Dünyada uşaq gülüşündən, cocuq təbəssümündən, körpə qığıltısından təmiz, şirin, həzin, başqa nə isə varmı? Nə isə varmı ki, bu qığıltını, bu gülüşü, bu təbəssümü əvəz eləsin? Təbiidir ki, yoxdur.
Uşaq səsi, körpə qığıltısı əvəzolunmazdır, təkrarsızdır, bənzərsizdir, qənirsizdir. Körpələrin qığıltı və gülüşü yer üzünün hər tərəfinə sanki sülh nəğməsi, əmin-amanlıq himni kimi yayılır. Həmin anlarda bu səsi eşidən, bu kövrək qığıltını duyan silahlar susub dayanmalıdır. Hər yer, hamı bu gülüşün, bu qığıltının sehrinə dalmalıdır. Onda yer üzünün də, onun üstündə yaşayan insanların da çöhrələrinə təbəssüm qonur, hər tərəfə sevinc süzülür.
Çox gözəl deyiblər ki, uşaqlar gülərsə, dünya gülər, dünyanın hər tərəfinə sülh, əmin-amanlıq toxumları səpilər. Deməli, xalqların sevinməsi, yaşaması, sabahlara addımlaması, barış, sülhün olması üçün körpə gülüşü, təbəssümü lazımdır. Dünyamızın da uşaqların gülüşündən, qığıltısından xoşu gəlir. Sanki bu səsdən, bu qığıltıdan onun qəddi bir az da dikəlir.
Amma uşaqların gülməsi, sevinməsi üçün onlara diqqət və qayğı lazımdır. Onda uşaqların qayğısız gülüşü daha şirin, daha əziz, daha təmiz olur. Onda böyüklərin də qəlbi, ürəyi sevincə, fərəhə qucaq açır, qəm, kədər yox olur, silahlar susur, çöhrələrə yalnız təbəssüm hakim kəsilir.
Bəlkə də buna görə bir-birindən gözəl parklarda, xiyabanlarda gəzişəndə, küçə və prospektlərdən keçəndə üz-üzə gəldiyimiz uşaqların yerişi, duruşu, qaçışı, danışığı, ürəkləri sehrləyib əbədi nəğməyə dönən səsi, ürkək baxışı, qəlbimizə bulaq suyu kimi hopan gülüşü, əsəb gətirməyən dəcəlliklərindən doymaq olmur. Bütün bunlar ürəyimizdə sevinc toxumları əkir, zövqümüzü oxşayır, könlümüzə sığal-tumar çəkir, uşaqlara, körpələrə olan sevgimizi artırır. Bu sevgi sanki əlimizdən tutub bizi ömrümüzün qayğısız uşaqlıq illərinə aparır, asta-asta, həzin-həzin xatirələrin vərəqlərini bir-bir dartıb qoparır.
Uşaqların sağlam, gümrah, şən böyümələri üçün qayğıya, diqqətə həmişə ehtiyacları olub. Buna görə də böyüklər diqqətlərini, qayğılarını heç vaxt onlardan əsirgəməyiblər, gözlərini heç vaxt onların üzərindən çəkməyiblər. İlimizin 365 gününün isti bir yaz günü - iyunun 1-i o üzdən gələcəyimiz olan uşaqlara həsr olunub. Bu günü böyüklü-kiçikli hamı bayram edir, deyir, gülür, şənlənir. Həmin gün bütün diqqətlər uşaqlara, körpələrə yönəlir. Bu diqqətdən, qayğıdan onların çöhrələrinə sevinc, şadlıq ələnir. Gözlər, baxışlar sevincə, fərəhə bələnir. Bayram günündə uşaqlarla bərabər, böyüklərin də ovqatı yüksəlir.
Gəlin ilimizin hər gününü 1 iyun elan edək. Gələcəyimizin yollarından qanqalları, tikanları təmizləyək, yerində güllər, çiçəklər əkək. Qoy gördükləri gözəl-gözəl mənzərələrdən uşaqların qəlbi fərəhlə dolsun, sevincləri bol olsun. Dünyamızın da üzü gülsün, səmalardan uşaqların çöhrələrinə yalnız və yalnız sevinc, təbəssüm tökülsün.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"