Xalqların taleyində şəxsiyyət amilinin rolu müstəsnadır. Zamanın ən mühüm proseslərini irəli aparan, birliyə, həmrəyliyə istiqamət verən, dövlətin ideoloji-siyasi əsaslarını yaradan, bu proseslərin mərkəzində dayanan məhz qüdrətli insanlardır. XX əsrin ən parlaq şəxsiyyətlərindən olan Heydər Əliyevin Azərbaycan tarixindəki rolu, ilk növbədə, bu missiyanı həyata keçirmiş lider kimi xidmətləri misilsizdir.
Hamı təsdiqləyir ki, xalqımızın əsrlər boyu formalaşan güclü, qətiyyətli, istiqamətverici milli lider idealı məhz Ulu Öndər Heydər Əliyevin şəxsiyyətində həqiqətə çevrilmişdir. Ümummilli Lider müstəqil Azərbaycan dövlətçiliyinin milli-mənəvi, siyasi, iqtisadi, ideoloji əsaslarını yaratmışdır. Azərbaycan xalqının güclü dövlətə sahib olmaq arzusunu gerçəkləşdirmişdir və çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmişdir.
Ümummilli Liderin Vətəni qarşısındakı ən mühüm xidmətlərindən biri azərbaycançılıq düşüncəsini bütün həmvətənlərini birləşdirən ideologiya halına gətirməsi, müstəqil dövlətin ideya əsasına çevirməsidir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuşdur. Millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.
Təlatümlü illər
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Bu dövrdə dövlət müstəqilliyimizin bərpasına nail olsaq da, belə bir nailiyyət bizə asanlıqla başa gəlmədi. Böyük qurbanlar verdik. Müstəqil dövlətimizi illərlə geri salan işğalla, müharibə vəziyyətilə, sosial-iqtisadi böhranla, çox ağır çətinliklərlə üz-üzə qaldıq.
Digər tərəfdən, ötən əsrin 80-ci illərinin sonlarında keçmiş SSRİ-nin dağılması prosesi başlandı. Faciə onda idi ki, bu prosesin ən həlledici və qanlı-qadalı mərhələsi məhz Azərbaycanda başlandı və böyük itkilərlə nəticələndi. Əsas səbəb isə həmin təlatümlü anlarda taleyimiz əsl liderin deyil, təsadüfi adamların əlində olmasında idi. Tez-tez baş verən hakimiyyət dəyişiklikləri, siyasi qarşıdurmalar, qeyri-qanuni silahlı dəstələrin mövcudluğu vəziyyəti getdikcə gərginləşdirirdi. Ölkədə hansısa xarici qüvvələrin təhriki ilə separatçı meyillər baş qaldırır, yeni münaqişə ocaqlarının təməli qoyulurdu. Düşmənlə ölüm-dirim savaşının gərgin çağlarında, Şuşanın, Laçının itirildiyi vaxtlarda hərbçiləri, zirehli texnikanı, silah-sursatı cəbhə bölgəsindən geri çəkib Bakıya gətirən və hakimiyyəti hərbi qiyam yolu ilə ələ keçirən AXC-Müsavat hakimiyyətinin ölkəyə rəhbərliyindən bir il ötmüşdü. Amma ictimai-siyasi proseslərin respublikanı böhran vəziyyətinə çatdırması, parçalanma təhlükəsinə, vətəndaş müharibəsinə, müstəqilliyin itirilməsinə gətirib çıxarması üçün elə bu bir il də kifayət etmişdi.
Suverenliyimiz real təhdidlər qarşısında qalmışdı. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Beləliklə, AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü. Sonra Gəncə hadisələri baş verdi.
Xalqın tələbi
Əhalinin böyük əksəriyyəti, xüsusilə ziyalılar böyük rəhbərin siyasi hakimiyyətə qayıdışı arzusunda idilər. Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın "91-lər" adlanan ziyalıları Heydər Əliyevə müraciət etmişdilər. Hamı bu böyük dövlət adamının zəngin təcrübəsinə, qətiyyətinə, əzminə güvənirdi. Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin Rəyasət Heyəti ilə birgə 7 iyun 1993-cü il tarixli iclasındakı çıxışı Gəncə hadisələrinə düzgün tarixi qiymət oldu. Ulu Öndərin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdışı, vəziyyəti yerində öyrənmək üçün Gəncəyə səfəri proseslərin daha gərgin məcrada inkişafının qarşısını aldı.
Heydər Əliyevin fədakarlıqla gördüyü işlər vəziyyəti müsbətə doğru dəyişdi. Həmin günlərin ağır reallıqları şəraitində müəyyən kompromislər tapmaq mümkün oldu. Ulu Öndər Heydər Əliyev o dövrün Azərbaycanı haqqında danışarkən deyirdi: "Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər". 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycanı fəlakətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addımlar atıldı. Məhz tariximizin bu unudulmaz günündə Ümummilli Lider Heydər Əliyevin hakimiyyət rəhbərliyinə qayıdışı müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi.
Ulu Öndər dövlətçiliklə bağlı çıxışlarında həmişə deyirdi: "Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır... Hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin". Heydər Əliyevin böyüklüyü məhz xalqı qarşısında daim yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıması, ictimai inamı doğrultmaq üçün böyük səylə, əzmlə çalışması ilə xarakterizə olunmuşdur. Böyük şəxsiyyət qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Bu isə dahi rəhbərə Ümummilli Liderlik zirvəsini fəth etmək imkanı vermişdir.
Parlamentin ən uzun sürən iclası
Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən sessiyası parlamentin ən uzun çəkən iclası oldu. Xalqın iradəsini ifadə edən deputatlar böyük səs çoxluğu ilə Ümummilli Lider Heydər Əliyevi Ali Sovetin Sədri seçdilər. Parlamentin tarixi iclasında Heydər Əliyev çıxış etdi: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək".
Ulu Öndərin ali qanunvericilik orqanına sədr seçilməsi ölkəmizin həyatında çox mühüm hadisə oldu. Bu siyasi qayıdış Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun, gələcək taleyinin ən həlledici anları idi. Ali Sovetin Sədri kimi Heydər Əliyevin ilk aylar ərzindəki gərgin fəaliyyəti hər kəsdə böyük rəğbət oyatdı. Möcüzəyə bənzər hadisələr baş verdi. Ulu Öndər birinci gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipini üstün tutdu. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Heydər Əliyev deyirdi: "Azərbaycan xalqının birliyi yeni, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin edilə bilər. Doğrudur, bu yolda çətinliklər az olmayacaqdır. Fəqət nəyin bahasına olursa-olsun, biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək və onlar, tarix bizi bağışlamayacaqdır. İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır.
Azərbaycan xalqı birləşməli, öz müqəddəs, doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası ictimai və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm". Bu, Heydər Əliyevin yeni mərhələdə fəaliyyət proqramının əsas prinsiplərini özündə aydın əks etdirən bəyanat idi.
1993-cü ilin 24 iyununda Ümummilli Lider Heydər Əliyev Ali Sovetin qərarı ilə Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərinin icrasını öz üzərinə götürməli oldu. Həmin gün Ulu Öndərin bununla bağlı xalqa müraciəti bir növ müstəqil Azərbaycan dövlətinə sadiqlik andı idi.
3 oktyabr 1993-cü il
1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil dövlətimiz üçün qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içdi: "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm".
Ulu Öndər yaxşı bilirdi ki, Azərbaycan xalqının arzularındakı dövləti, cəmiyyəti qurmaqdan ötrü ilk növbədə qanunun aliliyi təmin olunmalı, buna maneə yaradan əngəllər ortadan götürülməlidir. Cəmiyyətdə ictimai-siyasi sabitlik təmin edilməli, hər bir vətəndaş özünü tam təhlükəsiz şəraitdə hiss etməli, onun naşı adamların idarəçiliyi dövründə dövlətə, hökumətə sarsılmış inamı bərpa olunmalıdır.
Ulu Öndər ölkədəki qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoydu. Nəzarətsizlik dövründə baş qaldıran kriminal ünsürləri zərərsizləşdirdi, cinayətkarlığın və hüquq pozuntularının qarşısını aldı, ictimai-siyasi sabitlik üçün dayanıqlı bir sistem qurdu. Heydər Əliyev xarici qüvvələrin təhriki ilə ölkədə baş qaldıran separatizm meyillərinin genişlənərək Azərbaycan dövlətçiliyini sarsıtmasına imkan vermədi.
"Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır", - deyən Heydər Əliyev problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz".
Ümummilli Lider Azərbaycanı zamanın ağır təlatümlərindən xilas edərək rəvan, aydın inkişaf yoluna çıxardı. 1994-cü ildə cəbhə bölgəsində atəşkəsə nail oldu, ölkənin sosial-iqtisadi problemlərinin həlli, ordu quruculuğu, demokratik hüquqi dövlətin əsaslarının formalaşması üçün zaman qazandı. Bu müddətdə Azərbaycanın gələcək inkişafına doğru strateji addımlar atıldı. 1994-cü il sentyabrın 20-də - çox ağır siyasi şəraitdə ölkənin dayanıqlı iqtisadi inkişafını və beynəlxalq əhəmiyyətini müəyyən edən "Əsrin müqaviləsi" imzalandı. Bu müqavilə ölkənin sosial-iqtisadi inkişafına, mövcud çətinliklərin aradan qaldırılmasına böyük təkan verdi.
1995-ci ilin noyabrında Ümummilli Liderin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq səsverməsi əsasında qəbul edildi. Cəmiyyət həyatının bütün əhəmiyyətli sahələri üzrə müstəqillik dövrünün, müasir zamanın çağırışlarına uyğun mükəmməl qanunvericilik bazası formalaşdırıldı. Demokratik inkişafı əngəlləyən silahlı dövlət çevrilişi cəhdlərinə son qoyuldu. Seçki ənənələri formalaşdırıldı. Konstitusiyanın qəbulu ilə eyni gündə parlament seçkiləri keçirildi. Azərbaycan dövlətinin beynəlxalq əlaqələri genişləndirildi, ölkənin dünya birliyinə inteqrasiyası gücləndirildi.
Ulu Öndər cəmiyyətimizdə milli birliyi təmin etdi. Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası milli mənsubiyyətindən, dilindən, inancından, yaşadığı məkandan asılı olmayaraq, Azərbaycanı özünə tarixi vətən bilən hər kəsin tapındığı mənəvi ünvan, işıqlı məfkurə oldu və bu düşüncə dövlətimizin qüdrətlənməsində müstəsna rol oynadı.
Ümummilli Lider ordu quruculuğunu da böyük mətanətlə həyata keçirdi. Bu böyük dövlət adamının çağırışı ilə başqa ölkələrdəki peşəkar Azərbaycan zabitlərinin Vətənə axını başladı. Ölkənin iqtisadi müstəqilliyi təmin edildi.
Azərbaycançılıq: bizi güclü edən ideologiya
Ümummilli Liderin mühüm xidmətlərindən biri də azərbaycançılıq düşüncəsini bütün həmvətənlərini birləşdirən ideologiya halına gətirməsi, müstəqil dövlətin ideya əsasına çevirməsidir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuşdur. Millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.
Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası həm də mənəvi inkişafımızın təminatçısına çevrildi, iki təməl ideyanı özündə birləşdirdi: dövlətçilik və vətənpərvərlik. Azərbaycançılıq ölkəmizə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, doğma yurdumuzu etnik bölgücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji sipərə çevrildi, onu zəhərli ideyalardan hifz etdi.
"Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam", - deyən Ulu Öndər yürütdüyü siyasətlə bütün dünya azərbaycanlılarının liderinə çevrildi. Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini bəyan etdi.
Heydər Əliyev Azərbaycanın istiqlalını əbədi etmiş liderdir. Ümummilli Lider üçün tarixin və taleyin ən böyük mükafatı xalqın ona göstərdiyi etimad, insanların inamı idi. Böyük rəhbər bu etimadı doğrultmaq üçün yaşadı və uğurlu fəaliyyət göstərdi. Bu inama layiq olmağı ömrünün mənası bildi. Dahi rəhbərin siyasi lider və dövlət qurucusu kimi ən böyük uğur sirri də elə bunda idi.
Ulu Öndər hələ 1997-ci ildə İstanbulda Fateh Universitetinin fəxri doktoru adı verilməsi mərasimindəki nitqində deyirdi: "Bizim, Azərbaycan dövlətinin çox gözəl gələcəyi var. Biz bu gələcəyi müstəqillik yolunda görürük. Azərbaycan üçün dövlət müstəqilliyi tarixi nailiyyətdir, ən böyük sərvətdir". Ümummilli Liderin müdrikcəsinə, uzaqgörənliklə söylədiyi bu fikirlər hazırda gerçək həyatda öz əksini tapmışdır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli çağlarını yaşayan müstəqil, suveren ölkəmizin qazandığı nailiyyətlər, Vətən müharibəsindəki Zəfərimiz Ulu Öndərin onilliklər ərzində gələcək inkişaf üçün formalaşdırdığı möhkəm təməllərdən güc alır.
İradə ƏLİYEVA,
"Azərbaycan"