Tramp onu “ən böyük kral” adlandırıb və Şotlandiya viskisinə rüsumları ləğv edib
Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamillanın ABŞ-yə dördgünlük dövlət səfəri başa çatıb. ABŞ Prezidenti Donald Tramp vida çıxışında Çarlzı "ən böyük kral" adlandırıb və Şotlandiya viskisinə rüsumların ləğv edildiyini bildirib.
Cümə axşamı yerli vaxtla günortadan sonra Kral III Çarlz və həyat yoldaşı Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasından Atlantik okeanında, Vaşinqtondan təxminən 1300 km məsafədə yerləşən Britaniyanın xarici ərazisi olan Baham adalarına yola düşüblər.
Səfərlərinin son günündə Donald Tramp və həyat yoldaşı Ağ Evdə Çarlz və Kamillaya vida mərasimi keçiriblər. Daha sonra kral cütlüyü Virciniyadakı kiçik bir şəhərdə küçə şənliyinə getməzdən əvvəl Vaşinqton yaxınlığındakı Arlington qəbiristanlığında Naməlum əsgər abidəsinə əklil qoyublar.
Kral cütlüyünü yola saldıqdan sonra Donald Tramp sosial media hesabı olan “Truth Social”da Kral və Kraliçanın şərəfinə Şotlandiya viskisinə qoyulan bəzi rüsumlardan imtina edəcəyini açıqlayıb. Məlum olduğu kimi, Trampın anası Meri Makleod şotland idi.
Bu xəbərə cavab olaraq, Bukinqem Sarayının sözçüsü bildirib ki, Kral Trampa səmimi minnətdarlığını çatdırıb və prezidentin sağlığına badə qaldıracaq.
Şotlandiyanın birinci naziri Con Suinni bunu "Şotlandiya üçün əla xəbər" adlandırıb və bu məsələdə kralın oynadığı əsas rola görə ona minnətdarlığını bildirib.
Suinni əlavə edib ki, bu rüsumlara görə Şotlandiya iqtisadiyyatı ayda milyonlarla funt sterlinq itirirdi.
Kral cütlüyü getdikdən sonra Tramp jurnalistlərə deyib: "Gözəl insanlar! Ölkəmizdə daha çox belə insanlara ehtiyacımız var."
Ağ Evin qarşısında dördnəfərlik fotosessiya zamanı Tramp Çarlzı göstərərək söyləyib: "Böyük kral! Mənim fikrimcə, ən böyük kral!"
BBC müxbirlərinin qeyd etdiyi kimi, kralın səfəri Britaniya-Amerika münasibətləri üçün açıq-aydın uğurlu olub, lakin Trampın xarakterini nəzərə alsaq, bu uğurun nə qədər davam edəcəyi tamamilə bəlli deyil.
ABŞ Prezidenti səfəri zamanı digər məsələlərlə yanaşı, amerikalıların britaniyalılardan daha yaxın dostlarının olmadığını bildirib.
Konqresdəki çıxışında kral London və Vaşinqton arasında hərbi sahədə və Ukraynaya yardım da daxil olmaqla əməkdaşlığın vacibliyini vurğulayıb.
"Hər iki tərəfdəki şərhçilər kral və kraliçanın səfərini diplomatik uğur kimi qiymətləndiriblər - lakin bu müsbət əhval-ruhiyyənin kral cütlüyünün ayrılmasından sonra da davam edib-etməyəcəyi sual altındadır ", - deyə BBC bildirib.
Səfərin son günü kral və kraliça Virciniyadakı milli parkda gəziblər, orkestrlərin, rəqs qruplarının çıxışını və köhnə avtomobillərin paradını izləyib, yerli ləziz təamların dadına baxıblar.
Daha sonra onlar hava limanına yollanıblar.
Bir gün əvvəl Nyu-Yorkda kral və kraliça 11 sentyabr 2001-ci il terror hücumlarında həlak olanların xatirə abidəsini ziyarət edib və qurbanların ailələri ilə görüşüblər.
Kral daha sonra Harlemdəki bir xeyriyyə təşkilatına baş çəkib və uşaqlarla görüşüb, kraliça isə ədəbi tədbirdə iştirak edib.
Kral cütlüyü çərşənbə axşamını uşaqlara və gənclərə təhsil və biznesin inkişafında kömək edən kral “King's Trust” xeyriyyə fondunun 50 illiyini qeyd etmək üçün Rokfeller Mərkəzində olublar.
1970-ci və 1980-ci illərin məşhur pop müğənnisi və hazırda kral fondunun qlobal səfiri olan Layonel Riçi şənlikdə iştirak edib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”