İstanbulda keçirilən Avrasiya İqtisadi Zirvə Görüşü mayın 13-də öz işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə tədbirin ikinci günündə keçirilən “Su və yaşıllığın tükəndiyi planet” mövzusunda keçirilən paneldə çıxış edib.
Dünyada baş verən kataklizmləri bəşəri təhdid olaraq qiymətləndirən Qafqazın şeyxi deyib: “Təəssüflər olsun ki, yaşadığımız dövr böyük qarşıdurmalar və insan qırğınları ilə səciyyələnir. Geosiyasi, iqtisadi, etnik, dini və irqi zəmində toqquşmalar, artan iqlim dəyişiklikləri bəşəriyyətin gələcəyini təhdid edir. Bütün bu problemlər başlıca olaraq ilahi düzənin pozulmasından, insanların mənəvi-əxlaqi köklərindən ayrılmasından qaynaqlanır”.
O, Azərbaycanın da hərbi cinayətlərə, insan qırğınına, soyqırıma məruz qalmış ölkə olduğunu qeyd edib: “Şükürlər olsun, müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin liderliyi ilə dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik və bu gün azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri aparır, müsəlman, xristian və digər dinlərə aid məbədlərə yeni həyat verir, mədəni-mənəvi irsimizi dirçəldir, şəhərlərimizi yenidən inşa edir, regionda sülh və tərəqqi layihələrinin təşəbbüskarı kimi çıxış edirik”.
Daha sonra Allahşükür Paşzadəyə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver tərəfindən fəxri hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığ ilə keçirilən 29-cu Avrasiya İqtisadi Zirvə Görüşündə 48 ölkədən 400-ə yaxın nümayəndə iştirak edir.