Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri bu yolda daha da möhkəmlənir
Xəzərin iki sahilində yerləşən Azərbaycan və Türkmənistanı bir çox amillərlə bərabər, ortaq dənizin yaratdığı iqtisadi imkanlar da bir-birinə yaxınlaşdırır. Xəzər bir tərəfdən iki ölkəni ayıran təbii sərhəddirsə, digər tərəfdən onları birləşdirən körpüdür. Azərbaycanın Şərqə, Türkmənistanın isə Qərbə açılan iqtisadi imkanları Xəzər dənizində kəsişir.
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri qarşılıqlı ticarətdir. Son vaxtlar iki ölkə arasında bu sahədə əlaqələr genişlənir. Müxtəlif məhsulların qarşılıqlı ticarəti ilə yanaşı, yeni əməkdaşlıq imkanları da yaranır. Bu əlaqələrin miqyasını isə konkret rəqəmlər daha aydın göstərir. Fakt: 2025-ci ildə Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 208 milyon dollardan çox olub. Daha diqqətçəkən dinamika isə tranzit daşımalarında müşahidə edilir. Belə ki, ötən il iki ölkə arasında tranzit yükdaşımalarının həcmi 2,3 milyon tondan çox olub, 2026-cı ilin ilk səkkiz ayında isə artım tempi daha çox yüksəlib. Rəqəmlər də onu diktə edir ki, Xəzər iki ölkəni ayıran su hövzəsi deyil. Əksinə onları regional və beynəlxalq nəqliyyat marşrutlarında birləşdirən çox vacib iqtisadi platformadır.
Enerji sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı 2021-ci ildə əldə olunan razılaşma iki ölkənin enerji potensialını bir müstəvidə birləşdirir. Azərbaycanın nəqliyyat və enerji infrastrukturu isə Türkmənistanın resurslarının daha geniş bazarlara çıxarılması üçün əlavə imkanlar yaradır. Bakı Gəmiqayırma Zavodunda Türkmənistan üçün inşa edilən “Dostluq” tankerinin bir neçə ay əvvəl - iyunun 22-də təqdim olunması bu əməkdaşlığın yalnız sənədlərdə deyil, konkret layihələrdə özünü göstərdiyini nümayiş etdirir.
İki ölkə arasındakı münasibətlərin başqa bir mühüm tərəfi isə Qarabağın bərpası və humanitar əməkdaşlıqdır. Türkmənistanın Füzulidə məscid kompleksi inşa etməsi Azərbaycan - Türkmənistan münasibətlərinin iqtisadi çərçivəni aşaraq mənəvi və humanitar müstəvidə də dərinləşdiyini göstərən nümunələrdəndir. Bakı və Aşqabadın, eləcə də Füzuli və Arxadağın qardaşlaşması, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi və təhsil sahəsində əlaqələrin genişlənməsi xalqlar arasındakı münasibətlərin çoxşaxəli xarakterini ortaya qoyur. Xalqları yaxınlaşdıran bu doğmalıq dövlətlərarası münasibətlərdəki siyasi dialoqla da tamamlanır.
Yüksək səviyyəli görüşlərin intensivləşməsi də Azərbaycan - Türkmənistan əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir. Prezident İlham Əliyev Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bu dinamikanı və Füzulidəki məscidin daşıdığı mənəvi mənanı xüsusi vurğulayaraq deyib: “Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etmək istərdim. Keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür”.
Elə buradaca qeyd edək ki, Xəzər sahillərindən başlayan əməkdaşlıq Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən daha böyük iqtisadi və nəqliyyat məkanının formalaşmasına töhfə verir. Ticarət yolları genişləndikcə, enerji və logistika imkanları artdıqca, mədəni və humanitar əlaqələr dərinləşdikcə iki ölkənin əməkdaşlığı yeni məzmun qazanır.
Bu münasibətlərin inkişafında yüksək səviyyəli siyasi dialoq mühüm rol oynayır. Hər qarşılıqlı səfər iki ölkəni bir-birinə bir qədər də yaxınlaşdırır, dostluq yollarını yeni əməkdaşlıq üfüqlərinə doğru uzadır. Bu deyilənləri Prezident İlham Əliyev bəhs etdiyimiz çıxışında təsdiqləyib: “Son illər Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir”.
Dəniz üzərində formalaşan nəqliyyat bağlantıları iki ölkəni daha geniş regional və beynəlxalq marşrutların iştirakçısı olaraq dünyanın diqqətini çəkir. Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri Türkmənistan üçün Avropa bazarlarına çıxış imkanlarını genişləndirir, Azərbaycan üçün isə Mərkəzi Asiya ilə əlaqələrin daha da dərinləşməsi baxımından yeni imkanlar yaradır. Bu baxımdan Orta dəhlizin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut region ölkələrinin nəqliyyat və logistika imkanlarını bir-birinə daha sıx bağlayır. Türkmənistanın bu marşrutda iştirakı isə Xəzərin şərq sahilində yerləşən ölkələrlə Azərbaycanın tranzit imkanları arasında əlaqəni gücləndirir.
Xəzər üzərindən yükdaşımaların inkişafı bu əməkdaşlığın əməli tərəfini daha aydın göstərir. Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı ilə Azərbaycanın Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında formalaşan əlaqələr iki ölkənin nəqliyyat potensialını birləşdirir. Beləliklə, dəniz nəqliyyatı yükün bir sahildən digərinə daşınmasına və daha böyük bir marşrutun fasiləsiz işləməsinə xidmət edir.
Göründüyü kimi, Azərbaycan və Türkmənistan arasında iqtisadi münasibətlər bir neçə istiqamətin kəsişdiyi geniş əməkdaşlıq platformasını əhatə edir. Ticarət əlaqələri iqtisadi münasibətlərin təməlini möhkəmləndirir, nəqliyyat və logistika bağlantıları bu münasibətlərə regional ölçü qazandırır, enerji əməkdaşlığı isə onları daha geniş bazarlara çıxarmaq üçün əlavə imkanlar yaradır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”