28 Noyabr 2025 08:05
330
İQTİSADİYYAT
A- A+
"Kurort Naftalan"da şərait yaxşılaşdırılıb

"Kurort Naftalan"da şərait yaxşılaşdırılıb


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən həmkarlar ittifaqı üzvlərinin sağlamlığının qorunması və mənalı istirahəti üçün ardıcıl və sistemli tədbirlər davam etdirilir, müalicə-sağlamlıq mərkəzlərində şərait yaxşılaşdırılır. 

Müalicə-sağlamlıq turizmi sahəsində beynəlxalq səviyyədə tanınan Naftalan şəhərində yerləşən AHİK-in "Kurort Naftalan" sağlamlıq mərkəzində də şərait yaxşılaşdırılıb, infrastruktur yenilənib, müasir avadanlıqlarla təchiz edilib.

Bu günlərdə AHİK-in və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları sağlamlıq mərkəzində görülən işlərlə tanış olublar. Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, səhiyyə nazirinin müavini Rasim İsmayılov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, yerli icra hakimiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər. 

Tədbir iştirakçılarına məlumat verilib ki, mərkəzin yataq korpusu müasir tələblərə uyğun yenidən qurulub, otaqlar yeni avadanlıqlarla təchiz edilib. Korpusda ümumilikdə 50 çarpayıdan ibarət 26 otaq var. Bundan əlavə, burada həkim, masaj və vanna otaqları, fizioterapiya kabinetləri və yeməkxana müalicə alanların xidmətindədir.  

Sağlamlıq mərkəzinin müalicə korpusunda da şərait yaxşılaşdırılıb və müasir tibbi avadanlıqlarla təmin edilib. Korpusda müayinə, masaj, fizioterapiya, parafin terapiyası və karbon terapiyası otaqları, inqalyasiya bölməsi, idman zalı və müxtəlif profilli tibbi kabinetlər fəaliyyət göstərir.

Ərazidə infrastrukturun yenilənməsi işləri də aparılıb, daxili yollara yeni asfalt örtüyü salınıb. Sağlamlıq mərkəzi Wi-Fi internet, IP telefoniya və təhlükəsizlik kameraları ilə təmin edilib. Mərkəzin ərazisində ağac və bəzək kolları əkilib.

Qeyd edək ki, "Kurort Naftalan"ın müalicə bazası dayaq-hərəkət sistemi və dermatoloji xəstəliklərin müalicəsi üçün müasir - 4-cü nəsil tibbi avadanlıqlarla təmin olunmuş fizioterapiya xidmətlərini, həmçinin müalicəvi naftalan nefti əsasında həyata keçirilən vanna prosedurlarını əhatə edir. Mərkəzin xidmətlərinə naftalan vannaları, kombinə edilmiş naftalan müalicə prosedurları, manual terapiya, parafin terapiyası, su-fizioterapiya (hidroterapiya), inqalyasiya və digər müalicə prosedurları daxildir.

Tədbir iştirakçıları sağlamlıq mərkəzində yaradılan şəraiti, müalicə və istirahət imkanlarını yüksək qiymətləndiriblər.


Bəhman MİRZƏYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!