Xalqımız ta qədimdən heyvandarlıqla məşğul olub. Bu sahədə qazanılmış zəngin təcrübə, uzun illər yaranmış və möhkəmlənmiş ənənə, kəndlilərin heyvandarlığa bağlılığı və meyili hazırda bu sahənin sabit templə inkişafını təmin edir.
Azərbaycanın müstəqillik əldə etdiyi ilk dövrdə - 1991-1995-ci illərdə heyvandarlıq tənəzzülə uğramağa başladı. Mal-qaranın sayı 2025,6 min başdan 1681,7 min başa, inək və camışlar 743,3 min başdan 710,7 min başa, qoyun və keçilər 5547,8 min başdan 4644,4 min başa , quşlar isə 31,4 milyon başdan 12,4 milyon başa qədər azaldı. Müvafiq olaraq heyvandarlıq məhsulları istehsalı da azalmışdır. Ət istehsalı 188 min tondan 82 min tona, süd istehsalı 1066,6 min tondan 826,5 min tona, yun istehsalı 11,9 min tondan 9 min tona, yumurta istehsalı isə 1,71 milyon ədəddən 455,8 milyon ədədə düşdü.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi və onun təşəbbüsü ilə heyvandarlıqda islahatların başlanılması, yaranmış böhran vəziyyətin qarşısını aldı və 1996-cı ildən başlayaraq heyvandarlıq bütün sahələrdə inkişaf etməyə başladı. Hazırda respublikada 2681,8 min baş mal-qara, o cümlədən1288,1 min baş inək və camış, 8559,3 min baş qoyun və keçi, 23,2 milyon baş quş vardır. Son 20 ildə mal-qara 59,5 faiz, inək və camışlar 71,9 faiz, qoyun və keçilər 54,3 faiz artmışdır. Bu dövrdə ət istehsalı 3,2 dəfə artaraq 263,7 min tona, süd istehsalı 2,2 dəfə artaraq 1622,3 min tona, yumurta istehsalı isə 2,2 dəfə artaraq 10081,1 min ədədə çatmışdır. Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də heyvandarlıq məhsullarının istehsalı sahəsində vəziyyət sabit qalmaqda davam edir. Belə ki, keçən il ət istehsalı 4,3 faiz, süd istehsalı 5,6 faiz artmışdır.
2011-ci ildə respublikada adambaşına 32,3 kq ət, 238 kq süd, 125 ədəd yumurta istehlak olunmuşdur.
2011-ci ildə kənd təsərrüfatının ümumi məhsulunda heyvandarlığın payı 48,7 faizə çatmışdır. Kənd təsərrüfatının tarixində heyvandarlıq sahəsində birinci dəfədir ki, belə yüksək göstəricilərə nail olunmuşdur.
Azərbaycanda bəzi unikal heyvanlar yetişdirilir. Əsasən Azərbaycanda yetişdirilən camışlar, yerli zebular, qala qoyunları və keçilər yüksək keyfiyyətli məhsul vermələri ilə fərqlənirlər. Hazırda 270 min baş camış vardır. Xarici mühitin zərərli təsirlərinə və xəstəliklərə dözümlülüyü, yemə və saxlanılmağa az tələbkar olması ilə fərqlənən camışların südündə 8-12 faiz yağ olur. Camış südündə yağın miqdarı inək südünə nisbətən 2,4 dəfə artıqdır. Əgər 1 kq yağ 22 kq inək südündən əmələ gəlirsə, 8-10 kq camış südündən 1 kq yağ çıxır. Camışın qatığı və qaymağı ilə yanaşı onun əti də bir çox xəstəliklərə qarşı dərman kimi istifadə olunur.
Son illərə qədər heyvandarlıq ekstensiv yolla, yəni mal-qaranın baş sayının artırılması hesabına inkişaf edirdi. Azərbaycan aztorpaqlı bir ölkə olduğundan və adambaşına 0,19 ha əkinə yararlı torpaq sahəsi düşdüyündən heyvandarlığın ekstensiv metodla inkişaf etməsi ciddi narahatlıq doğururdu. Azərbaycanda hər il heyvanların baş sayının artırılmasına ehtiyac yoxdur. Çünki mal-qaranın yemlə təmin olunmasında ciddi çətinliklər var. Respublikada optimal miqdarda heyvan saxlanılması tələb olunur. Alimlər və mütəxəssislər belə hesab edirlər ki, respublikada orta hesabla 1600 min baş mal-qara, o cümlədən 800 min baş inək və camışın saxlanılması məqsədəuyğundur. Lakin inək və camışların hər birindən ildə orta hesabla hələlik 2500-3000 kq süd sağılmalı, kəsilən hər bir baş heyvan kökəldilərək diri çəkisi 350-360 kq-ya çatdırılmalıdır ki, əhalinin ətə və südə olan tələbatı daha dolğun ödənilə bilsin.
Heyvandarlıq məhsulları istehsalını intensiv artırmaq üçün ciddi tədbirlər görülür. Bunun üçün ilk növbədə hüquqi baza yaradılmışdır. "Damazlıq heyvandarlıq haqqında" Azərbaycan Respublikasının Qanunu hazırlandıqdan və qüvvəyə mindikdən sonra heyvandarlıqda damazlıq-seleksiya işləri xeyli yaxşılaşmışdır. Regionların sosial-iqtisadi inkişaf üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
Ərzaq Təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər çərçivəsində ölkədə heyvandarlıq məhsullarının istehsalını artırmaq, habelə damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə hər il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Aqrolizinq" ASC-yə 5-10 milyon manat vəsait ayrılır. Bu vəsait hesabına indiyədək respublikaya 3272 baş damazlıq düyə alınıb gətirilmiş, bu düyələr güzəştlə heyvandarlıq məhsulları istehsalçılarına lizinqə verilmişdir. Görülən tədbirlər və Kənd Təsərrüfatı Nazirliyinin hazırladığı tövsiyələrin yerinə yetirilməsi nəticəsində həmin heyvanlar artıb 5500 başa çatmışdır.
Özəl damazlıq təsərrüfatlarında cəmləşdirilmiş bu heyvanlardan yüksək süd məhsulu əldə edilir. Samux rayonunun İstixana qəsəbəsində Tərbiyə Yusifova "Aqrolizinq" ASC-dən aldığı 20 baş düyəni artırıb 68 başa çatdırmışdır. 1 baş da olsun ölümə və tələfata yol verilməmişdir. Burada keçən il hər baş inəkdən orta hesabla 6500 kq süd sağılmışdır. Belə misalların sayını artırmaq mümkündür.
Lizinq yolu ilə verilən damazlıq düyələrin hamısı süni yolla mayalandırılır, bu heyvanlar xüsusi qulluq tələb edir. İdxal olunan damazlıq düyələrə nümunəvi xidmətin göstərilməsi, ölkənin heyvandarlıq mədəniyyətinə ciddi surətdə müsbət təsir göstərir. 2012-ci ildə bu iş yenə də davam etdiriləcək və respublikaya 3200 baş damazlıq düyə gətiriləcəkdir.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, respublikada olan mal-qaranın 80-85 faizi 10 başadək heyvan saxlayan sahibkarların xırda təsərrüfatlarında cəmləşmişdir. Belə kiçik təsərrüfatlarda yeni texnoloji prosesləri həyata keçirmək, ağır əl əməyi tələb edən işləri mexanikləşdirmək, istehsalı intensiv qaydada aparmaq qeyri-mümkündür. Odur ki, süd istehsalını intensiv artırmaq üçün respublikada iri südçülük kompleksləri yaradılır.
2011-ci ildən etibarən Ağdam rayonunun Əfətli kəndindəki "Qara inək" kəndli (fermer) təsərrüfatında 450 başlıq, Ağcabədi rayonunun Ağabəyli kəndində 3000 başlıq, Kürdəmir rayonunun Atakişili kəndində 500 başlıq, Salyan rayonunun Kürqaraqaşlı kəndində 500 başlıq südçülük kompleksləri fəaliyyətə başlamışdır.
Bu il Ağdaş rayonunun Ərəbocağı kəndində 800 başlıq, Salyan rayonunun Qaraçala qəsəbəsində 2400 başlıq, Qəbələ rayonunda "Aqrokompleks" MMC-də 1000 başlıq, həmin rayonun Vəndam kəndində 500 başlıq südçülük kompleksləri istifadəyə veriləcəkdir. Bu komplekslərin hamısı "Aqrolizinq" ASC vasitəsilə gətiriləcək damazlıq düyələrin hesabına komplektləşdiriləcəkdir.
Damazlıq düyələrin saxlanıldığı südçülük kompleksləri yüksək istehsal göstəricilərinə nail olurlar. "Şəki Aqro İndastris" MMC-də təqdirəlayiq iş təcrübəsi vardır. Burada 1126 baş mal-qara, o cümlədən 540 baş inək yetişdirilir. Keçən il hər inəkdən orta hesabla 5263 kq süd sağılmışdır. İnəklərin hamısı süni yolla mayalandırılır. Hər 100 baş inəkdən 98 bala alınır. Süd sağımı sexi fəaliyyət göstərir. Eyni vaxtda 32 inək sağılır. Bu ilin iyun ayında bu təsərrüfatda dövlət və özəl damazlıq təsərrüfatları başçılarının və damazlıq düyə alan sahibkarların respublika seminar-müşavirəsinin keçirilməsi planlaşdırılmışdır.
Düzdür, ölkəmizə idxal olunan cins düyələrin damazlıq seleksiya işlərinin aparılmasında böyük əhəmiyyəti var. Lakin hər il ölkəyə gətirilən az sayda - 900-1500 baş düyə vasitəsilə bütün kateqoriya təsərrüfatlarda mövcud olan 2600 min baş mal-qaranın cins tərkibini qısa müddətdə yaxşılaşdırmaq mümkün olmayacaqdır. Ona görə də heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanmaya üstünlük verilməlidir. Bu sahədə respublikada heç vaxt olmayan geniş iş başlanmışdır.
Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycan Respublikasında Süni Mayalama Mərkəzi yaradılmışdır. Burada Avstriyadan, Almaniyadan və Rusiyadan alınıb gətirilmiş 21 baş törədici buğadan və kəldən yüksək keyfiyyətli toxum istehsal olunur.
Heyvanlarda süni mayalanma tədbirlərini həyata keçirmək üçün Süni Mayalama Mərkəzi nəzdində yaradılmış kurslarda 450 nəfər süni mayalama texniki hazırlanmışdır. Onlar süni mayalama avadanlıqları, yedəkli motosklet, heyvan toxumu və maye azotla təmin olunmuşlar. Təcrübə qazanmaları və işdə möhkəmlənmələri, ilk dövrdə maddi vəziyyətlərinin yüngülləşdirilməsi üçün süni mayalama texniklərinə işlədikləri birinci ildə əməkhaqqı verilir.
Respublikada heyvanların süni mayalandırılması sahəsində artıq işlək bir mexanizm formalaşmışdır. Hər bir rayonda və şəhərdə Süni Mayalama Mərkəzi yaradılmışdır. 2011-ci ildə həyata keçirilən tədbirlər nəticəsində 78216 baş heyvan süni mayalanmış və 46855 baş bala alınmışdır. Ölkədə mövcud olan inək, camış və 2 yaşından böyük düyələrin 5,5 faizi süni mayalanmışdır. Lakin bu göstəricilərin çox aşağı olduğunu yaxşı başa düşürük.
Harada heyvanların süni mayalanmasına diqqət və əhəmiyyət verilirsə, orada bu sahədə böyük müvəffəqiyyətlər qazanılır. Elə buna görə də Zaqatala, Abşeron, Ağdaş, Sabirabad, Qəbələ, Salyan və Xaçmaz rayonlarında heyvanların süni mayalanması yaxşı təşkil olunmuşdur.
Abşeron rayonunda sağmal inəklərin 25 faizi süni mayalanma ilə əhatə olunmuşdur. Burada hər bir süni mayalama texniki ildə 500-600 baş heyvanı süni mayalayıb 80-85 baş bala alır. Mütəxəssislərin hesablamalarına görə, Abşeron rayonu üzrə hər inəkdən keçən il orta hesabla 4300 kq süd sağılmışdır.
Süni mayalanma nəticəsində alınmış inəklərdən ildə orta hesabla 3500-4000 kq süd sağılır. Bu inəklərin fərqi ondan ibarətdir ki, yedikləri yemi tezliklə südə çevirmək qabiliyyətinə malikdirlər.
Heyvanların süni mayalanması böyük iqtisadi səmərə verir. Bir baş düyənin satın alınıb gətirilməsi 3400-3500 manata başa gəldiyi halda, süni mayalanma yolu ilə bir baş buzovun alınmasına 20 manat sərf olunur. İqtisadi səmərəlilik bax bundan ibarətdir.
Heyvandarlıqdan almaq istədiyimiz əsas məhsullar ət və süddən ibarətdir. Ət istehsalının inkişaf etdirilməsi istiqamətində geniş iş başlanmışdır. Dağ və dağətəyi bölgələrdə heyvanların intensiv kökəldilməsi həyata keçirilir. Bərdə rayonunun 12 kəndində, xüsusilə Mehdili, Hacallı, Xəsili kəndlərində demək olar ki, bütün ev təsərrüfatları mal-qara kökəltməklə məşğul olur. Rayonda heyvanların kökəldilməsi işi mühüm dövlət siyasətinə çevrilmişdir.
Süni Mayalama Mərkəzində dünyada çox məşhur ətlik qaramal cinslərindən biri olan Aberdin-anqus törədici buğasından toxum istehsal olunub, yerlərdə aborogen heyvanlarda süni mayalama aparmaq üçün süni mayalama texniklərinə verilir. Bu yaxınlarda Fransadan respublikaya humanitar qaydada dünyada ən yüksək keyfiyyətli ətlik cins olan Şarole törədicilərinin 1000 doza toxumu gətiriləcəkdir.
Azərbaycan hökumətinin əsas vəzifələrindən biri əhalinin heyvandarlıq məhsulları ilə tələbatının daha dolğun ödənilməsindən ibarətdir. Hər bir adam gündə 3126 kkal əvəzinə 2588 kkal dəyərində olan ərzaq məhsulları istehlak edir. Adamların gündəlik qidalanması ildən-ilə yaxşılaşır. Belə ki, adambaşına gündə 35 qram ət, 251,1 qram süd və qaymaq, 12,8 qram kərə yağı, 15,8 qram pendir, 42,7 qram qatıq istehlak olunur.
Bir faktı qeyd etmək kifayətdir ki, indi ölkəmizdə sovet dövründəki kimi mövcud olan ət almaq üçün uzun-uzadı növbələrə təsadüf edilmir. Hər bir adam ilin bütün günlərində imkanlarından asılı olaraq istədiyi qədər ət və süd ala bilər.
Hər bir heyvandarlıq təsərrüfatının reytinqi istehsal etdiyi ət və südün miqdarından asılıdır. İş elə təşkil olunmalıdır ki, emal sənayesi istehsal prosesini qabaqlasın. Heyvandarlıq məhsullarının emalı sahəsində də xeyli iş görülmüşdür. Bakı şəhərindəki "Milk Pro" MMC, Ağcabədi rayonundakı "Atena", Lənkərandakı "Pal süd", "Biləsuvar süd", Salyan rayonundakı "Nurgun" süd emalı, "Hakan Fut", "Səhliyalı", "Aymin flaqman", "Halal dad" ət emalı , "Kaspian Fiş" balıq emalı müəssisələrinin məhsulları "İSO-9000" keyfiyyət sertifikatına layiq görülmüşdür. Süd emalı müəssisələrində aseptik süd istehsal olunur. Süd emalı müəssisələrinin emal etdikləri milli ayran, dovğa, qatıq, şor və digər milli məhsullar xarici tərəfdaşların hüsnrəğbətini qazanmışdır. Son illərdə emal müəssisələri qida təhlükəsizliyi və keyfiyyətin idarə olunması üzrə HACCP proqramının həyata keçirilməsi üçün çox iş görürlər.
Bildiyimiz kimi, ölkəmizdə əkinə yararlı torpaqlar ildən-ilə azalır, əhali isə get-gedə çoxalır. Ona görə də bu az torpaqlardan elə səmərəli istifadə olunmalıdır ki, həmin torpaqlar ildən-ilə artan əhalini yedizdirə bilsin. Gələcəkdə baş verə biləcək ərzaq qıtlığı probleminin qarşısını vaxtında almaq üçün müstəqil dövlətimiz "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması üzərində iş aparır. Əhalinin 2020-ci ildə və bundan sonrakı dövrdə heyvandarlıq məhsullarına olan tələbatını daha da dolğun ödəmək üçün Kənd Təsərrüfatı Nazirliyi bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Yuxarıda qeyd etdiyimiz kimi, heyvandarlıqdan ən çox gözlədiyimiz ət və süddür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli sərəncamı ilə təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda 2015-ci ildə ət istehsalının kəsilmiş çəkidə 340 min tona, süd istehsalının isə 2,4 milyon tona çatdırılması hədəf seçilmişdir. Xüsusilə ət istehsalının intensiv artırılması üzərində gərgin iş gedir.
Şərq ölkələrinin əksəriyyətində, xüsusilə İran və Türkiyədə mal əti istehsalı xeyli azalmışdır. Bu ölkələrdə kəndlər boşaldığından mal-qara saxlayan əhalinin sayı xeyli azalmışdır. İranda 1 kq mal ətinin qiyməti 15 manat, Türkiyədə isə 18-20 manata qədər artmışdır. Hazırda həm İran, həm də Türkiyə xarici ölkələrdən külli miqdarda mal-qara almaq məcburiyyətində qalmışdır.
Respublikada ət istehsalı xüsusi nəzarətə götürülmüşdür. 2011-ci ildə respublikada kəsilmiş çəkidə 263,7 min ton ət, o cümlədən 117 min ton mal əti, 74,4 min ton qoyun əti istehsal olunmuşdur. Respublikada istehsal olunan ət tələbatı tam ödəmədiyi üçün xarici ölkələrdən keçən il 26019 ton ət və ət məhsulları idxal olunmuşdur. 2011-ci ildə adambaşına istehlak olunan ətin 13,34 kq-ı mal əti, 8,29 kq-ı isə qoyun və keçi ətindən ibarətdir. Əgər vaxtında operativ və düşünülmüş tədbirlər həyata keçirilməsə, 2015-ci ildə Dövlət Proqramında nəzərdə tutulan ət istehsalının 340 min tona çatdırılması sual altındadır.
Məlumatlardan göründüyü kimi, 2015-ci ildə istehsalı nəzərdə tutulan hədəfə çatmaq üçün 2012-2015-ci illərdə əlavə olaraq cəmi 86,2 min ton ət istehsal olunmalıdır. Bunun üçün ildə ət istehsalı ən azı 8,5 faiz artmalıdır. Bu vəzifəni yerinə yetirmək və həmçinin 2020-ci ildə mal əti istehsalını 360-380 min tona çatdırmaq üçün mal-qaranın meydançalarda (təsərrüfatlarda) kökəldilməsi təşkil olunmalıdır. Hər bir qaramal ən azı 350-360 kiloqramadək kökəldikdən sonra kəsimə verilməlidir.
Təsərrüfatlara xarici ölkələrdən ətlik istiqamətli Aberdin-anqus, hallovey, santa-hertruda, limuzin, şarole və digər cinslərdən olan heyvanların satın alınıb gətirilməsi və güzəştli qiymətlərlə sahibkarlara satılması nəzərdə tutulur.
Kökəltmə meydançalarının bir ədədinin tikintisi ən çox 1,5 milyon manata, ətlik cinslərindən olan 1000 baş heyvanın satın alınmasının isə 3,5 milyon manata başa gəlməsi proqnozlaşdırılır. Kökəldilməyə qoyulan heyvanlar 4 dərəcəyədək şaxtaya dözə bilirlər. Ətlik cinsindən olan qaramal 8-9 kiloqram yem vahidinə 0,8-1,0 kiloqram gündəlik çəki artımı verir.
Dövlət Proqramında ət istehsalı sahəsində nəzərdə tutulmuş hədəfə çatmaq məqsədilə qalan 86,2 min ton əlavə ət istehsalı üçün 40 rayonun hər birində 1000 başlıq 3 ədəd özəl kökəltmə meydançası (təsərrüfatı) yaratmaqla, bu meydançalarda (təsərrüfatlarda) cəmi 120000 baş qaramalın kökəldilməsi məqsədəuyğundur. Bu meydançaların tikilməsi, müasir avadanlıq və texnologiyalar ilə təchiz olunması üçün 620 milyon manat investisiya qoyuluşuna ehtiyac vardır. Tələb olunan investisiya sahibkarların vəsaiti, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri, "Azərbaycan İnvestisiya Şirkəti" ASC dəstəyi ilə təmin oluna bilər.
Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, mal əti istehsalını ildə 20-25 min ton artırmağa imkan verə bilər.
Cavan heyvanlar vaxtından xeyli əvvəl, az çəkidə kəsildiyi Azərbaycanda xeyli ət itkisinə yol verilir. Ona görə də cavan heyvanların kəsilməsinin qarşısı alınmalıdır. Hazırda quzular 10-15 kq diri çəkidə, danalar isə 150-180 kq diri çəkidə kəsilib satılır. Təkcə buna görə ildə ən azı 20-25 min ton ət itirilir. Mal-qara 350-360 kq-ya, quzular isə 40 kq-ya çatdırıldıqdan sonra kəsilməlidir. Bu sahədə sahibkarlar arasında geniş izahat işləri aparılmağa başlanılmışdır. Fikrimizcə, bu kimi halların qanunvericilik vasitəsilə qarşısının alınması məqsədəuyğun olardı.
Respublikada 2015-ci ildə süd istehsalını 2400 min tona çatdırmaq sahəsində çox gərgin hədəf müəyyən edilmişdir. Kənd Təsərrüfatı Nazirliyi alimlərin, mütəxəssislərin və təcrübəli heyvandarlıq işçilərinin təkliflərinə əsaslanıb 2020-ci ildə süd istehsalının 2500 min tona çatdırılmasını təklif edir.
2015-ci ildə nəzərdə tutulan hədəfə çatmaq üçün qarşıdakı 4 il müddətində, 2012-2015-ci illərdə cəmi 778 min ton süd istehsalı artırılmalıdır. Bu, qətiyyən mümkün olan, həll edilə bilən məsələ deyildir. Çünki süd artımı ildə orta hesabla 5-6 faizdən artıq olmur.
2015-ci və 2020-ci illərdə qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün hazırda süd istehsalının intensiv artırılması üçün həyata keçirilən mexanizm uğurla davam etdirilməlidir. Yaranmış vəziyyət hər bir rayonda ən azı tutumu 500 baş inək olan 3-5 ədəd südçülük kompleksinin tikilib istifadəyə verilməsi zəruriyyətini tələb edir. Çünki xırda təsərrüfatlarda iri istehsaldan danışmaq mümkün deyildir.
Yeri gəlmişkən, vacib bir məsələyə də toxunmaq istərdik. Süd istehsalını intensiv inkişaf etdirmək üçün respublikada iri südçülük komplekslərinin yaradılması təqdirəlayiqdir. Lakin bu işdə optimallıq gözlənilmir.
Məlumat üçün bildiririk ki, dünya ölkələrində 500-800 başdan çox inəyi olan südçülük təsərrüfatlarının yaradılması məqsədəuyğun sayılmır. Niderland kimi qabaqcıl heyvandarlıq ölkəsində 300 başdan artıq inəyi olan təsərrüfata rast gəlmədik. İndiyədək Azərbaycanda ən çox 600 inəyi olan bir təsərrüfat mövcud idi.
Buna baxmayaraq, hazırda Sahibkarlara Kömək Milli Fondunun və bank kreditlərinin hesabına Ağcabədi rayonunun Ağabəyli kəndində 3000 baş inəyi olan "Atena" və Salyan rayonunun Qaraçala qəsəbəsində 2400 baş inəyi olan "Hacı Camalxan" südçülük kompleksləri yaradılır.
Bildiririk ki, bu məsələdə mütəxəssis rəyi nəzərə alınmır. Belə iri komplekslərin yaradılması risk tələb edir. 3000 baş inəyi saxlayan bir təsərrüfatda 24 aydan sonra heyvanların ümumi sayı 6000 başa (onun 3000 başı inək, 600 başı düyə və 2400 başı cavan heyvanlar) çatacaqdır. Bu qədər heyvanı saxlamaq üçün gündə 360 ton yem tələb edilir. Yem bitkiləri əkmək üçün ən azı 4500 hektar torpaq sahəsi olmalıdır. İldə 131400 ton yem istehsal etmək və təsərrüfata 4500 hektar torpaq ayırmaq imkan xaricindədir. Belə iri təsərrüfatları idarə etmək xeyli çətinliklər yaradacaqdır.
Eyni zamanda, 3000 baş inək saxlamaqla bu heyvanlar risk altında qoyulur. Əgər hər hansı bir kəskin yoluxucu xəstəlik baş verərsə, bu heyvanların kütləvi qırılması təhlükəsi yarana bilər.
Vacib bir məsələyə də toxunmaq istərdik. Sovet dövründə nazirliklər bir-biri ilə möhkəm əlaqə saxlayır, əlbir işləyir, birlikdə fəaliyyət göstərirdilər. Bu da ümumi işin sürətlə qabağa getməsini təmin edirdi. İndi belə iş üslubu yoxdur. İ.Krılovun təmsilində olduğu kimi, hərə bir tərəfə çəkir. Çox yaxşı olardı ki, İqtisadi İnkişaf Nazirliyi hər hansı bir aqrar məsələni həll edərkən Kənd Təsərrüfatı Nazirliyinin peşəkar, səriştəli, təcrübəli mütəxəssislərinin təkliflərini nəzərə alsın, onların rəylərinə diqqət yetirsin. Bu nəinki belə olmalıdır, hətta çox təəccüblü olsa da, nazirlikdə baş heyvandarlıq mütəxəssisi olmağıma baxmayaraq, hətta heyvandarlıq təsərrüfatlarının hansınasa kredit verilməsindən nazirliyin qətiyyən xəbəri olmur. Belə bir vəziyyəti normal hesab etmək olarmı?
Dəfələrlə qeyd edilmişdir ki, süd istehsalının intensiv inkişaf etməsində heyvanların süni mayalanması mühüm rol oynayır. Dünyanın qabaqcıl ölkələrindən Fransa, Almaniya, Niderland, Avstriya, ABŞ, İsrail və bir çox başqa dövlətlərdə heyvanların təbii cütləşməsinə "yox" deyirlər. Bu ölkələrdə heyvandarlıqda 100 faiz süni mayalanma tətbiq edilir və nəticədə hər inəkdən ildə orta hesabla 8-11min kq süd sağılır. Qardaş Türkiyədə inəklərin 60 faizi və 4 milyon başı süni yolla mayalandırılır.
Genetik qanunlara əsasən, yaxşı törədici heyvan öz müsbət keyfiyyətlərini balalarına verir. Bu prinsipə əsasən respublikada olan yerli heyvanların hamısının cins tərkibini və süd məhsuldarlığını yaxşılaşdırmaq mümkündür. Lakin Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin başladığı bu vacib iş metodu ilk uğurlarını qazansa da, çox çətinliklə özünə yol açır. Çünki yerlərdə bir çox rayon və şəhər icra hakimiyyətləri damazlıq işi ilə maraqlanmır, bu işin geniş yayılması üçün maarifləndirmə tədbirlərini həyata keçirmir, süni mayalama texniklərini dəstəkləmir və bu işin yaxşılaşmasına maraq göstərmir. Şabran, Balakən, Astara, Lənkəran, Göygöl, Tərtər, Tovuz, Cəlilabad, Siyəzən, Şamaxı, Qobustan, Xızı, İmişli və bir çox digər rayonlarda Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1578 nömrəli sərəncamı ilə təsdiq olunmuş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər) 1.6.6-cı, 2009-cu il 14 aprel tarixli 80 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 4.1.16-cı və 2008-ci il 25 avqust tarixli 3004 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın 5.3.6-cı bəndlərində heyvandarlıqda süni mayalanma tədbirlərinin genişləndirilməsinin dəstəklənməsinə dair göstərilən tədbirlərin yerinə yetirilməsi pozulur. Astara, Tərtər və Balakən rayonlarında nəzarətin olmaması ucbatından heyvanlarda süni mayalanmanın aparılması barədə düzgün olmayan şişirdilmiş rəqəmlər verilir.
Respublika Süni Mayalama Mərkəzi Göygöl rayonunun ərazisində yerləşir. Bu rayonda 74 min əhali olmasına baxmayaraq, 5 nəfər süni mayalama texnikinin hazırlanması böyük bir problemə çevrilmişdir. Şəki rayonunda məktəbdə dərs deyən ibtidai sinif müəllimi süni mayalama texnikləri hazırlayan kursa göndərilmişdir. O, kursu bitirdikdən sonra bir gün də olsun süni mayalama texniki işləməmişdir.
Dünyanın bütün ölkələrində heyvanların süni mayalanmasına dövlət büdcəsindən vəsait ayrıldığı halda azərbaycanda ikinci ildir ki, vəsait ayrılmır. Bu ondan irəli gəlir ki, nə İqtisadi İnkişaf Nazirliyinin, nə də Maliyyə Nazirliyinin aparatlarında heyvandarlıqda süni mayalanmanın aparılmasının mahiyyətini və əhəmiyyətini düzgün qiymətləndirən mütəxəssis yoxdur.
Türkiyədə süni mayalanma nəticəsində doğulan hər bir buzova görə onun sahibinə 75 türk lirəsi verilir. Turkiyədə bu tədbir ona görə həyata keçirilir ki, süni mayaladıqları heyvanların sayı aydan-aya, ildən-ilə artsın, süni mayalanmanın gedişinin qeydiyyatı aparılsın, ölkəyə icazəsiz heyvan toxumunun gətirilməsinin qarşısı alınsın, süni mayalanma ilə yüksək ət və süd verən heyvan nəsli yaradılsın, təbii cütləşmə qadağan edilsin. Bir mütəxəssis kimi deyə bilərəm ki, bunlar çox vacib və çox yaxşı tədbirlərdir. Bu tədbirin Azərbaycanda da tətbiq olunmasını ikinci ildir ki, qaldırırıq. Lakin bizim bu sahədəki təklifimizə İqtisadi İnkişaf və Maliyyə nazirlikləri "yox" deyirlər.
Kənd Təsərrüfatı Nazirliyi belə hesab edir ki, dünyada heyvandarlıq sahəsində mütərəqqi nə varsa, hamısı Azərbaycana gətirilməli, istehsalata tətbiq edilməli və ölkəmizin böyük inkişafına birlikdə təkan verilməlidir.
Respublikada ən böyük problemlərdən biri də odur ki, kənd rayonlarında sahibkarlar istehsal etdikləri süd məhsullarını sata bilmirlər. Emal müəssisələri südün 1 kq-nı südün çox olduğu yay fəslində 20-25 qəpiyə, südün istehsalının azaldığı qış aylarında isə 35-50 qəpiyə alaraq taralara doldurub 1 manata satırlar. Mütəxəssislər belə hesab edirlər ki, südün 1 litrinin qiyməti 1 manatdan aşağı olmamalıdır. Bunu necə başa düşmək olar ki, 0,5 litr Şollar suyu 50 qəpiyə, min bir əzab-əziyyət hesabına istehsal olunan 1 litr süd isə 20-25 qəpiyə satılır. Belə hallar ona görə baş verir ki, emal müəssisələri süd istehsalından geridə qalır və rəqabət qabiliyyətli emal müəssisələri çatışmır.
Qoyunçuluq heyvandarlığın ən gəlirli sahəsidir. 2020-ci ildə qoyun ətinin 85-90 min tona çatdırılması hədəf seçilmişdir. Bunun üçün erkək və çıxdaş edilmiş qoyunların kökəldilib 40 kq-ya çatdırdıqdan sonra kəsilməsi hər yerdə bərqərar olmalıdır. Yuxarıda qeyd edildiyi kimi, quzuların erkən kəsilməsinin qarşısı alınmalıdır.
Qoyunçuluqdan xəbəri olmayan bəzi adamlar ekoloji tarazlığı mühafizə edib qorumaq məqsədilə qoyunların hamısının stasionar şəraitdə saxlanılmasını təklif edirlər. Bu, mümkün olan məsələ deyil, absurddur! Yalnız kökəlməyə qoyulan qoyunlar stasionar şəraitdə saxlanıla bilər. Ulu Tanrı qoyunlara ona görə polad kimi nazik ayaqlar, dözümlü və möhkəm dırnaqlar vermişdir ki, gündə 40 km yol qət edə bilsinlər. Dünyanın qış və yay otlaqları olan bütün ölkələrində, xüsusilə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan respublikalarında və digər ölkələrdəki kimi, Azərbaycanda da qoyunlar əsasən ayaqaltı yemin hesabına saxlanılır və yüksək gəlir verirlər. Ta qədimdən başlayaraq qoyunlar yayda yaylağa, qışda qışlağa gedir, köçəri həyat sürürlər. Başqa cür də ola bilməz!
(Ardı var)
Çingiz FƏRƏCOV,
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlıq məhsullarının istehsalı,
emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri, respublikanın əməkdar kənd təsərrüfatı işçisi
BMT-də Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb
Ər-Riyadda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub
Ərdoğan: Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik
Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib
Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb
Azərbaycan Karate Federasiyası Dünya Karate Federasiyasına rəsmi üzv qəbul edilib
D-8: Azərbaycanın D-8-ə üzv kimi qoşulması təşkilat üçün mühüm hadisədir
Türkiyədə keçirilən qanunsuz aksiyalar zamanı 123 polis əməkdaşı yaralanıb
Hərbi Prokurorluq işçiləri Novruz bayramı və hüquqi maarifləndirmə ilə əlaqədar hərbi hissələrdə olublar
Baş prokuror Vyetnamda işgüzar səfərdədir
Türkiyənin xarici işlər naziri sabah ABŞ-a gedəcək
Eritreyada saxlanılan Azərbaycan vətəndaşları buraxılaraq ölkəyə gətirilib
Azərbaycanda 2024-cu ildə turizmdə 30 faiz artım əldə edilib
Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb
Masallıda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Sabah hava yağmursuz keçəcək - PROQNOZ
Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar
DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA
Media: İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!