Paşinyan Moskva ilə yolları ayırır?
Ermənistanın xarici siyasət kursunda yeni geosiyasi istiqamətlərin konturları getdikcə daha aydın görünür. Baş nazir Nikol Paşinyanın son açıqlamaları İrəvanın Avropa İttifaqına inteqrasiya niyyətini daha açıq şəkildə ortaya qoymaqla yanaşı, Moskvanın rəhbərlik etdiyi hərbi-siyasi və iqtisadi strukturlara münasibətdə də ciddi dəyişikliklərin baş verdiyini göstərir.
Ermənistan KİV-inin məlumatına görə, Paşinyan noyabrın 5-də keçirdiyi brifinqdə ölkəsinin Avropa İttifaqına üzvlük istiqamətində hərəkət etdiyini, 2027–2028-ci illərdə bu prosesə başlamaq üçün rəsmi müraciətin mümkün olduğunu bildirib.
Ermənistanın Baş naziri Aİİ-dən çıxmaq üçün hazırda hazırlıq aparılmadığını, əsas məqsədin ölkə vətəndaşları qarşısında alternativ seçim imkanları yaratmaq olduğunu vurğulayıb. Bununla belə, İrəvanın Avropa İttifaqına tamhüquqlu üzvlük hədəfi ilə Avrasiya İqtisadi İttifaqında iştirakını uzun müddət uzlaşdırmasının mümkün olmayacağı da artıq etiraf edilir.
Paşinyanın açıqlamalarında diqqət çəkən digər məqam isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı mövqeyidir. Baş nazir KTMT-yə münasibətdə Ermənistanın maraqlarının tükəndiyini açıq şəkildə bəyan edib: “Bir daha və qəti şəkildə bəyan etmək istəyirəm: KTMT ilə bağlı maraqlarımız tükənib. Artıq KTMT ilə əlaqəli heç bir marağımız yoxdur”.
Bu bəyanat Ermənistan-Rusiya münasibətlərində son illər müşahidə olunan gərginliyin növbəti ifadəsi kimi diqqət çəkir. Xüsusilə Ermənistan rəhbərliyinin KTMT- dən gözləntilərinin qarşılanmadığını dəfələrlə bildirməsi, təşkilat çərçivəsində iştirakını faktiki dondurması və Qərblə siyasi-hərbi əməkdaşlığı genişləndirməyə çalışması Moskva ilə münasibətlərin əvvəlki müstəvidə olmadığını göstərir.
Beləliklə, İrəvanın qarşısında getdikcə daha konkret seçim dayanır: bir tərəfdə Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə mövcud iqtisadi əlaqələr, digər tərəfdə isə Avropa İttifaqına inteqrasiya perspektivi. Paşinyan hələlik bu iki istiqamət arasında yekun qərar vermədiyini bildirsə də, səsləndirdiyi fikirlər Ermənistanın xarici siyasətində yeni mərhələnin formalaşdığını göstərir.
Görünən odur ki, İrəvan artıq yalnız alternativlərdən danışmır, gələcək istiqamətini müəyyənləşdirmək üçün siyasi və institusional zəmin yaratmağa çalışır. Ancaq Brüsselə inteqrasiya yolunun nə qədər real nəticə verəcəyi, Moskva ilə mövcud iqtisadi münasibətlərin hansı mərhələdə və necə dəyişəcəyi hələ açıq sual olaraq qalır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”