Sözsüz ki, Azərbaycanı Cənubi Qafqazda formalaşan regional güc kimi qiymətləndirmək olar. Buna bir çox amil, o cümlədən Qarabağdakı hadisələr, xüsusilə Türkiyə və İsrail ilə güclü strateji müttəfiqliyin mövcudluğu, böyük enerji ehtiyatları və Qafqaz regionundan kənarda artan diplomatik fəaliyyət kömək edir. Eyni zamanda, uzunmüddətli sabitliyin təmin edilməsi və sabitləşmə proseslərinin uğurla həyata keçirilməsi bu rolu daha da gücləndirmək üçün çox vacib olacaq.
Bu barədə Almaniyanın Köln Universitetinin beynəlxalq münasibətlər və geosiyasət üzrə professoru Klemens H. Fişer AZƏRTAC-a müsahibəsində bildirib.
Köln Universitetinin beynəlxalq münasibətlər və geosiyasət üzrə professoru vurğulayıb ki, Azərbaycan qarşıdakı onillikdə geosiyasətdə təkcə regional deyil, həm də beynəlxalq səviyyədə görkəmli rol oynamaq üçün əhəmiyyətli potensiala malikdir. Bu, bir tərəfdən onun Asiya və Avropanın kəsişməsində nəqliyyat və enerji mərkəzi kimi strateji mövqeyi, digər tərəfdən isə çoxvektorlu yanaşmaya əsaslanan innovativ xarici siyasəti ilə asanlaşdırılır.
Bu yanaşma ölkəyə Avropa İttifaqı, Çin, Türkiyə, Rusiya və İran da daxil olmaqla əsas beynəlxalq aktorlar ilə münasibətlərdə balanslaşmış mövqe tutmağa imkan verir. Göstərilən amillərin vəhdəti Azərbaycana orta və uzunmüddətli perspektivdə hər hansı bir güc mərkəzindən asılılıqdan qaçmağa və geniş xarici siyasət imkanlarından istifadə etməyə imkan verir.
Ekspertin fikrincə, ölkənin gələcək inkişafı, ilk növbədə, enerji təhlükəsizliyi və energetika keçidi, beynəlxalq ticarət yollarının inkişafı və xidmətlərin göstərilməsi, regional təsirin dinc yolla gücləndirilməsi, habelə çoxvektorlu diplomatiyanın davam etdirilməsi kimi sahələrə yönəlməlidir. Bu, son nəticədə Azərbaycanın Avrasiyanın əlaqələr sistemində və enerji arxitekturasında formalaşdırıcı gücə çevrilməsinə gətirib çıxara bilər.