Bu günlərdə Kremldə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında növbəti görüş keçirilib. Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bu danışıqları və iki ölkə arasında münasibətlərin müsbət dinamikasını şərh edib.
– Dmitri İvanoviç, Rusiya və Azərbaycan liderlərinin bu yaxınlarda keçirilən görüşü artıq bu il dördüncü oldu. Bu gün ölkələrimiz arasında əməkdaşlığın hansı aspektləri belə yüksək səviyyədə müntəzəm qarşılıqlı fəaliyyəti zəruri edir?
– Bu görüşlə bağlı razılıq Vladimir Putinin bu ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı əldə olunub. Sonra hökumətlərimiz tam tərkibdə toplandı, çoxlu fundamental qərarlar qəbul edildi, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə genişləndirilməsi istiqamətində qarşıya çoxlu vəzifələr qoyuldu. Bu günlərdə Kremldə Vladimir Putin bir daha ölkələrimiz arasında əlaqələrin dinamik və müsbət inkişaf etdiyini qeyd edərək, infrastruktur və enerji, ticarət və investisiya sahələri də daxil olmaqla bütün böyük birgə layihələri qarşılıqlı maraq doğuran, perspektivli, real və canlı adlandırdı. Öz növbəsində, İlham Əliyev yüksək səviyyəli qərarların hər birinin icrasının daimi nəzarətdə olduğunu, bütün razılaşmaların yerinə yetirilməsi üçün konkret addımların hazırlandığını xüsusi vurğuladı. Həmin məsələlər xüsusən də bu yaxınlarda MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində liderlərimizin görüşünün əsas mövzusu oldu. Rusiya ilə Azərbaycan arasında bütün səviyyələrdə və sahələrdə əməkdaşlığın inkişafına belə bir yüksək diqqəti qiymətləndirməmək olmaz.
Əlbəttə, unutmaq olmaz ki, ölkələrimizin prezidentləri arasında səmimi, zamanın sınağından keçmiş dostluq münasibətləri var. Beləliklə, son görüşdə İlham Heydər oğlu fürsətdən istifadə edərək Vladimir Vladimiroviçi keçmiş doğum günü münasibətilə təbrik etdi. Dövlət başçılarının istənilən görüşü, şübhəsiz ki, həm də qeyri-rəsmi ünsiyyət anlarını ehtiva edir, çox vaxt üzbəüz olur və bu, liderlərimiz və xalqlarımız arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə, Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq, həqiqi müttəfiqlik münasibətlərinin mühüm sütunlarından birinin möhkəmləndirilməsinə kömək edir.
– Sizcə, MDB Dövlət Başçıları Şurasının iclasında irəli sürülən hansı təşəbbüslər və qəbul olunan qərarlar Rusiya-Azərbaycan münasibətlərinin inkişafında mühüm nəticələr verə bilər?
– Burada xatırlatmaq istərdim ki, Rusiyanın təşəbbüsü ilə 2025-ci il MDB-də nasizmə qarşı mübarizədə “Sülh və birlik İli” elan edilib. Tezliklə bütün Birlik ölkələri bizim İkinci Dünya müharibəsində ümumi Qələbəmizin 80 illik yubileyini qeyd edəcəklər. Ötən iclasda bu məsələyə çox diqqət yetirildi. Rusiya və Azərbaycanı artıq bir çox birgə yubiley tədbirləri gözləyir, onların bir çoxu, məsələn, “Yaddaş qatarı” fəal şəkildə həyata keçirilir. Bundan əlavə, Moskvada keçirilən görüşdə MDB məkanında hərbi abidələrin ümumi reyestrinin yaradılması zərurəti kimi yeni təkliflər də səslənib. Azərbaycanda, hamımızın bildiyi kimi, İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsi müqəddəs şəkildə ehtiramla yad edilir. Biz bu istiqamətdə birgə fəaliyyət göstərməliyik. Bundan əlavə, Vladimir Putin MDB-də “Əmək Şöhrəti Şəhəri” fəxri adının təsis edilməsi və onun Böyük Qələbənin əldə olunmasında, müharibənin çətin vaxtlarında cəbhədə və dinc əhaliyə köməklik göstərilməsində xüsusi xidmətləri olan Birlik şəhərlərinə verilməsi təşəbbüsü ilə çıxış edib. Tam əminəm ki, Bakı bu yüksək ada layiq görülən ilk şəhərlərdən biri olmalıdır. Müharibə illərində Bakı neftçiləri sadəcə əmək şücaəti deyil, əsl möcüzə göstərərək rekord neft hasilatını təmin ediblər. Bütün yanacağın demək olar ki, 80 faizi cəbhəyə Azərbaycan tərəfindən verilirdi, yəni, faktiki olaraq, hər on təyyarədən, tankdan, gəmidən səkkizi müharibə illərində Bakı neftinin məhsulları ilə işləyirdi. Bu, Azərbaycanın faşizm üzərində Böyük Qələbəyə həqiqətən əvəzsiz töhfəsi oldu və Rusiyada heç vaxt unudulmayacaq.
– Rusiya ilə Azərbaycan arasında birgə böyük layihələrdən danışarkən, xüsusilə “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafını qeyd etməmək olmaz. Bununla bağlı hansı irəliləyişləri qeyd edə bilərsiniz?
-Bu, çox böyük işdir və dayanmır. “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf etdirilməsi mövzusu xüsusilə Moskvada Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında keçirilən işgüzar görüşdə əsas müzakirə mövzularından biri olub, həmçinin Azərbaycan nümayəndə heyətinin MDB Dövlət Başçıları Şurasının bu yaxınlarda keçirilmiş iclasında iştirakının bir hissəsidir. Görüşdə həm Azərbaycan-Rusiya-İran formatında, həm də Qafqaz dövlətləri və onların qonşularının birgə fəaliyyətini nəzərdə tutan “3+3” formatında mühüm əməkdaşlıq məsələləri müzakirə olunub. Həmin görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması üzrə danışıqlar prosesi də müzakirə olunub. Bu proses zamanı Azərbaycan və Rusiya bu gün də regionda sülhün və sabitliyin tezliklə möhkəmləndirilməsinin zəruriliyi barədə tam qarşılıqlı anlaşmaya malikdirlər.
– Rusiya ilə Azərbaycan arasında parlamentlərarası əməkdaşlığın bugünkü perspektivlərini necə qiymətləndirirsiniz?
– Bildiyiniz kimi, ötən ay Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirildi. Seçkilərin nəticələri hakim partiyanın xalq tərəfindən dəstəkləndiyini və bu kontekstdə ölkədə aparılan kursun, o cümlədən Rusiya ilə münasibətlərin daha da möhkəmləndirilməsinə yönələn siyasətin təsdiqi oldu. Elə bu günlərdə Azərbaycan Milli Məclisi parlamentlərarası əlaqələr üzrə işçi qrupların rəhbərlərini seçdi, Rusiya ilə əlaqələr üzrə qrupa isə Qarabağdan deputat seçilməzdən əvvəl 18 ildən artıq Azərbaycanın ölkəmizdəki səfirliyinə rəhbərlik etmiş Polad Bülbüloğlu başçılıq edəcək. Bu istedadlı diplomat, ictimai xadim və yaradıcı ziyalı həm öz Vətəninin əsl vətənpərvəri, həm də Rusiyanın səmimi dostudur və onun oktyabrın əvvəlində “Aleksandr Nevski” ordeni ilə təltif edilməsi bunun əyani sübutudur. Əminəm ki, Rusiya ilə Azərbaycan arasında parlamentlərarası əlaqələr bundan sonra da dinamik şəkildə inkişaf edəcək, bütün ümumi məsələlər üzrə mövqelərimizin yaxınlaşmasına töhfə verəcək.