın beynəlxalq hüquqa, separatçılığa və xalqların öz müqəddəratını təyin etmə prinsipinə münasibəti onun regionda sülhə nə dərəcədə maraqlı olduğunu açıq şəkildə göstərir.
Korsika adası 1768-ci ildə Genuyadan alınaraq Fransaya birləşdirilib. Yerli əhali əvvəlcə sosial-iqtisadi vəziyyətin yaxşılaşacağını düşünsə də, zamanla bunun əksini gördü. Əhalinin təxminən 20 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşamağa məcbur oldu. Uzun illər davam edən mərkəzləşdirilmiş siyasətə etiraz edən korsikalılar 1976-cı ildə Milli Azadlıq Cəbhəsini (MAC) yaradaraq muxtariyyət tələbi ilə çıxış etməyə başladılar.
Fransa hökuməti isə əhalinin narazılıqlarını dinləmək əvəzinə sərt tədbirlərə əl atdı. MAC-ın 27 üzvü həbs edildi, 1978-ci ildə isə daha 60 nəfər siyasi baxışlarına görə saxlanılaraq işgəncələrə məruz qaldı. Yalnız 1998-ci ildə Korsika prefekturasının rəhbəri Klod Erinyakın öldürülməsindən sonra tərəflər arasında siyasi dialoq prosesi başladı.
Fransa korsikalıların siyasi mübarizəsini separatçılıq, MAC üzvlərini isə terrorçuluq kimi təqdim edirdi. Halbuki onların əsas tələbi xalq kimi tanınmaq, milli dillərini qorumaq və adanın idarə edilməsində iştirak hüququ əldə etmək idi. Buna baxmayaraq, 1991-ci ildə Fransa Konstitusiya Şurası “Korsika xalqı” ifadəsinin istifadəsini qadağan edən qərar qəbul etdi. Həmin qərarda bildirilirdi ki, Fransa ərazisində yaşayan hər kəs milli mənsubiyyətindən və dilindən asılı olmayaraq “fransız” hesab olunur.
Bu problem bu gün də həllini tapmayıb. Rəsmi Paris korsikalıları ayrıca xalq kimi tanımır və onlara muxtariyyət verməkdən yayınır. 2022-ci ildə həbsdə olan korsikalı lider İvan Kolonnanın müəmmalı şəkildə həyatını itirməsi isə vəziyyəti daha da gərginləşdirdi. Yerli mətbuat onun planlı şəkildə öldürüldüyünü iddia edirdi. Ardınca adada kütləvi etiraz aksiyaları başladı. Prezident Emmanuel Makron Korsikaya səfəri zamanı adaya xüsusi status veriləcəyini vəd etsə də, bu istiqamətdə indiyədək ciddi addım atılmayıb.
Hazırda ada əhalisinin əhəmiyyətli hissəsi müstəqillik tərəfdarıdır. Digər hissənin böyük qismini isə Fransanın müxtəlif bölgələrindən köçürülən insanlar təşkil edir. Bu siyasətin məqsədi həm demoqrafik balans yaratmaq, həm də korsikalıların assimilyasiyasını sürətləndirmək kimi qiymətləndirilir.
Azərbaycan xalqının “Özünə umac ova bilməyən, başqasına əriştə kəsməz” atalar sözü bu vəziyyəti dəqiq ifadə edir. Fransa öz daxilində insan hüquqları və milli muxtariyyət məsələlərini həll edə bilmədiyi halda, başqa regionlarda “ədalət” və “hüquq” mövzusunda çıxış etməyə çalışır. Bu isə təbii olaraq ciddi suallar doğurur.
Aydın görünür ki, Fransa beynəlxalq hüquq prinsiplərindən çox vaxt siyasi manipulyasiya vasitəsi kimi istifadə edir. Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin başa çatdığını bəyan etdiyi bir vaxtda Fransa Prezidentinin yenidən “Qarabağ ermənilərinin hüquqları” məsələsini gündəmə gətirməsi regionda sülh prosesinə töhfədən daha çox, prosesə təsir göstərmək cəhdi kimi qiymətləndirilir.
Lakin Azərbaycan artıq ötən əsrin 90-cı illərinin zəif dövləti deyil. Bu gün ölkə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, beynəlxalq əməkdaşlıq və siyasi dialoq xəttini davam etdirir. Belə bir şəraitdə xarici müdaxilə cəhdləri yalnız siyasi iddia olaraq qalır və real nəticə vermir.