Məhsulun çox hissəsi xaricə ixrac olunur
Bölgədə yerkökü ən çox Tovuzun Hunanlar kəndində yetişdirilir. Keçən ilin oktyabr ayında 105 hektar sahəyə yerkökü toxumu səpən kənd sakinləri cari ilin may ayından kütləvi yığıma başlamışlar.
Onu da bildirək ki, Kür çayının sağ sahilində yerləşən qədim Hunanlar kəndində yetişdirilən, ekoloji cəhətdən təmiz və əmtəə dəyəri yüksək olan yerkökü həm daxili, həm də xarici bazarlarda özünün satış qiymətinə və keyfiyyətinə görə fərqlənir. Bu da təsadüfi deyil.
Kənd sakinləri illərdir ki, yerkökü istehsalında zəngin təcrübə toplamışlar. Onlar istehsal etdikləri məhsulun çox hissəsini yerli bazarlarla yanaşı, xarici ölkələrə, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrə çıxarırlar. Qiymətlərə gəldikdə hazırda yerkökünün kiloqramı 60-90 qəpikdir.
Söhbət zamanı fermerlər bildirdilər ki, yerkökü əl ilə yığılır. Bitkinin dibinə əvvəlcə su axıdılır ki, kökün çıxarılması asanlaşsın. Sahədən toplanıb gətirilən kök yüksəktəzyiqli su ilə təmizlənənə qədər yuyulur. Ümumiyyətlə, bir hektar sahəyə ümumilikdə 3 min manata yaxın pul xərclənir. Məhsul qış aylarında örtülü şəraitdə becərilir. Bunun üçün sellofandan istifadə edilir. Yazda havalar istiləşəndə sellofan örtüklər götürülür. Aprelin sonu, may ayının əvvəlində yığıma başlanılır. Yığılan yerkökünün bir qismi təmizlənir və içərisindən standartları seçilir. Təxminən 1 ton kökdən 600-700 kiloqram sağlam məhsul götürülərək qablaşdırılır.
Xaricə ixrac olunan yerkökünü əsasən yük maşınlarının sahibləri özləri yığırlar. Yığım dövründə kəndin əkin sahələrinə, eləcə də bu işlə məşğul olan sakinlərin qapılarında yerkökü yığan onlarca maşın görmək mümkündür. Sürücülər çalışırlar ki, məhsulu qısa vaxt ərzində ünvana çatdırsınlar.
Hazırda kənddə 525 təsərrüfat var və demək olar ki, bu təsərrüfatların hamısı yerkökü yetişdirməklə məşğuldur. Kənd sakinləri Yavər Nəcəfov, Musa Salmanov, Qafar Zeynalov, Əyyub Əhmədov və başqaları uzun illərdir bu işlə məşğuldurlar. Söhbət zamanı kənd sakinləri məhsulun satışında elə bir problemin olmadığını söylədilər. İstehsal olunmuş yerkökünün satışından gələn qazanc da sakinləri razı salır.
S.YUNİSOĞLU,
"Azərbaycan"