19 İyun 2025 08:30
1992
CƏMİYYƏT
A- A+
Konstitusion vəzifələr və vətəndaşlıq borcu

Konstitusion vəzifələr və vətəndaşlıq borcu


Hər bir insan vətəndaşı olduğu ölkə qarşısında müəyyən vəzifə və mənəvi məsuliyyət daşıyır. Bu, vətəndaşlıq borcu və ya vətəndaşların konstitusion vəzifələri ilə bağlıdır. Cəmiyyətdə hər bir şəxsin davranışı və fəaliyyəti isə onun əməllərində ifadə olunur. Elə əməllər ki, bunlar nə cəmiyyətə, nə də şəxsiyyətin mənafeyinə zərər vursun, yəni hüquqauyğun davranış hesab edilsin.

Azərbaycan Respublikası Konstitusiyasının 4-cü fəsli vətəndaşların əsas vəzifələrinə həsr olunub. Əsas Qanunumuzda qeyd olunur ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız Azərbaycan Respublikasının Konstitusiyası ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Hər bir şəxs həm dövlət qarşısında, həm də cəmiyyət qarşısında müəyyən öhdəliklər daşıyır. Cəmiyyətin mütəşəkkilliyi isə ümumi maraqlarla şəxsi maraqların harmoniyasından yaranır. Belə maraqların ahəngdarlığı ictimai həyatın sabitliyini və inkişafını təmin edir. Çünki hər birimiz yaşadığımız cəmiyyətin bir üzvü kimi müəyyən öhdəliklər daşıyırıq. 

Şəxsi hüquq və vəzifələr bir-biri ilə sıx bağlı olan və hüquq münasibətlərinin məzmununu müəyyən edən ən vacib ünsürlərdən biridir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır". Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk isə qeyd edirdi ki, "Vətənini ən çox sevən vəzifəsini ən yaxşı yerinə yetirəndir". Vətən millətin və xalqın yer üzərindəki ünvanıdır. Vətənə sədaqət müqəddəsdir. Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, "Gərək nəbzin Vətənin nəbzi ilə vursun". Bu müqəddəslik həm mənəvi borc, həm də konstitusion vəzifədir. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər. Vətənə sədaqət vəzifəsindən və kimliyindən asılı olmayaraq, hər bir vətəndaşın müqəddəs borcudur. Əxlaqi baxımdan isə Vətənə sədaqət hər bir şəxsdə vətənpərvərlik hisslərinin olması ilə müəyyən edilir. Vətənə sədaqət vətənpərvərlikdən başlayır. Vətənə sədaqət təkcə vətəndaşların "Sədaqət andı" ilə məhdudlaşmır. Ümummilli Liderimiz deyirdi: "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır". 

Konstitusiyada təsbit olunmuş digər bir vəzifə dövlət rəmzlərinə hörmətdir. Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlər rəmzləri hər bir dövlətin varlığını təəcəssüm etdirən əsas amildir. Ulu Öndər qeyd edirdi: "Xalqımız üçün qürur hissini yaradan, iftixar hissini verən odur ki, o, artıq azad yaşayır, öz taleyinin sahibidir və Azərbaycan xalqının dünya xalqları içərisində imzası var". Bəli, xalqın imzası onun dövlət rəmzlərində ifadəsidir. 

Azərbaycanın dövlət bayrağı dövlətimizin suverenliyinin rəmzidir. Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. 1920-ci il aprelin 27-nə - Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət bayrağı statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan parlamentinin binası üzərindən endirilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan MR-in dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıb. 

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti həmin vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın Dövlət Bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edib. Sonralar Ümummilli Lider bu barədə demişdir: "Mən belə fikirdəyəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı". Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Prezident İlham Əliyev dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq demişdir: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!" 

2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən söyləmişdir: "Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq". 

Azərbaycan Respublikasının Dövlət Gerbi dövlətimizin müstəqilliyinin rəmzidir. Müasir dövlət gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklər edilmiş formasıdır. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da dövlət gerbi haqqında müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu nəticəsində dövlət gerbi haqqında qərarın qəbulu mümkün olmamışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət Gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət Gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır. 1993-cü il yanvarın 19-da Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Dövlət Gerbi təsdiq edilmişdir. 2018-ci il noyabrın 2-də "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmişdir.

Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etmiş və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan olunmuşdur. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan verməmişdir. Yalnız 1992-ci il mayın 27-də Azərbaycan Respublikasının Milli Məclisi "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" qanun qəbul etmişdir. Azərbaycan Respublikasının 1993-cü il 2 mart tarixli qanunu ilə "Azərbaycan Respublikasının Dövlət Himni haqqında Əsasnamə" təsdiqlənmişdir. "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli Konstitusiya Qanununa uyğun olaraq musiqisi Üzeyir bəy Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilmişdir. Ümummilli Lider Heydər Əliyev demişdir: "Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir!"

Konstitusiyada qeyd olunur ki, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Vətənin müdafiəsində içtirak etmək və hərbi xidmət hər bir vətəndaşın hüquqi vəzifəsi olmaqla yanaşı, həm də onun müqəddəs borcudur. Ulu Öndər qeyd edirdi ki, "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir". Hər bir Vətən övladı bilir ki, Vətən ancaq üzərində gəzdiyimiz, yaşadığımız torpaq parçası deyil. Vətən uğrunda nə qədər qurbanlar verilib. Özünün bayrağı, müstəqilliyi, suverenliyi, milli dövlət himni, sərhədləri olan torpağa Vətən deyilir. "Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar", - deyirdi Ulu Öndər. Vətən azadlıqdır. Torpağın Vətən olması üçün düşmənlərlə mübarizə aparmaq, zəfər qazanmaq lazımdır. Xalq yalnız öz Vətənini qorumaqla gələcəyinə təminat verə bilər. Bizi Vətənə olan sevgimiz ucaldır. Vətənin müdafiəsi bizim üçün inanc, iman olmalıdır. 

44 günlük Vətən müharibəsində xalqımız Ali Baş Komandanın rəhbərliyi altında müqəddəs Vətən torpaqlarını işğaldan azad etdi. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Uğrunda minlərlə şəhid verdiyimiz bu torpağın mənəvi dəyəri çox yüksəkdir. Vətən bizə əcdadlarımızın ən dəyərli əmanətidir, onu qorumaq hər birimizin borcudur. Şair Məmməd Arazın poetik dili ilə desək: "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı".

"Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir", - deyirdi Ulu Öndər. Tarix və mədəniyyət abidələrini qorumaq isə hər bir şəxsin borcudur. Çünki tariximizin hər səhifəsi bizim üçün əzizdir. Tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və ondan səmərəli istifadə edilməsi ilə bağlı münasibətlər isə müfaviq qanunvericlik aktları ilə tənzimlənir. Lakin tarix və mədəniyyət abidələrini qorumaq təkcə qanunvericilik aktları ilə yox, həm də vətəndaşlıq borcu naminə olmalıdır. Çünki Ulu Öndərin qeyd etdiyi kimi: "Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir".

Ətraf mühiti qorumaq hər bir şəxsin vətəndaşlıq borcudur. Hər bir şəxs öz həyat fəaliyyəti prosesində bu və ya digər formada təbiətlə, ətraf mühitlə təmasda olur. Buna görə də hər kəs istər məişətdə, istərsə də istirahət zamanı qanunvericiliklə müəyyən edilmiş vəzifəsini yerinə yetirməlidir. Bu vəzifə əmək fəaliyyəti nəticəsində təbiətdən istifadə edən və ətraf mühitə təsir edə biləcək hər bir şəxsin üzərinə düşür. Təbiəti qorumaq üçün məcburiyyətdən öncə təbiətə sevgi lazımdır. Bəli, təbiət düşünür və düşündürür. Təbiət haqqında yalnız 5 iyun Dünya Ətraf Mühitin Mühafizəsi günündə yox, ilin bütün günlərində düşünməliyik. Hər bir şəxsin ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq vəzifəsi həm hüquqi, həm də əxlaqi dəyərlərlə ölçülür. Ətraf mühiti qorumaq və ona qayğı ilıə yanaşmaq cəmiyyətin hər bir üzvünün mənəvi borcudur. 

Ümummilli Lider Heydər Əliyevin ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ağacların əkilməsi, xüsusən də Bakıda və Abşeron yarımadasında yaşıllıq zolaqlarının genişləndirilməsi üçün verdiyi tapşırıqlar, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, ölkənin su təchizatı, inkişafı və dirçəlişi istiqamətində gördüyü tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün də uğurla davam etdirilir. 15 dekabr 2023-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə Prezident bildirmişdir: "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".

Konstitusiya ilə hər bir şəxsin üzərinə qoyulan bu vəzifələr hər birimizin vətəndaşlıq borcudur. Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Yəni hüquqi vəzifələr hüquq və azadalıqların məhdudlaşdırılmasını tələb edir. Bu məhdudlaşdırmalar isə başqa şəxslərin hüquq və azadlıqlarını lazımi şəkildə qəbul etmək və ona hörmətlə yanaşmaqda ifadə olunur.

Hər bir şəxs cəmiyyət qarşısında öz məsuliyyətini dərk edərək vətəndaşı olduğu dövlətin əbədiliyi, mənsub olduğu xalqın tərəqqisi naminə öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməlidir. Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər demişdir: "Mən inanıram, əminəm ki, biz müstəqilliyinin geniş yoluna çıxacağıq və Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz olacaq və bizim müstəqilliyimizi, milli azadlığımızı heç kəs heç bir yolla sarsıda bilməyəcəkdir".


Faiq SƏFƏROV,

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyənin iki tarixi abidəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib

21:19
12 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı

21:08
12 İyul

Azərbaycan-Suriya münasibətlərində yeni səhifə açılır  

20:36
12 İyul

MEDİA: Bir sıra sosial şəbəkələrdə Azərbaycanın müdafiə və xarici işlər nazirlərinin adlarından yayılan xəbərlər feykdir

20:26
12 İyul

Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir  

19:38
12 İyul

İrlandiyalı səyyah: Minatəmizləmə prosesini müşahidə etdik, Azərbaycanın bu sahədə səyləri valehedicidir 

18:47
12 İyul

Bu gün Bakının 549 küçəsi yuyulub

18:39
12 İyul

Suriyanın keçid dövrü Prezidentinin Azərbaycana səfəri başa çatıb

18:13
12 İyul

Suriyanın keçid dövrü Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

18:04
12 İyul

Baş nazir Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb  

17:47
12 İyul

Tramp Aİ-yə və Meksikaya 30 faiz tarif tətbiq olunacağını açıqlayıb

17:41
12 İyul

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Fəxri xiyabanı ziyarət edib

17:00
12 İyul

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının ilk sammiti Şahdağ Turizm Mərkəzində təşkil olunub YENİLƏNİB

16:58
12 İyul

SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb

16:43
12 İyul

Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclası keçirilib

15:35
12 İyul

Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub YENİLƏNİB

15:19
12 İyul

Azərbaycanlı səyyah: bu günədək işğaldan azad olunan ərazilərə 500-dən çox beynəlxalq səyyah səfər edib

14:49
12 İyul

Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

14:03
12 İyul

Rəcəb Tayyib Ərdoğan: Türkiyə 47 illik terror problemindən qurtulur  

14:01
12 İyul

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana işgüzar səfərə gəlib

14:00
12 İyul

Dünya səyyahları Cəbrayılda mina zərərsizləşdirilməsi prosesini izləyiblər YENİLƏNİB

13:25
12 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!