Əlcəzair parlamenti Fransa prezidenti Emmanuel Makronun yazıçı Bualem Sansalın həbsi ilə bağlı açıqlamalarını ölkənin daxili işlərinə açıq-aşkar müdaxilə adlandırıb.
Parlamentin birinci qanadı olan Milli Xalq Məclisi Makronun bəyanatı ilə bağlı yazılı açıqlama verib.
“Fransa prezidentinin məsuliyyətsiz bəyanatları Əlcəzairin daxili işlərinə açıq-aşkar müdaxilədir və Əlcəzairin qanunlarına tabe olan bir məsələdə ölkənin suverenliyinə və şərəfinə zərbə vurur”, - deyə bəyanatda bildirilir.
Parlament hesab edir ki, Makronun sözləri “Əlcəzairin və onun suveren institutlarının imicini ləkələmək üçün açıq cəhddir”.
Sənəddə Əlcəzairin Fransa müstəmləkəçiliyi dövründə ən ağır pozuntulara məruz qaldığı vurğulanır və insan hüquq və azadlıqları sahəsində hər hansı xarici müdaxilə və dərsləri qəti şəkildə rədd edilir.
Bildirilir ki, “bu cür hərəkətlər Əlcəzair xalqı üçün qəbuledilməzdir və onun müstəqil yoluna təsir etməyəcək, əksinə, öz suverenliyini və şərəfini qorumaq üçün onun gücünü və əzmini artıracaq”.
Məclis Fransa hakimiyyətini qarşılıqlı hörmətə əsaslanan beynəlxalq münasibətlər qaydalarına hörmət etməyə çağırıb.
Fransa prezidenti Makron yanvarın 6-da Parisdə keçirilən səfirlər konfransı çərçivəsində noyabrda Əlcəzairin paytaxtında hava limanında frankofon Sansalın həbsi ilə bağlı bir sıra açıqlamalar verib.
O bildirib ki, “Əlcəzair xalqını sevən və tarixinə hörmət edən bir insan olaraq Əlcəzair hökumətini Sansalın azad edilməsinə çağırır”.
Sansal 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Əlcəzair Sənaye Nazirliyində yüksək vəzifə tutan yazıçıdır. Sonradan Parisə köçüb.
Əlcəzairə qayıtdıqdan bir neçə gün sonra yazıçı həbs olunub.
Rizvan CƏFƏROV,
“Azərbaycan”