“Vətən savaşında Azərbaycanın Zəfəri” kitabı türk dilində nəşr olunub.
AZƏRTAC xəbər verir ki, Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunda hazırlanan kitab Azərbaycanda Konstitusiyanın qəbul edilməsinin 30-cu və 44 günlük Vətən müharibəsində Qələbəmizin 5-сi ildönümlərinə həsr olunub.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan 1104 səhifəlik əsərın müəllifi Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.
Kitabda Ermənistan-Azərbaycan münaqişəsinin gedişi və kəskinləşməsi zamanı baş verən əsas geosiyasi proseslərin və hadisələrin izahı verilib, həmçinin beynəlxalq birliyin və Ermənistan-Azərbaycan münaqişəsinə cəlb olunan tərəflərin fəaliyyətinin qərəzsiz təhlilinə böyük diqqət yetirilib.
Nəşrdə, eyni zamanda, Birinci və İkinci Qarabağ müharibələrində hərbi-siyasi hadisələrin və döyüş əməliyyatlarının xüsusiyyətləri xronoloji ardıcıllıqla əks olunub, o cümlədən Vətən müharibəsində Qələbəni təmin edən Silahlı Qüvvələrin hərbi-strateji məharəti və tətbiq edilən taktikanın inkişafı, mərhələli və sabit təkamülü göstərilib.
Kitabda xüsusi vurğulanıb ki, Vətən müharibəsi dövründə baş verən hərbi-siyasi hadisələr bu gün faktiki olaraq Azərbaycan və dünya hərb sənəti tarixində yeni səhifə açıb. Müasir müharibələr və münaqişələr tarixində dronların və “gəzən sursat”ların (kamikadze dronların) belə irimiqyaslı tətbiqinin analoqu yoxdur. Qarabağdakı Vətən müharibəsi bir çox hərbi və siyasi parametrlərinə görə “sabahkı günün ilk müharibəsi” hesab edilməlidir.
Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı bütün problemlər kompleksinin hərtərəfli və dərindən tədqiqi, onun tənzimlənməsinin siyasi və hərbi-güc metodlarının geosiyasi əhəmiyyətinin üzə çıxarılması kitab üzərində iş zamanı müəllif üçün müəyyənedici amillər olub. Münaqişəyə cəlb olunan tərəflərin, beynəlxalq təşkilatların və bütövlükdə dünya birliyinin reaksiyası, Vətən müharibəsinin hərbi-siyasi nəticələri hələ uzun müddət və böyük ölçüdə Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslərin gedişini müəyyənləşdirəcək.
Kitabda İkinci Qarabağ müharibəsi zamanı döyüş bölgələrində Azərbaycan Ordusunun apardığı əməliyyatlar xəritələrdə əksini tapıb. Bu baxımdan kitab Milli Müdafiə Universitetinin professor-müəllim heyəti və dinləyiciləri, hərbi nəzəriyyəçilər, beynəlxalq münasibətlər, beynəlxalq humanitar və hərbi hüquq sahələrində ixtisaslaşan mütəxəssislər üçün dəyərli mənbədir.