Hər bitkinin öz vətəni və daha geniş yayıldığı yerlər var. Onların toxumları münbit şəraitə düşdükdə meyvə verir, çiçəkləyir, yaşıllığını qoruyub saxlayır. Təbii ki, burada bitkiyə qulluq da əsas yer tutur. Hər bitkinin qidalanması, saxlanma şəraiti müxtəlif olur. Bəzi bitkilər quru iqlimi, istini sevdiyi halda, digərləri daha çox su tələb edir. Bundan başqa, dünyada yaşı min illərə malik olan və ömrü bir günə bərabər olan bitkilərə də rast gəlmək mümkündür.
Dünyada ən yaşlı ağac İsveçdə Fulufjallet dağında bitən “Old Tjikko” hesab olunur. Onun 9550 yaşı var.
Digər qədim ağaclardan biri Jomon Sugi Yaponiyada Yakuşima adasının ən hündür dağının şimal ətəyində bitir. Yapon sidrinin uzunluğu 24 metr, diametri isə 6 metrdir. Məlumata görə, ağac halqalarının üzərində aparılan müşahidələr onun 7000 il yaşı olduğunu söyləməyə əsas verir.
Uzunömürlü və ən yaşlı ağaclardan biri də Kaliforniyada bitən, 4800 il yaşı olan Qılçıqlı şam ağacıdır. Bu ağacın əsas xüsusiyyəti qətranının çox qatı olmasıdır ki, bununla da özünü ziyanverici həşəratlardan və göbələklərdən qoruyaraq uzun ömür sürür. Yaşı çox olan ağaclardan biri də İranın Əbərkuh şəhərində bitən Əbərkuh sidridir. Ağacın təqribən 4000 il yaşı var, uzunluğu 82 metr, eni isə 59 metrdir.
Yaşlı ağaclardan hesab olunan daha bir ağac qaraçöhrə növünə aiddir. 3600 il yaşı olan ağac Şimali Uelsdə bitib. Bundan başqa, And dağlarının ətəyində yetişən, yaşı 3500 il olan Alerse ağacı, Floridada parkda bataqlıqda bitən, yaşı 3200 il olan bataqlıq sərvi (senator) qədim ağaclardan hesab olunurlar.