Revanşist keşişin başçılıq etdiyi etirazlar istənilən effekti vermir
Ermənistanda son günlərdə baş tutan istefalar bu ölkədə ictimai-siyasi proseslərin daha gərgin mərhələyə qədəm qoyduğunu göstərir. Yerli mətbuatın yazdığı xəbərə görə, Ermənistanda yüksəkvəzifəli şəxslərin istefası hələ də davam edəcək.
Xatırladaq ki, bir müddət əvvəl keçmiş ədliyyə naziri Qriqor Minasyanın müavini Sirvard Gevorqyan istefa verdiyini açıqlayıb. Gevorqyan qərarını iki müxalif siyasi düşərgənin təzyiqi və manipulyasiyası ilə izah edib və qeyd edib ki, o öz mövqeyini qorumaq üçün dostlarını və həmkarlarını təhlükəyə atmağa hazır deyil. Gevorqyanın istefası hakim fraksiya deputatlarının istefasını tələb etdiyi ədliyyə naziri Qriqor Minasyana təzyiqlər fonunda baş verib.
Oktyabrın 1-də isə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan istefa vermişdi. Bu ayın 11-də isə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan tutduğu vəzifədən istefa ərizəsi yazıb. Vardanyan bu vəzifəni 2018-ci ilin iyun ayından tutub və əvvəllər Ermənistanın Elektrik Şəbəkələri, Tashir Group və Yüksək Gərginlikli Elektrik Şəbəkələri şirkətlərində rəhbər vəzifələrdə çalışıb. Oktyabrın 10-da Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Qaregin Baqramyanın da istefa verdiyi məlum olub.
Ermənistanda istefa zəncirinin növbəti halqası isə iqtisadiyyat nazirinin müavini Narek Teryan olub. Teryan da tutduğu vəzifədən istefa ərizəsi yazıb. Teryan 2021-ci ilin aprelində baş nazir Nikol Paşinyanın qərarı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. Bu günlərdə həmçinin Ermənistan parlamentində elektrik təchizatı ilə bağlı dinləmələr keçirilib və bu sektora cavabdeh şəxslər kəskin tənqid edilib.
Erməni analitik Manvel Levonyan istefalar fonunda hesab edir ki, Paşinyan və komandasının həll etməsi vacib olan ciddi problemlər var: "Müharibədəki məğlubiyyətdən sonra Paşinyanı çevriliş yolu ilə hakimiyyətə gətirən cəmiyyət ondan inqilabi islahatlar və Ermənistanı böhran bataqlığının içindən çıxarmağı gözləyir. Lakin erməni ekspertlər bu barədə pessimistdirlər. Hesab edilir ki, Nikol Paşinyanın komandası tərəfindən konkret nəticələrin əldə edilməsinə hesablanmış təbliğat tezisləri praktikada müsbət nəticələrin əldə edilməsinə imkan verməyəcək. Hesab edilir ki, Paşinyan vəd etdiyi islahatları yerinə yetirmək əvəzinə keçmiş hakimiyyətin siyasətini davam etdirsə, Ermənistanda daha böyük problemlər yaranacaq".
İndi sual olunur, hazırda hakimiyyətdə olanlar xalqın istədiklərini onlara verə bilmək bacarığına malikdirlərmi? Gedən istefalar və daxili qarşıdurma fonunda belə görünür ki, yox. Belə olan təqdirdə aydın məsələdir ki, xalqın tələbləri yerinə yetirilməyəcək. Yəni Ermənistanda yoxsulluq, korrupsiya, işsizlik əvvəlki qaydasında davam edəcək.
Bu arada Ermənistanda revanşistlər baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün dəridən-qabıqdan çıxsa da, hələ ki, heç bir nəticəyə nail ola bilmirlər. Keçmiş hərbi xunta iqtidarın xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, dövlətçiliyin itirilməsi ilə üz-üzə olduğunu iddia edir. Bütün bunlar isə, əslində, yenidən qarşıdurma yaratmaqla ölkədə növbəti xaos yaratmaq məqsədi güdür. Belə ki, son günlərdə Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı gedən müzakirələr fonunda keçmiş hərbi xuntanın revanş istəyi vəziyyətin daha da qarışacağını göstərir.
Hələ ki, keşiş Baqrat Qalstanyanın başçılıq etdiyi "Müqəddəs mübarizə" adlı təşkilatın etirazları istənilən effekti vermir. Kifayət qədər kütləvilik təmin edilmədiyindən revanşistlərin növbəti planları da fiaskoya uğramaqdadır.
Elçin CƏFƏROV,
"Azərbaycan"