Ermənistanın baş naziri Nikol Paşinyan düşdüyü xoşagəlməz vəziyyətlərdən çıxmaq üçün etdiyi qeyri-etik, gülünc hərəkətləri və sözləri ilə tez-tez diqqəti cəlb edir. Dekabr ayının son günlərində baş nazir yenə də gözlənilməz addım atdı. Həm ölkəsinin üzləşdiyi problemlərin günahlarını özündən əvvəlki prezidentlərin boynuna qoydu, həm də Azərbaycanla apardıqları danışıqlarla bağlı onları debata çağırdı. Keçmiş faşist rəhbərlər isə Paşinyanın çağırışını "dəlilik" adlandıraraq ona "yox" cavabı verdilər, hələ bir az da lağ etdilər.
Keçmiş prezident Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan baş nazirə başqaları ilə mübahisə etmək əvəzinə, özü ilə müzakirə etməyi məsləhət gördü. Vurğuladı ki, oxşar "self-debatlar" təkcə Qarabağ məsələsi ilə deyil, digər məsələlərlə də bağlı keçirilə bilər. İkinci faşist prezident Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan da debatda iştirak etmək imkanını rədd etdi. Onun sözlərinə görə, Robert Köçəryan uzun müddətdir ki, Paşinyanın "məntiq və mənadan məhrum" bəyanatlarına məhəl qoymur. O əlavə edib ki, 2018-ci ildən 2024-cü ilə qədər ölkədə hakimiyyət yalnız Paşinyana məxsus olub və bu müddət ərzində baş verənlərin hamısına məhz o cavabdehdir. Üçüncü faşist prezident Serj Sarkisyanın nümayəndələri də öz növbəsində müxtəlif bəhanələrlə baş nazirlə debatı mənasız adlandırdılar.
Faşist prezidentlərin bu addımını həqiqətdən qorxmaq kimi də qiymətləndirmək olar. Çünki debatlarda onların Azərbaycan torpaqlarının işğalı zamanı xalqımıza qarşı törətdikləri qanlı hadisələrin gizlinləri üzə çıxa bilərdi.
Amma gec-tez həqiqətin üstünə gün işığı düşür, heç nə gizli qalmır. Necə ki düşdü və hər şey aydın göründü. Nikol Paşinyanın keçmiş faşist prezidentləri debata çağırdığı günlərdə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" könüllülər birliyinin toplantısında çıxışının videoyazısı yayıldı. Onun çıxışı əvvəldən sonadək əsrlərdən bəridir Ermənistanın siyasi dairələrində kök salmış irqçilik, Azərbaycan xalqına qarşı nifrət, işğalçılıq siyasəti üzərində köklənmişdi.
Xalqımızın qatı düşməni olan L.Ter-Petrosyan çıxışı zamanı görün nələrdən söz açır, nələr deyir: "Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildən bəri həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Dağlıq Qarabağ yad millətlərdən tamamilə təmizləndi. Təkrar edirəm, bu, 600 illik problem idi. Bunun əhəmiyyətini erməni xalqı bundan sonra ən azı 600 il hiss edəcək. Təsəvvür edin ki, əgər bu gün Ermənistanda 1988-ci ildə olduğu kimi, 170 mindən çox yad millətin nümayəndəsi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Biz Zəngəzuru, şimal-şərq rayonlarımızı, Sevanın sahillərini qorumaq iqtidarında olmazdıq. Hətta burada bir neçə muxtariyyət yaranardı. Unutmayın ki, üç rayonda azərbaycanlılar çoxluq təşkil edirdi - Vardenis, Masis və Amasya. Zəngəzurda onların sayı həddindən artıq çox idi. İndi bu problem həll edilib".
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində Ermənistanın ilk prezidentinin çıxışına münasibət bildirərkən demişdir: "Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər, indi ictimailəşdirildi. Ancaq təbii ki, bunu Ermənistanda bilirdilər. Ermənistanın müttəfiqləri, havadarları təbii ki, bilirdilər və bu fikirləri bölüşürdülər. Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir".
Zaman-zaman daşnak xislətli quldurlar Bakıda, Şuşada, İrəvan və Naxçıvan mahallarında, Qarabağda, Borçalıda, Qazaxda, Zəngəzurda, Gəncədə, Qubada, Tiflisdə və digər yerlərdə on minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetiriblər. Qan üstdə qurulmuş siyasət nəticəsində 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1994-cü illərdə xalqımızın başına olmazın müsibətləri gətiriblər. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə isə erməni cəlladları Xocalıda dünyanın ən dəhşətli soyqırımını törətdilər.
Ermənistanın üçüncü faşist prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala söhbətində arsız-arsız Xocalıda törətdikləri qanlı əməlləri etiraf edərək deyib: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz onlarla sadəcə zarafat edirik. Azərbaycanlılar bu fikirdə idilər ki, ermənilər dinc sakinlərə əl qaldırmağı bacaran insanlar deyil. Bu fikirləri sındırmaq lazım idi. Belə də alındı".
İllərdən bəri azərbaycanlılara qarşı törətdiyi dəhşətli faciələrə görə cəzasız qalan qatı daşnak Köçəryan 2003-cü ilin yanvarında AŞPA-da etdiyi çıxışında ermənilərlə azərbaycanlıların etnik uyuşmazlığı barədə bəyanat verməklə faşist, irqçi mahiyyətini ortaya qoydu. Ermənistanın ikinci prezidenti bir il sonra yenə AŞPA-da etdiyi çıxışında utanıb-qızarmadan hərbi əməliyyatlarda iştirakına görə fəxr etdiyini dedi. Bununla da müharibə canisi olduğunu təsdiq etdi.
Levon Ter-Petrosyanın çıxışında təcavüzkar Ermənistanın başlıca məqsədinin Azərbaycanın əraziləri hesabına xəyallarda dolaşan "böyük Ermənistan" yaratmaqdan ibarət olduğu açıq-aydın göründü. Ermənistanın faşist mahiyyəti bu ölkənin keçmiş liderinin dili ilə öz təsdiqini tapdı. Başqa bir sübuta ehtiyac qalmadı.
Ermənistanın birinci prezidentinin 32 il gizlin saxlanılmış bu videoyazısının məhz indi yayılmasını təsadüf hesab etmək olmaz. Məlum olduğu kimi, düşmən ölkənin baş naziri Nikol Paşinyan bu yaxınlarda dövlətin üç faşist prezidentini Azərbaycanla apardıqları danışıqlarla bağlı debata çağırmışdı. Baş nazirin çağırışına kəskin etirazını bildirən Ter-Petrosyan onu Qarabağı satmaqda ittiham etmişdi. Paşinyan da bu videoyazını yaymaqla bir növ ondan qisas almışdı.
Ter-Petrosyanın qan qoxulu çıxışı bir daha sübut edir ki, azərbaycanlıları ata-baba ocaqlarından silah gücünə qovmaq, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmək Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olub. Hər üç prezidentin hakimiyyəti dövründə Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistan tərəfindən heç bir addım atılmadı. Onların hakimiyyəti dövründə Azərbaycanın işğal olunmuş ərazilərində vandalizm aktları həyata keçirildi tarixi-mədəni abidələrimiz vəhşicəsinə dağıdıldı, məzarlıqlar barbarcasına məhv edildi.
İnanırıq ki, zaman-zaman Azərbaycan xalqına qarşı soyqırımı siyasəti yürüdən Ermənistanın keçmiş hər üç faşist xislətli prezidentləri - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan törətdikləri qanlı əməllərə görə layiqli cəzalarını alacaqlar.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"