13 May 2026 08:25
413
SİYASƏT
A- A+
Neokolonializm nədir və Fransa modeli Ermənistanda necə işləyir?

Neokolonializm nədir və Fransa modeli Ermənistanda necə işləyir?


Paris Cənubi Qafqazda öz təsir imkanlarını genişləndirməyə çalışır. Afrika və Yaxın Şərqdə təsir imkanlarını müəyyən qədər itirən Fransa yeni geosiyasi aktivlik zonaları axtarır. Ermənistan isə bu baxımdan Fransa üçün həm geosiyasi, həm də simvolik platformaya çevrilir.

Müasir neokolonializm klassik müstəmləkəçilikdən fərqlənir. Artıq birbaşa işğal və hərbi mövcudluq əsas alət deyil. Əvəzində təhlükəsizlik, maliyyə mexanizmləri ilə asılılıq yaratmaq, siyasi elitaya təsir etmək və onun həlledici qərarvermə prosesində yönləndirmək əsas vasitələrə çevrilib. Bu ikitərəfli təzyiq və nüfuzetmə ilə yanaşı, beynəlxalq institutlar vasitəsilə yönləndirmə və nəticədə informasiya təsiri və diplomatik təzyiq altında saxlamaq da özünü göstərir. Fransanın Ermənistan siyasətində də bu elementlər görünür.

Makronun "Sülh ritorikası" ilə  hərbiləşmə siyasəti arasında ciddi ziddiyyət var. Makron Ermənistanın "Rusiyanın peykindən Avropaya dönüşünü" faktiki olaraq "yeganə düzgün seçim" kimi təqdim edir. Bu isə regionu çoxtərəfli əməkdaşlıq məkanından daha çox geosiyasi bloklaşma zonasına çevirir. Başqa sözlə, Ermənistanın suveren seçim imkanları məhdudlaşdırılır, yeni geosiyasi orbitə daxil edilməsi təşviq olunur.

Makron çıxışında Cənubi Qafqazın "imperiyalar arasında rəqabət meydanına çevrilməməli olduğunu" bildirsə də, Fransanın son illərdə bölgədə atdığı addımlar tam əks mənzərə yaradır. Paris Ermənistanla hərbi əməkdaşlığı genişləndirir, onu Qərb-Rusiya qarşıdurmasının ön xəttinə yaxınlaşdırır və regionda balanslı tərəfdaş olmaqdan daha çox ədalətsiz tərəf kimi davranır. Bu isə Fransa siyasətinin neo-kolonial xarakter daşıdığı barədə fikirləri gücləndirir.

Əslində, əsas sual bundan ibarətdir: Fransanın Ermənistanda qurduğu nüfuz infrastrukturunun mahiyyəti nədir? Bu siyasət Cənubi Qafqazı yeni imperial rəqabət məkanına çevirirmi? Və bütün bunların Ermənistanın özü üçün hansı riskləri var?

Makronun çıxışındakı ən diqqətçəkən element onun Ermənistanla münasibəti təsvir etdiyi dildir. O, açıq şəkildə bəyan edir ki, Fransa Ermənistanın silahlı qüvvələrinə təlim keçirir, Ermənistanı silahlandırır və hərbi məsləhətlər verir. Eyni zamanda Fransa İnkişaf Agentliyi vasitəsilə Ermənistana yönələn maliyyə dəstəyinin həcminin 800 milyon avroya çatdırıldığı vurğulanır. Bu, sadəcə iqtisadi və ya diplomatik əməkdaşlıq deyil, daha geniş geosiyasi nüfuz sisteminin qurulması təsiri bağışlayır.

Makronun seçdiyi "biz formalaşdırırıq, silahlandırırıq, məsləhət veririk" kimi ifadələr münasibətləri bərabərhüquqlu tərəfdaşlıqdan daha çox himayədar və patronajdan asılı tərəf yaratmaq modeli olmasını göstərir. Bu dil klassik neoimperial yanaşmanı xatırladır. Görünən odur ki, Fransa Ermənistanı müstəqil regional aktor kimi deyil, öz təsir zonasının elementi kimi formalaşdırmağa çalışır.

Makronun çıxışında ikinci mühüm məqam Ermənistanın "Rusiyanın peykindən" Avropaya dönüşünü "yeganə ağlabatan seçim" kimi təqdim etməsidir. Diplomatik ritorikada bu cür ifadələr nadir hallarda işlədilir. Çünki belə tezis mahiyyət etibarilə regionu ikiqütblü geosiyasi qarşıdurma məkanına çevirir və çoxşaxəli, balans siyasətini mümkünsüz göstərir.

Əsl paradoks isə ondadır ki, Makron bir tərəfdən Azərbaycan və Türkiyə ilə dialoqun vacibliyindən danışır, digər tərəfdən isə Ermənistanın hərbi potensialının artırılmasını prioritet kimi təqdim edir. Halbuki revanşist əhvali-ruhiyyənin hələ də müəyyən dairələrdə güclü olduğu Ermənistanda bu cür ziddiyyətli mesajlar sabitlik yaratmır, əksinə, yeni risklər formalaşdırır.

Makronun neoimperial siyasətinin başqa bir göstəricisi də odur ki, o, Paşinyan hakimiyyətinin geosiyasi kursunu daxili siyasi seçimdən daha çox xaricdən istiqamətləndirilən transformasiya kimi təqdim edir. Bu isə Ermənistanın suveren qərarvermə imkanlarının zəif olması barədə suallar doğurur.

Fransa prezidentinin Ermənistan məsələsində bu qədər fəal görünməsinin səbəblərindən biri də daxili siyasi amillərlə bağlıdır. Son illərdə Makron sosial etirazlarla, pensiya islahatlarına qarşı narazılıqlarla, ifrat sağın yüksəlişi və 10-15 faizə düşməklə ciddi reytinq itkisi ilə üzləşib. Belə şəraitdə xarici siyasətdə "qlobal lider" görüntüsü yaratmaq Makron üçün həm də daxili siyasi müstəvidə legitimlik alətinə çevrilir.


Makronun "Qafqaz anı" və Simonyanın etirafları: Ermənistan hansı yol ayrıcındadır?


Bir tərəfdən Fransa Ermənistanı Qərbin geosiyasi orbitinə daha sıx bağlamağa çalışır, digər tərəfdən isə Ermənistan daxilində artıq bu siyasətin yaratdığı riskləri anlayan siyasi çevrələrin narahatlığı açıq şəkildə hiss olunur. Bu mənada Fransa Prezidenti Emmanuel Makronun İrəvanda keçirilən "İrəvan dialoqu" forumunda səsləndirdiyi fikirlər və Ermənistan parlamentinin sədri Alen Simonyanın Deutsche Welle-yə verdiyi müsahibə birlikdə təhlil edildikdə, regionda formalaşan yeni geosiyasi reallığın ziddiyyətli mahiyyəti aydın görünür.

Məhz bu kontekstdə parlamentin sədri Alen Simonyanın açıqlamaları xüsusi diqqət çəkir. Onun "7 iyunda seçim sülh və müharibə arasında olacaq" fikri Ermənistan daxilində yaranmış strateji dilemma barədə açıq etirafdır. Simonyan faktiki olaraq bildirir ki, ölkə ya region dövlətləri ilə normal münasibətlər qurmalı, ya da köhnə revanşist siyasətin nəticələri ilə üzləşməlidir.

Daha mühüm məqam isə Alen Simonyanın "amorf Ermənistan" və "real Ermənistan" barədə dedikləridir. Simonyan etiraf edir ki, Ermənistan uzun illər dövlət strategiyasını real geosiyasi maraqlar üzərində deyil, keçmişin mifoloji narrativləri üzərində qurub. "100 il, 1000 il əvvəl Ermənistana aid olmuş torpaqlar" üzərindən formalaşdırılan ideologiya ölkəni inkişaf etdirmək əvəzinə onu təcriddə saxlayıb və xarici güclərin manipulyasiya obyektinə çevirib.

Bu fikirlər, əslində, Ermənistan siyasi düşüncəsində ciddi dönüşün baş verdiyini göstərir. Çünki ilk dəfə yüksəksəviyyəli erməni rəsmisi açıq şəkildə etiraf edir ki, "tarixi Ermənistan" ideologiyası ölkə üçün təhlükəyə çevrilib. Simonyanın "əks halda Ermənistan xəritədən silinə, quberniyaya çevrilə bilər" fikri isə olduqca ciddi xəbərdarlıqdır. Onun özünün də etiraf etdiyi kimi, tarixdə böyük güclərin geosiyasi oyunlarında alətə çevrilən çoxsaylı dövlətlərin aqibəti buna nümunədir.

Burada əsas təhlükə Ermənistanın "yeni Ukrayna" modelinə sürüklənməsi riskidir. Necə ki, Ukrayna uzun illər böyük güclərin rəqabət məkanına çevrildi və nəticədə dağıdıcı müharibə ilə üzləşdi, Ermənistan da oxşar geosiyasi ssenarinin elementləri ilə qarşı-qarşıyadır. Fransanın Ermənistanda həyata keçirdiyi neoimperial və neokolonial siyasət ölkəni real qarşıdurma məkanına çevirmək təhlükəsi yaradır.

Bu riskləri artıran əsas amillərdən biri də Ermənistan ərazisində müxtəlif güc mərkəzlərinin paralel şəkildə mövcudluğudur. Rusiyanın hərbi mövcudluğu hələ də qalır. Digər tərəfdən, Fransanın hərbi iştirakının intensivləşməsi, Frontex missiyasının aktivləşməsi, Avropa İttifaqı-Ermənistan yaxınlaşması regionda onsuz da həssas olan geosiyasi balansı daha da mürəkkəbləşdirir.

Makronun Rusiyanın Ermənistanı "tərk etməsi" ilə bağlı açıqlamaları da məhz bu istiqamətdə mesaj kimi qiymətləndirilə bilər. Ermənistan cəmiyyətinə "köhnə təhlükəsizlik modeli dağılıb, yeni istiqamət Qərbdir" mesajı verilir. Lakin problem ondadır ki, Qərb Ermənistan üçün real təhlükəsizlik təminatı vermir və hazırkı geosiyasi vəziyyətdə də vermək iqtidarında deyildir. Bu isə ölkəni daha riskli vəziyyətə sürükləyir.

Əslində, həm Makronun çıxışı, həm də Simonyanın etirafları bir həqiqəti ortaya qoyur: Ermənistan yol ayrıcındadır. Bir yol region dövlətləri ilə əməkdaşlıq, sərhədlərin açılması, iqtisadi inteqrasiya və "real Ermənistan" modelinə real əməldə keçiddir. Digər yol isə xarici güclərin geosiyasi qarşıdurmasının alətinə çevrilmək, revanşist narrativləri davam etdirmək və ölkəni yeni böhranlara sürükləməkdir.

Xarici güclərin neokolonial müdaxilələri isə bölgədə sabitliyi deyil, yeni parçalanma xətlərini və təhlükəli qarşıdurmaları dərinləşdirir. Cənubi Qafqazın gələcəyi yalnız region ölkələrinin qarşılıqlı hörmət və əməkdaşlığı əsasında formalaşa bilər. Azərbaycanın şanlı Zəfərimizdən sonra formalaşdırdığı yeni siyasi reallıqlar və yeni status kvo əsasında əməkdaşlıq imkanları uzun müddətli sülhə və sabitliyə hesablanıb.

Prezident İlham Əliyev tərəfindən irəli sürülən siyasi xəttin əsas istiqamətlərindən biri Ermənistan ilə münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Azərbaycan Prezidentinin sülh gündəliyi praqmatik siyasətə əsaslanır: təhlükəsizlik, enerji, iqtisadiyyat və nəqliyyat layihələri vasitəsilə qarşıdurmanı əməkdaşlıqla əvəz etmək məqsədi daşıyır. Bu yanaşma xüsusilə 2023-cü ildə Azərbaycanın tam suverenliyini bərpa etməsindən sonra daha açıq şəkildə gündəmə gətirilir və beynəlxalq birlik tərəfindən də təqdir olunur.


Rizvan NƏBİYEV, 

Milli Məclisin deputatı, siyasi elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş icraçı direktor: Biz Azərbaycanda İslam maliyyəsinin inkişafının şahidiyik

11:35
17 İyun

Bu ilin beş ayında sığortaedənlərin sayı açıqlanıb

11:21
17 İyun

Sami Əl-Suvaylem: Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon dollardır  

11:16
17 İyun

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib

11:07
17 İyun

İİB rəsmisi: Quraqlığa qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir

11:07
17 İyun

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

11:01
17 İyun

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir

10:57
17 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 4,7 milyard dollar dəyərində müqavilələr imzalanacaq  

10:48
17 İyun

Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

10:41
17 İyun

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

10:39
17 İyun

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb  

10:31
17 İyun

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

10:23
17 İyun

MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

10:08
17 İyun

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə sentyabrın 1-dən başlanılacaq  

10:07
17 İyun

MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

10:03
17 İyun

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb  

10:01
17 İyun

Azərbaycan nefti 82 dollara satılır

09:57
17 İyun

Ermənistanda seçkisonrası siyasi gərginlik davam edir

09:55
17 İyun

"Azərenerji"də qanvermə aksiyası keçirilib

09:50
17 İyun

Su fasiləsi: futbolçuların sağlamlığı, yoxsa reklamçıların qazancı

09:45
17 İyun

Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

09:43
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!