Növbəti anti-Azərbaycan xarakterli AŞPA qətnaməsi bir daha bu faktı təsdiqlədi: Bakı üçün Qərb cəbhəsində
vəziyyət hələ də dəyişməz olaraq qalır. Assambleyanın bu qərarı qarşılıqlı
etimadın dərin böhranını aydın şəkildə nümayiş etdirir və vurğulayır ki, Azərbaycanla
Qərb arasında sistemli ziddiyyətlər davamlı olaraq artmaqda davam edir, demək
olar ki, konstruktiv dialoq üçün heç bir imkan buraxmır.
İnsan hüquqları sahəsində vəziyyətlə bağlı növbəti “dərin narahatlıq”, vətəndaş
cəmiyyətinə və jurnalistlərə təzyiqlər, söz azadlığının məhdudlaşdırılması və
guya “siyasi məhbuslar”ın mövcudluğu kimi iddiaların yer aldığı bu qətnamə, əslində,
əvvəlki illərdə olduğu kimi, klassik qərəz və birtərəflilik nümunəsidir. Müəlliflər
mürəkkəb regional reallıqları obyektiv təhlil etmək əvəzinə, əsassız iddialara
və şablon ifadələrə üstünlük veriblər. Bu klişelər uzun illərdir ki, rəsmi
Bakıya qarşı koordinasiyalı siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Belə sənədlərin
strukturuna diqqətlə baxdıqda aydın olur ki, onlar bəyan edilən humanitar dəyərləri
qorumaq məqsədi ilə deyil, konkret geosiyasi qrupların maraqlarına xidmət etmək
üçün hazırlanır. Bu qrupların əsas məqsədi Azərbaycanın beynəlxalq mövqelərini
zəiflətmək və onun suveren inkişafını ləngitməkdir. Bu kampaniyanın əsas hərəkətverici
motivi isə müəyyən Avropa dairələrinin Bakının müstəqil daxili və xarici siyasətinə
qarşı dözümsüzlüyüdür, xüsusilə də Azərbaycanın suverenliyini və ərazi
bütövlüyünü tam bərpa etməsindən sonra.
AŞPA platformasında bu destruktiv xəttin ən bariz nümunələrindən biri
alman deputatı Frank Şvabenin fəaliyyətidir. O, uzun müddətdir ki, Strasburqda
anti-Azərbaycan təşəbbüslərini koordinasiya edir. Və bu dəfə də öz “ənənəsinə”
sadiq qalmaqla kifayətlənmədi, eyni zamanda, daha balanslı və obyektiv mövqe
tutmağa çalışan həmkarlarına qarşı aqressiv ritorika sərgilədi. Deputatlardan
biri Bakının haqlı arqumentlərini müdafiə etdikdə, Şvabe ona qarşı açıq şəkildə
təzyiq göstərdi və hər hansı alternativ fikrə dözümsüzlük nümayiş etdirdi.
Paradoks aydındır: özlərini demokratiyanın və söz azadlığının müdafiəçisi kimi
təqdim edən bəzi Avropa parlamentariləri əslində fərqli fikirləri qəbul etməyə
qətiyyən hazır deyillər və dərhal müxalif səsləri susdurmağa çalışırlar. Bu cür
davranış yalnız parlamentarizmin əsaslarını sarsıtmır, həm də Avropa
isteblişmentinin müəyyən hissəsinin əsl niyyətlərini ifşa edir. Onlar AŞPA-nı bərabərhüquqlu
dialoq platformasından çıxarıb dar qrup maraqlarına xidmət edən ideoloji alətə
çevirməyə çalışırlar. Bu maraqların isə erməni diasporu ilə sıx bağlı olduğu
heç kimə sirr deyil. Həmin dairələr Azərbaycanın ərazi bütövlüyünün bərpasından
sonra regionda formalaşmış yeni reallıqları qəbul etmək istəmirlər. Buna görə də
onlar müxtəlif beynəlxalq platformalarda, o cümlədən AŞPA-da anti-Azərbaycan təşəbbüslərini
davam etdirirlər.
Avropa strukturlarının Azərbaycanda bəzi
jurnalistlərə, blogerlərə və aktivistlərə qarşı açılmış cinayət işlərini
onların peşə fəaliyyətinə görə təqib kimi təqdim etməsi faktlara ziddir. Azərbaycan
hüquqi dövlətdir və qanun qarşısında hamı bərabərdir. Jurnalist və ya ictimai
xadim statusu heç kimə törədilmiş cinayətlərə görə məsuliyyətdən azadolma
vermir. Bütün qeyd olunan istintaq və məhkəmə prosesləri milli qanunvericiliyə
və kifayət qədər sübut bazasına əsaslanır. Söhbət konkret hüquq pozuntularından
gedir: xaricdən qanunsuz maliyyələşmə, vergidən yayınma, iri məbləğdə xarici
valyutanın qaçaqmalçılığı və digər maliyyə pozuntuları. Bu işləri siyasiləşdirmək
və qanun pozuntularını söz azadlığının məhdudlaşdırılması kimi təqdim etmək -
Azərbaycanın müstəqil məhkəmə sisteminə kobud müdaxilədir və yalnız ölkə
haqqında mənfi informasiya fonu yaratmaq məqsədi daşıyır. Bir məsələni
xüsusi ilə qeyd etməliyik ki, Azərbaycanda şəffaf və demokratik siyasi
dialoq mühiti formalaşıb, siyasi proseslərdə
iştirak edən bütün tərəflər açıq və bərabərhüquqlu səviyyədə iştirak edir. Siyasi partiya liderləri ilə mütəmadi olaraq keçirilən
görüşlər, onların fikirlərinə, təkliflərinə verilən dəyər iqtidar-müxalifət
münasibətlərində yeni mərhələnin əsasını qoyub. Ölkəmizdə kimsə siyasi mənsubiyyətinə
görə hər hansı təsirə məruz qalmır.
Avropa institutlarının fəaliyyətində ikili standartlar siyasəti açıq şəkildə
müşahidə olunur. Onlar Azərbaycana qarşı əsassız ittihamlar irəli sürərkən,
Avropanın özündə mövcud olan daha ciddi problemləri görməzlikdən gəlirlər. Bir
sıra Avropa İttifaqı ölkələrində dinc aksiyaların dağıdılması zamanı polis
zorakılığı, jurnalistlərin təqibi, miqrantlara və azlıqlara qarşı sistemli
diskriminasiya, dini azadlıqların pozulması kimi hallar artmaqdadır. Lakin, bu
hallara görə nə Strasburq, nə də Brüssel həmin ölkələrə qarşı nə sərt tədbirlər
görür və nə də tənqidi qətnamələr qəbul edir. Bu isə
yanaşmaların seçmə xarakter daşıdığını açıq şəkildə göstərir.
Əlbəttə ki, bu heç də təsadüfi deyil. Hadisələrin xronologiyası göstərir
ki, anti-Azərbaycan sənədlər Strasburqda müntəzəm olaraq qəbul olunur və bu
proses sistemli xarakter daşıyır. Eyni zamanda, bu kampaniya digər Avropa
platformalarında da paralel şəkildə aparılır. Xüsusilə Avropa Parlamenti son
illərdə Bakıya qarşı hücumların əsas mərkəzlərindən birinə çevrilib və açıq şəkildə
ermənipərəst mövqe nümayiş etdirir. Son beş ildə bu qurum bir-birinin ardınca qəbul
olunan çoxsaylı mənfi qətnamələrin əsas hissəsi Azərbaycana qarşı ittihamlarla
dolu idi və regiondakı reallıqların dəyişdirilməsinə yönəlmiş çağırışları
ehtiva edirdi. Bu isə göstərir ki, Avropa institutları Cənubi Qafqazda
formalaşmış yeni geosiyasi reallıqları qəbul etməkdə ciddi çətinlik çəkirlər.
Onlar uzunmüddətli sülhə töhfə vermək əvəzinə, köhnəlmiş və birtərəfli
yanaşmalara sadiq qalırlar və bununla da öz nüfuzlarına zərbə vururlar.
Azərbaycan üçün bu cür çıxışlar artıq yenilik deyil. Bakıda yaxşı
anlayırlar ki, regiondakı reallıqları Avropa bürokratlarının qətnamələri deyil,
konkret addımlar və iqtisadi maraqlar müəyyən edir. Bu baxımdan Azərbaycanla
Avropa arasında əməkdaşlıq, xüsusilə enerji təhlükəsizliyi sahəsində uğurla
davam edir. Strasburq və Brüsseldə siyasi ritorika ilə məşğul olduqları bir
vaxtda, Bakı işini davam etdirir, işğaldan azad olunmuş əraziləri bərpa
edir, vətəndaşların hüquq və
azadlıqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, şəhid
ailələrinin, qazilərin, müharibə veteranlarının rifahının yaxşılaşdırılması
üçün mühüm sosial islahatlar aparır, Avropanın enerji təhlükəsizliyinə töhfə
verir, qlobal təşəbbüslər irəli sürür,
dünyada ədalətsizliyin, bərabərsizliyin aradan qaldırılması ilə bağlı
çağırışlar səsləndirir, COP29,
WUF13 və digər nüfuzlu beynəlxalq
tədbirlərə ev sahibliyi edir.
Prezident İlham Əliyev dünyanın tanınmış
dövlət başçıları, siyasətçiləri tərəfindən yüksək hörmətlə qarşılanır, onun
fikirləri, siyasi, eləcə də strateji baxışları xüsusi olaraq diqqətə alınır.
Əlbəttə ki, bir çox qüvvələr bu reallığı da həzm edə bilmirlər. Ancaq xalq öz
liderinin, dövlət başçısının ətrafında sıx birləşib və ona etibar edir. Milli
birliyimiz və həmrəyliyimiz dostları sevindirir, dövlətimizə düşmən münasibətdə
olan xarici qüvvələri isə kədərləndirir.
Ancaq onlar bilməlidirlər ki, Azərbaycan bu gün kifayət qədər güclüdür və hər hansı
kənar təsirlər, onu öz yolundan,
müstəqil siyasət aparmaq yolundan döndərə bilməz.
Hicran Hüseynova,
Milli Məclisin komitə sədri, professor