25 İyun 2026 15:43
130
SİYASƏT
A- A+
Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin məzunlarının növbəti buraxılış mərasimi olub 

Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin məzunlarının növbəti buraxılış mərasimi olub 


İyunun 25-də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin məzunlarının növbəti buraxılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Hərbi İnstitutda keçirilən buraxılış mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin digər rəhbər heyəti, müəllimlər, kursantlar, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Təntənəli mərasimin əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Hərbi İnstitutun ərazisində ucaldılmış̧ abidəsi və Şəhid məzunların xatirə kompleksi ziyarət olunub və önlərinə gül dəstələri qoyulub.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Tədbirin başlanması ilə əlaqədar Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Ümidvar Quliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə etdikdən sonra institutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Buraxılış mərasimində çıxış edən müdafiə naziri tədbir iştirakçılarını Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 108 illiyi münasibətilə təbrik edib, məzunlara Vətənimizin parlaq gələcəyi, ordumuzun qüdrətlənməsi naminə göstərəcəkləri şərəfli xidmətlərində uğurlar arzulayıb.

Müdafiə naziri Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoyduğunu bildirib. Nazirin sözlərinə görə, Azərbaycan Ordusu maddi-texniki təminatına, müasir silah və texnologiyalara, təchizatına, döyüş hazırlığına, şəxsi heyətin peşəkarlıq səviyyəsinə görə regionun ən güclü ordularından birinə çevrilib.

Bu il xalqımızın dövlətçilik tarixində mühüm yer tutan 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı Zəfərin altıncı ilinin tamam olduğunu bildirən nazir həmin tarixi Qələbənin təkcə hərbi üstünlük deyil, milli birliyimizin, dövlətimizin, siyasi iradəsinin və ordumuzun yüksək peşəkarlığının təntənəsi olduğunu deyib. Qeyd olunub ki, yenilməz Azərbaycan Ordusunun hər bir üzvü kimi, bu gün məzun olan gənc zabitlərimiz də həmin Zəfərin məsuliyyətini və dəyərini dərindən dərk etməlidirlər.

“Bu gün məzunların arasında dost Qırğız və Tacikistan Respublikasından gəlmiş kursantlar da var. Onlar burada sahib olduqları bilik və bacarıqları gələcəkdə öz ölkələrinin müdafiə və milli təhlükəsizlik sahəsində tətbiq etməklə yanaşı, dövlətlərimiz arasında dostluq və hərbi əməkdaşlıq körpülərini daha da möhkəmləndirəcəklər.

Cənab zabitlər, Azərbaycan Respublikasının qanunlarına, hərbi nizamnamələrin tələblərinə sadiq qalmalı, xalqımıza və dövlətimizə vicdanla, ləyaqətlə və nümunəvi şəkildə xidmət etməlisiniz. Qalib ölkə statusu qazanmış Vətənimizi müqəddəs əmanət olaraq gələcək nəsillərə ötürməlisiniz. Əminəm ki, etimadı doğruldacaq, bu istiqamətdə bütün var qüvvənizi səfərbər edəcəksiniz”, - deyə Z.Həsənov bildirib.

Sonra fərqlənmə ilə bitirən məzunlara Fəxri fərman və qiymətli hədiyyələr, digər məzunlara isə döş nişanları təqdim edilib.

Tədrisdə və intizamda fərqlənən kursantlar tərəfindən rəmzi yaş kötüyünə məzun simvolu vurulub.

Daha sonra Hərbi İnstitutun Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Çıxış edən Qırğız Respublikasından olan məzun Emir Esenaliyev deyib: “Bu möhtəşəm hərbi institutda təhsil almaq və bu gün leytenant rütbəsi ilə məzun olmaqdan böyük qürur hissi keçirirəm. Bu illər ərzində biz yalnız hərbi bilikləri mənimsəmədik, həm də həyatın ən mühüm dərslərini öyrəndik. Biz çətinliklər qarşısında geri çəkilməməyi, verilən tapşırığı dəqiq və məsuliyyətlə yerinə yetirməyi, komandada işləməyi və ən əsası, lider olmağı öyrəndik. Burada qazandığımız dostlar bizim üçün ən böyük sərvətdir. Fərqli ölkələrdən gəlməyimizə baxmayaraq, biz bir məqsəd ətrafında birləşdik və qardaş Azərbaycan torpağında oxumaqla Türk dünyasının hərbi-mədəni dəyərlərini dərk etdik. Bu, bizi birləşdirən ən böyük idealdır: vahid kök, vahid məqsəd, vahid gələcək. Komandirlərimizə və müəllimlərimizə göstərdikləri yüksək etimada və əvəzsiz zəhmətlərinə görə təşəkkür edirəm. Onların aşıladıqları bilik və dəyərlər gələcək xidmət yolumuzda həmişə bizimlə olacaq. Mən and içirəm ki, qazandığım bilik və təcrübəni öz vətənimin, Qırğız Respublikasının müdafiəsi və inkişafı üçün şərəflə və sədaqətlə istifadə edəcəyəm”.

Tacikistandan olan məzun Anvarcan Qafurov Hərbi İnstitutda keçirdiyi illərin onun üçün yalnız hərbi təhsil dövrü deyil, eyni zamanda, bir həyat məktəbi olduğunu bildirib: “Bu divarlar arasında biz intizamı, məsuliyyəti, dözümlülüyü və ən əsası zabit şərəfini öyrəndik. Çətin anlarda birlikdə olmağı, uğurları isə təvazökarlıqla qarşılamağı mənimsədik. Mən Azərbaycanı artıq ikinci vətənim kimi sevirəm. Buradan gedərkən ürəyimdəki bayraq dalğalanacaq: Azərbaycan-Tacikistan bayraqları. Müəllimlərimizə və komandirlərimizə dərin minnətdarlığımı bildirirəm. Onların bizə göstərdikləri diqqət, tələbkarlıq və qayğı, gələcək xidmətimizdə ən böyük dəyər olacaq. Mən söz verirəm ki, burada qazandığım bilik və bacarıqları, öz vətənimin - Tacikistan Respublikasının təhlükəsizliyi və rifahı naminə, vicdanla, şərəflə tətbiq edəcəyəm. Zabit adını daim uca tutacağam. Qoy bu gün bizim üçün son deyil, yeni bir yolun başlanğıcı olsun. Yaşasın Azərbaycan-Tacikistan dostluğu”.

Sonda hərbi orkestrin müşayiəti ilə kursantlar Hərbi İnstitutun marşını ifa edib, şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Valideynlərə məzun övladları ilə görüşmək və təbrik etmək üçün şərait yaradılıb.

Hərbi İnstitutu fərqlənmə ilə bitirən leytenant Adil Cəlilov sevinc və qürurunu AZƏRTAC-ın müxbirləri ilə bölüşüb. O, bu gün onun həyatında ən əlamətdar günlərdən biri olduğunu deyib: “Biz 2020-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursant kimi başladığımız yolu artıq bu gün Hərbi İnstitutda zabit kimi leytenant rütbəsində bitirdik. Artıq biz ordu sıralarına yollanırıq. Ordu sıralarında Vətənə daha layiqincə xidmət edəcəyimizə inanıram. Mən öz silahdaşlarıma bu yolda uğurlar arzulayıram. Bu yerlərə gəlib çıxmağımızda əziyyəti olan müəllim-zabitlərimizə, başda valideynlərim olmaqla, hər kəsə təşəkkür edirəm. Silahdaşlarıma söyləmək istəyirəm ki, yolunuz açıq və uğurlu olsun. Mən fəxr edirəm ki, bu gün Müzəffər Ordunun zabitiyəm və bu Ordunun sıralarında xidmət edəcəyəm”.

Məzun Adil Cəlilovun anası Ülviyyə Cəlilova çox sevindiyini və 6 ildir bu günü səbirsizliklə gözlədiyini deyib: “Oğlum Adilin simasında bütün kursantları təbrik edirəm. Bu gün onlar çəkdikləri əziyyətlərin yekunu olaraq leytenant rütbəsini aldılar. Oğlumla fəxr edirəm. Allah bütün hərbçilərimizi qorusun!”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu il ölkə üzrə 131 mindən çox şagird birinci sinfi bitirib

18:01
25 İyun

Aqrar Sığorta Fondu Goranboyda fermerlərə sığorta ödənişləri edib

18:01
25 İyun

Sahibkarlara dövlət əyar nəzarəti və əyarlama xidməti barədə məlumat verilib

18:00
25 İyun

Almaniyada istilik dalğası rekord göstəricilərlə müşayiət olunur

17:59
25 İyun

Həftəsonu hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

17:57
25 İyun

Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub  

17:51
25 İyun

Dünya Kubokunda avtomobil meksikalı azarkeşlərin izdihamına çırpılıb

17:32
25 İyun

 Fransa - Norveç oyununda təbii fəlakət təhlükəsi 

17:23
25 İyun

Bəşəriyyətin ən qədim kabusu

17:09
25 İyun

Aİ vergi sistemini sadələşdirir

17:01
25 İyun

ÜST anomal istilərlə bağlı xəbərdarlıq edib

16:49
25 İyun

 Ürəyimizi necə qoruyaq?

16:43
25 İyun

Hesabat: Avropa ekstremal hava riskləri zonasına çevrilir  

16:36
25 İyun

Parlament diplomatiyası Azərbaycanın xarici siyasət kursunda mühüm yer tutur

16:34
25 İyun

Səhiyyə Nazirliyi: Qanvermə aksiyalarında 2821 könüllü donor iştirak edib, 1269,45 litr qan toplanıb

16:29
25 İyun

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Belarusdan hücum riskini qiymətləndirib  

16:14
25 İyun

Azərbaycan və Həştərxan vilayəti arasında regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi nəzərdən keçirilib

16:12
25 İyun

Müdafiə naziri: Bu gün məzun olan gənc zabitlərimiz Zəfərin məsuliyyətini və dəyərini dərindən dərk etməlidirlər 

16:09
25 İyun

Xələf Xələfov AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşüb

16:07
25 İyun

Energetika naziri Ağdamda vətəndaşlarla görüşüb

16:03
25 İyun

Baş nazir: Nəqliyyat dəhlizlərinə tələbat sürətlə artır

15:56
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!