Mən əslən Burundidənəm, hazırda Azərbaycanda tələbə həyatı yaşayıram. Bakı Ali Neft Məktəbində kompüter elmləri ixtisası üzrə hazırlıq fakültəsində təhsil alıram. Azərbaycana ötən ilin oktyabrında gəlmişəm. Bu gün bura həm Burundidən olan bir iştirakçı, həm də Bakı Ali Neft Məktəbinin nümayəndəsi qismində qatılmışam. Burada Burundidən olan digər bir nümayəndə ilə də qarşılaşdım. Gəldiyim gündən bəri həmyerlimlə rastlaşmadığım üçün onu yenidən görmək məni çox sevindirdi. Belə bir tədbirdə iştirak etmək və müxtəlif ölkələrdən gələn gənclərlə tanış olmaq mənim üçün böyük şərəfdir. Tədbir isə möhtəşəm və mükəmməl təşkil olunub.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Ali Neft Məktəbinin tələbəsi Rubin Nduvayesu deyib.
“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunun çox təsirli olduğunu diqqətə çatdıran burundili tələbə bildirib ki, bu, cəmiyyətlərimizə mənalı həllər gətirməyə çalışan gənc liderlər üçün həyati əhəmiyyət kəsb edən bir məsələdir: "Biz yaşayış standartlarımızı yüksəltməyə və inkişaf etdirməyə sadiqik. Afrikalılar olaraq biz hələ də müəyyən çətinliklərlə üzləşirik. Müstəmləkəçilik öz arxasında asılılıq, bərabərsizlik və imkanların məhdudluğu kimi amillər buraxıb. Buna görə də biz dəyişiklik üçün ayağa qalxmalı və ilk növbədə düşüncə tərzimizi dəyişməliyik. Çıxış etmək imkanım olmasa da, digər iştirakçıların mövzu ilə bağlı fikirlərini və nitqlərini dinləmək məndə böyük təəssürat yaratdı. Tədbir çox maraqlı keçdi və ümid edirəm ki, gələn il də burada olacağam. Biz üç əsas istiqamət üzrə – təhsil, düşüncə tərzi və imkanlar sahəsində dəyişikliklərə nail olmağı hədəfləyirik. Təhsildə hər bir tələbənin məqsədi dəyərli biliklərə yiyələnməkdir. Əsas qayə tənqidi təfəkkürə, innovativ həllərə və rəqəmsal səriştələrə sahib olmaqdır. Bir kompüter elmləri tələbəsi kimi süni intellektin yaşayış standartlarımızı necə yaxşılaşdıra biləcəyi mənim üçün böyük maraq kəsb edir. Süni intellekt şəhər idarəçiliyi, səhiyyə və nəqliyyat kimi müxtəlif sahələrdə tətbiq oluna bilər. Ölkəm hələ bu səviyyəyə çatmasa da, biz öz imkanlarımızı aşmağa çalışırıq və gələcəkdə buna nail olacağımıza inanırıq.
İmkanlara gəlincə, böyük potensiala və yaradıcı ideyalara malik bir çox insan hələ də maliyyə çətinlikləri ilə üzləşir. Onların resurslara və maliyyəyə çıxış imkanları olmalıdır. Ümumiyyətlə, gənclərin böyük istedadı var. Ölkələrimizi inkişaf etdirmək üçün dəstəyə ehtiyacımız var.
Sonda vurğulamaq istədiyim məqam düşüncə tərzidir. Biz müstəmləkəçilik və asılılıq zehniyyətindən uzaqlaşmalı, risk götürməyə, fəaliyyətə, nəticəyə və məsuliyyətə yönəlmiş yeni bir təfəkkürə keçməliyik. İnanıram ki, əgər aydın düşüncə tərzimiz və konkret hədəfimiz olsa, buna mütləq nail ola bilərik", - deyə o bildirib.