Tibb elmi böyük inkişaf yolu keçib. Bir zamanlar bəşər övladlarının sağalmaz hesab etdikləri, qarşısında çarəsiz, aciz qaldıqları neçə-neçə ağır xəstəliklərə indi dərmanlarla, cərrahiyyə əməliyyatları ilə əlac etmək müşkül deyil. Ancaq elm bir dəryadır, deyirlər. Bütün sahələrdə olduğu kimi, tibb sahəsində də son hədd yoxdur. Bir də, çox təəssüf ki, hələ də dərmanı tapılmamış dərdlər, çarəsi bilinməyən xəstəliklər var. Tibb elminin bugünkü yüksək inkişafına baxmayaraq, B hepatiti də dünyada ciddi problemlərdən biri kimi qalır. Ekspert Sevda Ağayeva bildirir ki, B hepatiti insanın immun cavabı ilə virusun arasında qarşılıqlı əlaqələrdən asılıdır.
Qeyd edək ki, Sevda Ağayeva səkkiz ildir ki, müxtəlif tibbi problemlər, o cümlədən Azərbaycan əhalisi arasında gizli hepatit B infeksiyasına yoluxma ilə bağlı tədqiqatlar aparır. Mütəxəssisin gizli hepatit B ilə bağlı elmi işinin nəticələri həm Azərbaycanda, həm də dünyada tanınıb. Diqqətə çatdıraq ki, ölkəmizdə okkult hepatit B ilə bağlı ilk dəfə Sevda Ağayeva tədqiqatlar aparıb və bu mövzuda dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru adını alıb. Onun fərqli xəstə qruplar və donorlar arasında gizli hepatit B-nin rastgəlmə tezliyi və qaraciyər xəstəliklərinin gedişatına təsiri barədə çox sayda məqalələri dərc olunub. Sevda Ağayeva Qafqaz ölkələri arasında ilk və yeganə gizli hepatit B-yə həsr olunmuş elmi işinin əhəmiyyətli nəticələrini bizimlə bölüşür.
Mütəxəssis bu aktual mövzunun yeni istiqamətini elmi şəkildə inkişaf etdirən və hepatit B virusunun nisbətən yeni forması olan okkult, yəni gizli infeksiyası barədə danışır. Bildirir ki, hepatit B əksər hallarda, yəni 95 faiz yoluxmadan sonra tamamilə yox olur, digər hallarda isə qaraciyərdə şiddətli iltihablı reaksiyanı aktivləşdirir, kəskin xəstəliyin simptomları başlayır: "Bu da, ümumiyyətlə, 6 aydan az müddətdə aradan qalxır. İstisna olaraq yalnız 1 faiz hallarda kəskin qaraciyər çatışmazlığına yol aça bilər. Xəstələrin 5-10 faizinin immun sistemi virusun çoxalmasına nəzarət edə bilmir və infeksiya xroniki formaya keçir".
Hepatitlərə əsasən, qan donorlardan, qeyri-steril alətlərlə icra olunan tibbi prosedurlardan və anadan dölə şaquli yolla yoluxur. Qan və donorlar məsələsinə gəlincə, Sevda Ağayeva vurğulayır ki, kimin qan verə biləcəyi və verə bilməyəcəyi ilə bağlı ciddi qaydalar var. Məsələn, insanlarda immun çatışmazlığı virusu pozitivdirsə, Hepatit B və ya C varsa və ya nə vaxtsa sifilisdən müalicə olunublarsa, qan verə bilmirlər: "Son onilliklər ərzində könüllü donorların cəlb edilməsi, risk-davranış qiymətləndirilməsi əsasında donorların seçilməsi, getdikcə daha həssas olan hepatit B antigeninin (HBsAg) analizlərinin inkişafı, HBV-nin ötürülməsi riski davamlı şəkildə azalmışdır".
Ekspert deyir ki, qan təhlükəsizliyi tədbirlərinə baxmayaraq, arzu edilən sıfır risk məqsədinə hələ nail olmaq mümkün deyil: "HBV transfuziyası-ötürülməsinin qalıq riski serokonversiya pəncərəsi dövrü və aşkar edilə bilən HBsAg-nin olmaması və HBV DNT-nin son dərəcə aşağı səviyyələri ilə xarakterizə edilən gizli HBV infeksiyası ilə əlaqədar görünür. Lakin seroloji və yaxud NAT ilə sınaqdan keçirilmiş yoluxmuş donorların yalan-mənfi olması hələ də davam edir və əldə edilən qan komponentlərinin nadir hallarda olsa da virusu ötürdüyü təsdiqlənib".
Sevda Ağayeva nəzərə çatdırır ki, Hepatit B okkult formasında, sadəcə, yüksək həssaslığa malik xüsusi testlərlə aşkar olunduğundan gözdən yayınır və bu, potensial infeksiyanın yayılma riskini artırır: "Okkult hepatit B-si olan xəstələrin çoxu diaqnoz qoyulmamış qala bilər; düzgün diaqnoz üçün ultrahəssas HBsAg kimi yeni markerlərin və cccDNA kimi markerlərin daxil edilməsi ilə daha əhatəli marker tədqiqatının aparılması lazımdır".
Hazırda dünyada uşaqları, eləcə də yoluxma riski olan yetkin insanları hədəfləyən proqramlar üçün hepatit B peyvəndi mövcuddur. Mütəxəssis deyir ki, peyvənd sistemi nə qədər effektiv olsa da, okkult B hepatitinə görə infeksiya riski heç vaxt sıfır olmayacaq. Bəzi ölkələrdə 2019-cu ildən bəri HBV peyvəndinin üç dozasının əhatə dairəsinin azaldığını, bunun da COVID-19 pandemiyası və nəticədə ictimai sağlamlıq tədbirləri ilə bağlı ola biləcəyini bildirdi.
Sevda Ağayeva elmi işində indiyədək Azərbaycanda və dünyada dərc olunmuş məqalələrdə əksini tapan okkult infeksiyanın ən çox xəstə qruplarını əhatə edib. Onun elmi işinin yalnız Azərbaycanda deyil, bütün dünyada böyük bir əhəmiyyəti var. İndiyədək aktual, lakin səssiz qalmış problemə toxunulur, xəstələrə yanaşmanı və müalicə taktikasını dəyişmə zərurəti vurğulanır. Okkult hepatitlə bağlı daha ətraflı və dərin araşdırmalar həkim Sevda Ağayevanın əsas hədəfidir.
Virus hepatitlərin epidemiyaları mürəkkəb və dinamikdir, infeksiyaların davamlı ötürülməsi və bəzi əhali qruplarında olduqca yüksək yayılma riski var. Mövcud profilaktika proqramları ilə bağlı əhəmiyyətli məlumat boşluqları qalır və bu, boşluqların aradan qaldırılması hədəflərinə doğru irəliləyişin monitorinqi üçün problemlər yaradır. İnsanların okkult hepatit kimi gizli problemlərə nəzarəti, maarifləndirilməsi və düzgün müalicə taktikası gələcəkdə həm sağlamlıq, həm də maddi baxımdan faydalı ola bilər.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"