Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib. Tədbirin məqsədi rayonda sahibkarlığın inkişafına dair biznes subyektlərinin ehtiyac və təkliflərini öyrənmək, həmçinin dövlətin mövcud dəstək mexanizmləri barədə məlumat vermək olub.
Görüşdə kənd təsərrüfatı, arıçılıq, ictimai iaşə, bağçılıq sahələrində fəaliyyət göstərən 70-ə yaxın sahibkar və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. İsmayıllı Rayon İcra Hakimiyyətinin birinci müavini Mahmud Süleymanov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov regionda sahibkarlığın inkişafı, dövlət dəstək mexanizmləri və biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat veriblər.
Tədbirdə bildirilib ki, İsmayıllının dağlıq və dağətəyi əraziləri kənd təsərrüfatı və turizm üçün əlverişli şərait yaradır. Rayonun iqtisadi profilini bağçılıq, üzümçülük, taxılçılıq, heyvandarlıq, arıçılıq və tərəvəzçilik formalaşdırır. Emal yönümlü istehsal kənd təsərrüfatı məhsullarının ilkin və qismən dərin emalı üzərində qurulub, sənaye və ticarət sahələri də inkişaf edir.
Görüşdə sahibkarlara aqrar məhsulların toplanması, saxlanması, emalı, yerli məhsulların qablaşdırılması və bazarlara çıxarılması üzrə biznes təşəbbüslərinin inkişafı, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi tövsiyə olunub. Sahibkarların müraciətləri, o cümlədən heyvandarlığın genişləndirilməsi, güzəştli kreditlərin alınması, satış prosesində KOB-ların iştirakı və tikiş müəssisəsinə mütəxəssislərin cəlb edilməsi ilə bağlı sualları da cavablandırılıb.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”