Valideynləri bir-birindən fərqli ixtisas sahibi idilər. Ancaq ikisi də öz sənətində peşəkarlığı ilə seçilərək ad-san qazanmışdı. Atası Həbib Məmmədov texnika elmləri doktoru, anası Zivər Məmmədova Azərbaycanın ilk qadın heykəltaraşı idi. Tokay da anasının sənətini seçərək heykəltaraş oldu.
Bəlkə də bunun səbəbi uşaqlıq çağlarının ən şirin, ən kövrək duyğularının bu sənətlə bağlı olması idi. 1927-ci il iyulun 18-də Bakıda dünyaya göz açan Tokay Məmmədovu kiçik yaşlarından anası Zivər xanım öz emalatxanasına aparırdı. Anasının iş prosesini maraqla izləyən balaca Tokay da dinc oturmazdı. O, "ilk əsərləri" üzərində işləyər, rəngli plastilindən özünə oyuncaqlar düzəldərdi.
Heykəltaraşlıqda ilk dərslərini anasından alan Tokay Məmmədovun bu sənətə həvəsi diqqətdən yayınmadı. Anasının həmkarları balaca Tokayın gələcəkdə yaxşı heykəltaraş olacağını deyirdilər. Onlardan biri - Tokayı həmişə doğru istiqamətləndirən tanınmış heykəltaraş Pyotr Sabsay sonralar yazmışdı: "Tokay uşaqlıqdan heykəltaraşlıq sənəti ilə maraqlanırdı, bu uşağın gələcəkdə gözəl sənətkar olacağına şübhəm belə qalmamışdı".
Tokay Məmmədov 1942-ci ildə 7-ci sinfi bitirib sənədlərini Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə verəndə İkinci Dünya müharibəsi davam edirdi. Müharibənin ağır, məhrumiyyətlərlə dolu vaxtlarında tələbə adını qazanan Tokay gələcəyə sonsuz inamla heykəltaraşlıq sənətini dərindən öyrənməyə başladı. Bakı Rəssamlıq Məktəbində tanınmış heykəltaraşlar Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Pyotr Sabsay dərs deyirdilər. Tokay həmin təhsil ocağının nəzdində yeni yaradılmış heykəltaraşlıq sinfində Fuad Əbdürrəhmanovdan dərs alırdı.
1945-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirən Tokay Məmmədov təhsilini davam etdirmək üçün Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə gedir. İ.E.Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun Heykəltaraşlıq fakültəsinə daxil olur. İnstitutda V.Senayski, A.Matveyev və M.Kerzin kimi görkəmli sənətkarlardan dərs alır.
Tələbəykən - 1947-ci ildə uşaqlıq illərindən tanıdığı xalçaçı rəssam Lətif Kərimovun portret büstünü hazırlayan gənc heykəltaraşa bu əsər uğur gətirdi. Tokay Məmmədov institutda təhsil aldığı vaxtlarda hazırladığı büstlərlə bir çox sərgidə iştirak etdi, yaratdığı Azərbaycanın böyük oğlu, rus şərqşünaslığının banisi, görkəmli alim Mirzə Kazım bəyin portreti 1948-ci ildə Moskvada keçirilən sərgidə nümayiş olundu.
1951-ci ildə ali təhsilini başa vurduqdan sonra bir müddət Leninqradda heykəltaraş kimi fəaliyyət göstərən T.Məmmədov Leninqrad Rəssamlar İttifaqına üzv qəbul edildi.
Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başlayan sənətkar həm rəsm, həm də heykəltaraşlıqdan dərs deyib. Eyni zamanda heykəltaraşlıqla məşğul olub. Ustalıqla hazırladığı hər bir əsəri - şair, alim, dövlət xadimi və sadə əmək adamları, həmçinin öz sənət dostlarının büst portretləri heykəltaraşın istedadını göstərib.
Rəssamlıq Məktəbində dərs aldığı Fuad Əbdürrəhmanov "Nizami" heykəlini yaratmışdı. Tokay Məmmədov hələ o məktəbdə oxuduğu zaman dünyaşöhrətli Azərbaycan şairi Nizami Gəncəviyə əsər həsr etmək arzusuna düşmüşdü. 1953-cü ildə o, ilk dəfə ağacdan şairin təsvirini yonub. 1955-ci ildə heykəltaraşın uğurlu əsərlərindən biri olan "Nizami Gəncəvi" portreti Varşavada Gənclərin Beynəlxalq Ümumdünya Sərgisində nümayiş etdirilib. Hazırda əsər şairin adını daşıyan Ədəbiyyat Muzeyində qorunub saxlanılır.
Tokay Məmmədov Azərbaycan heykəltaraşlığında ilk dəfə ağac materialından istifadə edən sənətkardır. O, ayrı-ayrı illərdə ağac materialından portretlər hazırlayıb. Bu qəbildən olan "Səməd Vurğun", "Xalq rəssamı Qəzənfər Xalıqov", "Nəriman Nərimanov", uzunömürlü azərbaycanlı "Şirəli Müslümov" və başqa portretləri heykəltaraşlığımızın dəyərli nümunələridir.
Mərmər, tunc, gipsdən yüzlərlə əsər yaratmış heykəltaraşın qalereyasında dahi bəstəkar Üzeyir bəy Hacıbəyli, Xalq rəssamı Rüstəm Mustafayev, qadın rəssam Vəcihə Səmədova, yazıçı Süleyman Rəhimov, polyak bəstəkarı Frederik Şopen və Avstriya bəstəkarı V.A.Motsartın büst portretləri də var. Tokay Məmmədov dahi şair Məhəmməd Füzulinin abidəsini heykəltaraş Ömər Eldarovla bərabər hazırlayıb. Onun müəllifi olduğu heykəllər müxtəlif ünvanlarda ucaldılıb. Onlardan biri - Üzeyir bəy Hacıbəylinin heykəli 1960-cı ildə konservatoriyanın qarşısında qoyulub. Heykəltaraş Bakıda 1976-cı ildə qoyulan Məşədi Əzizbəyovun monumental heykəlinə görə 1978-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülüb. Tokay Məmmədov həmçinin Şuşada musiqiçi alim, xəttat və rəssam Mir Möhsün Nəvvabın, Azərbaycanın ilk peşəkar vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor Bülbülün və başqalarının qəbirüstü abidələrinin də müəllifidir.
Yaradıcılığının ilk illərindən istedadı ilə fərqlənən sənətkar Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1962), Azərbaycan SSR Xalq rəssamı (1973), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1975), professor (1977), SSRİ Dövlət mükafatı laureatı (1978), Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri (1970-1972), Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü olub. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1977), Azərbaycan SSR Dövlət mükafatına (1982) layiq görülüb, "Şərəf nişanı" (1959), "Xalqlar dostluğu" və "Şöhrət" (2002) ordenləri, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (2017) ilə təltif edilib.
Xalq qəhrəmanı Koroğlunun abidəsi Tokay Məmmədovun son əsəridir. Görkəmli heykəltaraş 2018-ci il mayın 2-də dünyasını dəyişib. Onun adı müəllifi olduğu dəyərli əsərləri, yaratdığı saysız-hesabsız heykəltaraşlıq nümunələri ilə Azərbaycan incəsənəti tarixində əbədiləşib.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"