12 Dekabr 2025 09:25
406
İQTİSADİYYAT
A- A+
Əriyən buzlaqlar - dağların "göz yaşı"

Əriyən buzlaqlar - dağların "göz yaşı"


Bu "göz yaşı"nı saxlamaq üçün mütəxəssislər nə təklif edirlər


Son zamanlar qlobal iqlim dəyişmələrinin təsiri dünyanın bütün bölgələrində olduğu kimi, Azərbaycanda da aydın sezilməyə başlayıb. Ölkəmizin dağlıq ərazilərində qar örtüyünün  daha tez əriməsi, buzlaqların sürətlə kiçilməsi təbii proseslərin dəyişməsi və gələcək ekoloji faciələrin anonsudur. Yüz illərlə formalaşmış dağ buzlaqları indi insan fəaliyyəti və qlobal istiləşmə nəticəsində gözləniləndən daha sürətlə yox olur. 

Bu proses  təbiətin balansını pozmaqla yanaşı, kənd təsərrüfatının su təminatından tutmuş enerji istehsalına, hətta dağ kəndlərinin yaşayış təhlükəsizliyinə qədər sosial-iqtisadi həyatın müxtəlif sahələrinə də təsir göstərir. Elə buna görə də alimlər və ekoloqlar buzlaqların əriməsini artıq sadəcə təbii hadisə kimi deyil, potensial ekoloji fəlakət kimi qiymətləndirirlər. Məsələ ondadır ki, bu dəyişikliklər zamanla dərinləşdikcə nəinki indiki, hətta gələcək nəsillərin həyatını şübhə altına alır. 

Qar və buzlaqlar məlum olduğu kimi, dağ çaylarının qida mənbəyini təşkil edir. Yüksək zirvələrdən başlayan dağ çayları geniş əraziləri su ilə təmin edir. Ona görə də bu çaylar illər boyu ölkənin su balansında mühüm rol oynayıb, kənd təsərrüfatı, sənaye və içməli su təminatının dayanıqlılığını qoruyub. Lakin son onilliklərdə dağlardakı ərimə prosesi çayların rejimini tamamilə dəyişib və uzun illər qorunan tarazlığı pozub. Amma bu da hələ hamısı deyil. Ərimiş qar və buz kütlələri torpağı boşaldır, yamacların sabitliyini zəiflədir, sel, daşqın, torpaq sürüşməsi kimi hadisələrin başvermə ehtimalını artırır. Bu gün dağ kəndlərinin sakinləri üçün bu hadisələr artıq birdəfəlik ekstremal haldan çox, ardıcıl və çətin proqnozlaşdırılan təhlükəyə çevrilir. İyulun sonu, avqustun əvvəlləri Azərbaycanın yüksək dağlıq zonalarında sanki təbiətin nəbzi sürətlə vurmağa başlayır. 

Havanın kəskin istiləşməsi ilə birlikdə buzlaqlarda ərimə prosesi güclənir. İlk baxışda  sakit görünən, amma nəticələri ağır olan proses buzlaqların  sahəsini və həcmini tədricən kiçildir ki, bu da ölkənin ən qiymətli sərvəti olan şirin su ehtiyatlarının azalmasına gətirib çıxarır. Buzlaqların əriməsi hər zaman kütləvi sel və ya fəlakətli daşqınlarla müşayiət olunmasa da, çaylarda nəzərəçarpan dəyişiklik yaradır. Şahnabadçay və Mahmuddərəçay kimi buzlaq mənşəli çaylar Qusarçayın, Xınalıqçay isə Qudyalçayın yuxarı qollarını təşkil edir. Bu çaylarda  axının gücü ilin istənilən fəslində digərlərinə nisbətən daha yüksək olur. Çünki  onların mənbəyi  dağ zirvələrinin əbədi qar örtüyünə bağlıdır. Ancaq indi həmin "əbədiyyət" anlayışı  sual altındadır. Bu gün biz çaylarda suyun artdığını görürüksə, sabah həmin çayların qida mənbəyinin azaldığını hiss edə bilərik. Və bu yalnız təbiətin deyil, bütövlükdə regionun sosial-iqtisadi həyatının gələcəyi üçün xəbərdarlıq siqnalıdır. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) nümayəndəsi Vasif Yəhyayev deyir ki, bu proseslər qar örtüyünün çoxluğuna görə proqnozlarda qabaqcadan təyin edilə bilir: "Bununla yanaşı, qar ehtiyatlarının əriməsi zamanı çaylarda olan bol su ehtiyatını anbarlarda toplayaraq yayda - azsulu dövrdə istifadə etmək mümkündür. Buzlaqların əriməsində isə vəziyyət bir az fərqlidir. Çünki buzlaqlar yağan qarların üst-üstə sıxılaraq 100 illərlə davam edən prosesi nəticəsində yaranır. Əriməsi isə daha tez bir zamanda baş verir. Son dövrlərdə qlobal istiləşmə nəticəsində daha da intensivləşib". 

Anbarlarda  su toplayıb saxlamaq təbiətin bizə verdiyi müvəqqəti, amma idarəoluna bilən bir üstünlükdür. Çünki yaz və yay aylarında çaylara axan suyun bir hissəsi təbii olaraq boşa axır, halbuki anbarlar həmin "artıq" suyun strateji ehtiyata çevrilməsinə imkan verə bilərdi. Bu yerdə qeyd edək ki, suyun anbarlarda toplanması, sadəcə, texniki tədbir deyil, bu, həm də ölkənin su təhlükəsizliyinin əsas sütunlarından biridir. Həmin ehtiyat  düzgün idarə olunarsa, davamlı və sabit su dövriyyəsi yaratmaq mümkündür. Təcrübə göstərir ki, suyun anbarlarda saxlanılması quraqlıqla mübarizədə, kənd təsərrüfatının məhsuldarlığında, eləcə də əhalinin rahat və etibarlı su təminatında həlledici rol oynayır.

Ancaq bütün bu tədbirlərin uğurla başa çatması üçün bir mühüm amil var: qar və buz ehtiyatlarının ildən-ilə nə qədər dəyişdiyini dəqiq bilmək. Bunun üçün ilk növbədə ölkənin dağlıq ərazilərində qar və buz ehtiyatlarının dəqiq qiymətləndirilməsi vacibdir. Elə buna görə də hər il yüksək dağlıq ərazilərdə qar və buz ehtiyatlarının tədqiqi üzrə qiymətləndirmə işləri həyata keçirilir. Azərbaycanda buz-su ehtiyatlarının dəqiq qiymətləndirilməsi məqsədilə hər ilin avqust ayında Böyük Qafqazın Tufandağ zirvəsinə elmi-tədqiqat ekspedisiyaları təşkil edilir. Vasif Yəhyayev deyir ki, Qusarçay hövzəsində yerləşən buzlaqların öyrənilməsi üçün ADSEA yanında SİMDNX ilə Milli Hidrometeorologiya Xidməti son dəfə 2025-ci il avqustun 18-23-də birgə ekspedisiya həyata keçirib. Ekspedisiya zamanı buzlaqların yerləşdiyi dərələrin ümumi təsviri aparılıb, dağ silsilələrinin və yamacların xüsusiyyətləri araşdırılıb. Buzlaqların tipi, mövqeyi, istiqaməti, dərinliyi və yamacların dikliyi kimi göstəricilər qeydə alınıb. Eyni zamanda buzlaq səthinin relyefi, çatların forması, istiqaməti və ölçüləri müəyyənləşdirilib. Tədqiqatlar çərçivəsində buzlaq üzərindəki moren örtüyünün vəziyyəti, buzlaq dilinin strukturu və dəyişmə dinamikası da qiymətləndirilib.

Təbii ki, buzlaqların əriməsi ekoloji  problemdir, iqlim dəyişmələrinin "məhsul"udur. Buzlaqlar illər boyu min bir  çətinliklə formalaşan təbii sərvətdir. Təəssüf ki, bu gün həmin sərvəti qoruyub saxlaya bilmirik. Ona görə də buzlaqların ərimə prosesinin davamlı olaraq monitorinqini aparmaq lazımdır. Bu tədqiqatlar təkcə dəyişikliklərin səbəbini öyrənməyə yox, həm də gələcək su ehtiyatlarının düzgün planlaşdırılmasına imkan verə bilər. Eyni zamanda suların anbarlarda toplanması  itkilərin müəyyən qədər kompensasiyasını təmin edə, yay aylarında su qıtlığını azalda və su təhlükəsizliyini möhkəmləndirər. Bu tədbirlər görülməzsə, buzlaqların itməsi təkcə təbiətin deyil, həm də cəmiyyətin dayanıqlılığı üçün ciddi təhdidə çevrilər.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub  

16:39
11 Yanvar

Bakıdan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb 

15:29
11 Yanvar

Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb

14:57
11 Yanvar

Almaniyada sol ekstremistlərə və radikal iqlim fəallarına qarşı tədbirlər sərtləşdiriləcək  

14:30
11 Yanvar

Volodimir Zelenski: Rusiyanın kritik infrastrukturlara zərbələrindən sonra Ukraynada vəziyyət ağır olaraq qalır  

14:02
11 Yanvar

“Qalatasaray” üzərində qələbəyə görə “Fənərbağça”nın futbolçularına 1,5 milyon avro mükafat verilib

13:53
11 Yanvar

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

13:23
11 Yanvar

IRENA-nın Baş direktoru: Ölkələrin bərpaolunan enerji strategiyalarını gücləndirməsinin vaxtı çatıb  

12:54
11 Yanvar

Stokholmda Qarabağ Həftəsonu Məktəbində yeni tədris ilinə start verilib 

12:43
11 Yanvar

Zaqatalada 27, Qaxda 15 santimetrədək qar yağıb – FAKTİKİ HAVA

11:31
11 Yanvar

Azərbaycan Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin 16-cı Assambleyasında təmsil olunur  

11:05
11 Yanvar

Xarici işlər nazirinin müavini Somali ilə bağlı fövqəladə iclasda iştirak edib  

10:48
11 Yanvar

Bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür  

10:11
11 Yanvar

ABŞ Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı hücumla bağlı açıqlama yayıb- YENİLƏNİB  

09:09
11 Yanvar

Sərbəst güləş üzrə Azərbaycan çempionatında növbəti medalçılar bəlli olub 

21:54
10 Yanvar

Şamaxıda zəlzələ olub  

19:55
10 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:59
10 Yanvar

Ukrayna Rusiyanın neft və dron anbarlarına zərbələr endirib  

18:57
10 Yanvar

İzmir sahillərində miqrantları daşıyan qayıq batıb: ölənlər və itkin düşənlər var  

15:49
10 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

15:07
10 Yanvar

Fransada xəstə şagirdə qarşı baş örtüyü qadağası dünyəvilik məsələsini yenidən gündəmə gətirir

14:50
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!