Azərbaycan istənilən halda sülh müqaviləsinin imzalanmasına nail olacaq
Regionda sülhün bərqərar olması istiqamətində bütün danışıqlarda iştirak etməklə yanaşı, həmçinin əməli addımlar atan Azərbaycandan fərqli olaraq Ermənistanın "fəaliyyəti" sülhdən yayındığını açıq-aydın göstərir. Sülhə doğru bir addım daha irəliləmək üçün Prezident İlham Əliyev rəsmi, qeyri-rəsmi şəkildə görüşlərə razılıq verərək Ermənistana bir şans yaradır. İrəvan isə ona verilən son şansı belə dəyərləndirə bilmir.
Qeyd edək ki, Azərbaycan-Ermənistan münasibətlərinin İkinci Qarabağ müharibəsindən sonra normallaşması, bir-birilərinin ərazi bütövlüyünü tanımaqla tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda sabitlik və regional inkişaf üçün əsas şərtlərdən biridir. Elə bu səbəbdən Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması, yekun sülh müqaviləsinin imzalanması ilə qarşılıqlı əməkdaşlığa start verilməsi üçün Ermənistana müraciət edib və digər zəruri addımlar atıb.
Belə bir şəraitdə Nikol Paşinyan iqtidarının siyasi iradə nümayiş etdirərək sülh müqaviləsinin imzalanması istiqamətində əməli addımlar atması, Azərbaycanın bu xüsusda təkliflərinə müsbət cavab verməsi Ermənistana daha çox gərəkdir. Amma hər tərəfdə yaranmış problemlərin altında əzilən ölkənin baş naziri Nikol Paşinyan çıxış yolunu Qərbə sığınmaqda görür, onun verdiyi vədlərə güvənir. Hər halda Paşinyan hakimiyyətinin nümayiş etdirdiyi xarici siyasətlə bu ölkənin konkret seçim etdiyini göstərir.
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib ki, sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtləri qəbul ediləcək. Bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur: "...Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi - bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər. Bax dünən xəbər gəldi ki, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli oldu".
Uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini ölkəmizə yönəldib. Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin nəticəsidir ki, indi ölkəmizlə qarşılıqlı əməkdaşlığa can atanların sayı durmadan artır.
Ölkəmizin bu uğurları fonunda isə Ermənistana nəzər saldıqda tamam əks mənzərəni müşahidə edirik. Bunun ümdə səbəblərindən biri bu ölkənin 30 il davam edən işğal siyasəti, bu gün isə sülh müqaviləsinin uzadılmasının yubanmasıdır.
Aydındır ki, sülh müqaviləsini imzalamayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Ölkəni tərk edənlərin sayı sürətlə artır. İndi görülən bütün tədbirlərə baxmayaraq, ölkədə əhalinin sayı sürətlə azalmaqda davam edir, xaricə köçənlər durmadan artır. Əhalinin artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub. Ancaq real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir.
Ermənistan rəhbərliyi unutmamalıdır ki, öz təcavüzkar siyasətinin qurbanı olaraq bütün regional və beynəlxalq layihələrdən kənarda qalıb. Qonşuları ilə normal münasibətlər yarada bilməməsi səbəbindən iqtisadi blokadada qalıb və ötən əsrin 90-cı illərində necə idisə, indi də səfalət içində yaşayır. Əhalisi sürətlə azaldığından hətta orduya əsgər çağırışında belə hər il ciddi problemlərlə üzləşir. Bu mənada sülh müqaviləsinin imzalanması Azərbaycan üçün vacibdirsə, Ermənistan üçün daha çox önəmlidir. Məsələnin bu tərəfinə diqqət yetirən Prezident İlham Əliyev deyib ki, Ermənistan çox ciddi ölçüb-biçməlidir. Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu. Baydenin son qərarlarından biri Sorosu Amerikanın ən yüksək mükafatı ilə təltif etməsi idi. Yəni bu sorosçular faktiki olaraq mövqelərini itirirlər: "Ermənistan rəhbərliyi bunu da nəzərə alsın. Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar… Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr bəyanatının müddəalarını yerinə yetirməlidirlər".
Göründüyü kimi, Prezident İlham Əliyev seçim üçün Ermənistanın siyasi rəhbərliyinə növbəti dəfə şans verir. İrəvanın təcrid vəziyyətdə qalaraq inkişaf etməsi mümkünsüzdür və ötən zaman bunu çox aydın göstərib. Bütün baş verənlərə baxmayaraq, Azərbaycan istənilən halda sülh müqaviləsinin imzalanmasına nail olacaq. Bu, kimsənin müqavimət göstərə bilməyəcəyi qarşısıalınmaz prosesdir.
Elçin CƏFƏROV,
"Azərbaycan"