15 May 2026 20:59
856
SİYASƏT
A- A+
Dayanıqlı şəhərsalma həm də insan kapitalının inkişafına əsaslanır

Dayanıqlı şəhərsalma həm də insan kapitalının inkişafına əsaslanır


Müasir dünyada elmin inkişaf səviyyəsi dövlətlərin siyasi nüfuzunu, iqtisadi dayanıqlığını və beynəlxalq təsir imkanlarını müəyyən edən əsas amillərdən birinə çevrilmişdir. Qlobal siyasətdə yüksək texnologiyalara sahib olan dövlətlər üstün mövqedə dayanırlar. Süni intellekt, rəqəmsal idarəetmə, alternativ enerji, biotexnologiya və kosmik texnologiyalar uğrunda rəqabət əslində elmi potensial uğrunda mübarizənin yeni mərhələsidir.

Eyni zamanda dünya ciddi ekoloji çağırışlarla üz-üzədir. İqlim dəyişiklikləri, su qıtlığı, meşələrin məhv olması, hava çirkliliyi və urbanizasiya nəticəsində təbiət balansının pozulması artıq bəşəri təhlükə xarakteri daşıyır. Bir çox beynəlxalq hesabatlarda qeyd olunur ki, yaxın onilliklərdə dünyanın ən böyük problemlərindən biri məhz şəhərlərin ekoloji davamlılığının qorunması olacaq. Bu səbəbdən şəhərsalma anlayışı da dəyişmişdir. Müasir şəhər yalnız yollar, binalar və kommunikasiya sistemi demək deyil. Şəhər insanın təbiətlə münasibətinin göstəricisinə çevrilmişdir.

Biz Yer kürəsini atalarımızdan miras almırıq, onu övladlarımızdan borc alırıq. Bu fikir müasir urbanizasiya fəlsəfəsinin mahiyyətini çox dəqiq ifadə edir. Çünki gələcəyin şəhərləri yalnız bugünkü ehtiyaclar üçün yox, gələcək nəsillərin təhlükəsiz və sağlam həyatı üçün qurulmalıdır.

Məhz buna görə dayanıqlı və dözümlü şəhər anlayışı XXI əsrin əsas strateji istiqamətlərindən birinə çevrilmişdir. Bu gün şəhərsalma siyasətində əsas məqsəd təbiətə minimum müdaxilə etməklə insan üçün maksimum rahat və təhlükəsiz mühit yaratmaqdır. Yaşıl enerji, ekoloji nəqliyyat, ağıllı idarəetmə sistemləri, su resurslarının qorunması, tullantıların düzgün idarə olunması və rəqəmsal şəhər modeli artıq müasir urbanizasiya siyasətinin əsas elementləri hesab olunur.

Müasir urbanistika nəzəriyyəsində “kreativ şəhər” anlayışı da xüsusi aktuallıq qazanmışdır. Bu konsepsiyaya görə şəhərin əsas gücü yalnız iqtisadi resurslar və tikinti infrastrukturu ilə müəyyən olunmur. Şəhərin real potensialı onun insan kapitalı, yaradıcı düşüncə mühiti, innovativ idarəetmə sistemi və ictimai dinamizmi ilə ölçülür. Kreativ şəhər modeli göstərir ki, şəhərlər yalnız yaşamaq üçün məkan yox, eyni zamanda düşüncə, elm, mədəniyyət və yaradıcılıq platformasıdır.

Bu nəzəriyyəyə əsasən şəhərin inkişafı üçün vətəndaş təşəbbüskarlığı, sosial liderlik, mədəni açılıq və yaradıcı idarəetmə mühüm əhəmiyyət daşıyır. Müasir urbanistika sahəsində qeyd olunur ki, şəhərlərin gələcəyini ilk növbədə yaradıcı insan potensialı müəyyən edir. Əgər şəhər öz sakinlərinin düşüncə imkanlarını inkişaf etdirirsə, elmə və innovasiyaya şərait yaradırsa, həmin şəhər davamlı inkişaf modelinə çevrilə bilir.

Bu kontekstdə son illərdə beynəlxalq siyasi və hüquqi ədəbiyyatda xüsusi aktuallıq qazanan urbisid, kultusid, ekosid və genosid anlayışları da diqqət mərkəzində dayanır. Urbisid şəhərlərin və yaşayış məkanlarının məqsədli şəkildə dağıdılması anlamını ifadə edir. Kultusid xalqın tarixi-mədəni irsinin, dini abidələrinin və mənəvi yaddaşının məhv edilməsinə yönələn siyasəti xarakterizə edir. Ekosid təbiətin və ekoloji sistemlərin sistemli şəkildə sıradan çıxarılması deməkdir. Genosid isə bütöv xalqların fiziki və mənəvi varlığını hədəfə alan ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.

Azərbaycan postmünaqişə dövründə bu anlayışların acı nəticələri ilə üzləşmiş dövlətlərdən biridir. İşğal dövründə şəhərlərimizin dağıdılması urbisid siyasətinin nümunəsi idi. Tarixi və dini abidələrin məhv edilməsi kultusid siyasətini açıq şəkildə nümayiş etdirirdi. Meşələrin qırılması, su ehtiyatlarının çirkləndirilməsi və ekoloji balansın pozulması isə ekosid elementləri kimi qiymətləndirilə bilər. Bütün bunların fonunda Azərbaycan bu gün dağıdılmış məkanları yenidən həyata qayırmaqla yanaşı, yeni urbanizasiya və yeni humanitar inkişaf modeli formalaşdırır.

Bu baxımdan WUF-13 forumunun Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzu baxımından mühüm siyasi və diplomatik uğur kimi qiymətləndirilməlidir.

Bu, eyni zamanda Azərbaycanın son illərdə həyata keçirdiyi urbanizasiya siyasətinə, ekoloji təşəbbüslərinə və dayanıqlı inkişaf modelinə verilən beynəlxalq etimadın göstəricisidir. Xüsusilə postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri dünya miqyasında maraq doğurur. Çünki burada sadəcə şəhərlər yenidən qurulmur, eyni zamanda yeni urbanizasiya fəlsəfəsi formalaşdırılır.

Bu prosesdə “mədəniyyət proqramlaşdırılması” anlayışı da xüsusi aktuallıq qazanır. Müasir şəhərsalma yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır. Şəhərin kimliyi onun mədəni yaddaşı, estetik ruhu, ictimai davranış modeli və sosial münasibətlər sistemi ilə formalaşır. Mədəniyyət proqramlaşdırılması şəhər məkanında insanların düşüncə tərzinin, sosial harmoniyanın, milli kimliyin və vətəndaş məsuliyyətinin sistemli şəkildə formalaşdırılması prosesidir. Bu baxımdan şəhərlər yalnız memarlıq layihəsi yox, eyni zamanda mədəni və ideoloji inkişaf platforması hesab olunur.

Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası da məhz bu prinsiplərə əsaslanır. Prezident Ilham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi göstərir ki, müasir Azərbaycan inkişaf modelində insan amili, ekoloji təhlükəsizlik və innovativ urbanizasiya vahid dövlət siyasəti çərçivəsində həyata keçirilir.

Xüsusilə “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioriteti gələcəyin şəhər modelinə dövlət baxışını aydın şəkildə ifadə edir. Bu yanaşma yalnız ekoloji siyasət anlamı daşımır. Burada enerji təhlükəsizliyi, alternativ enerji mənbələrinin genişləndirilməsi, ekoloji düşüncə tərzinin formalaşdırılması və dayanıqlı yaşayış mühitinin qurulması kimi məsələlər strateji hədəf kimi müəyyən olunur. Bu isə şəhərsalma siyasətinin artıq yalnız tikinti məsələsi yox, milli inkişaf konsepsiyasının mühüm hissəsinə çevrildiyini göstərir.

Azərbaycan Respublikasında bu inkişaf modelinin ideoloji əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Dövlətin gücünün həm də insanın inkişaf səviyyəsi ilə müəyyən olunmasını Heydər Əliyev düzgün dəyərləndirirdi. Ulu Öndərin siyasətində elm, təhsil və milli kadr potensialı strateji sahələr kimi qiymətləndirilirdi.

Hələ sovet dövründə minlərlə azərbaycanlı gəncin ittifaqın aparıcı ali məktəblərinə göndərilməsi Azərbaycanın gələcək intellektual təhlükəsizliyinə hesablanmış uzaqgörən siyasət idi.

Prezident Ilham Əliyev tərəfindən həyata keçirilən müasir inkişaf strategiyası bu siyasəti yeni texnoloji mərhələyə yüksəltmişdir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri müasir urbanizasiya tarixinin ən maraqlı nümunələrindən biri hesab oluna bilər. Burada şəhərlər və kəndlər ekoloji standartlara uyğun şəkildə qurulur, alternativ enerji layihələri həyata keçirilir, ağıllı idarəetmə sistemləri tətbiq olunur.

Agalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi göstərir ki, gələcəyin yaşayış məkanları texnologiya ilə təbiətin harmoniyası əsasında qurulmalıdır.

Suşa şəhərinin bərpası isə xüsusi məna daşıyır. Şuşada həyata keçirilən layihələr zamanı tarixi memarlıq ənənələri qorunur, milli-mədəni irs müasir şəhərsalma prinsipləri ilə uzlaşdırılır. Bu yanaşma isə göstərir ki, şəhər yalnız iqtisadi və texnoloji məkan deyil. Şəhər həm də xalqın tarixi yaddaşı və mənəvi kimliyidir.

Bəli, müasir dövrdə şəhərsalma ekologiya, iqtisadiyyat, sosiologiya, rəqəmsal texnologiyalar və dövlət idarəçiliyi ilə sıx bağlıdır. Bu səbəbdən universitetlərin rolu daha da artır. Çünki gələcəyin şəhərlərini yalnız mühəndislər yox, geniş dünyagörüşünə malik alimlər, hüquqşünaslar, ekoloqlar, urbanistlər və sosial tədqiqatçılar formalaşdıracaqlar.

Dayanıqlı və dözümlü şəhər inkişafı insan kapitalının inkişafı ilə birbaşa bağlıdır. Bu gün qətiyyətlə deyə bilərik ki, güclü şəhər elmə söykənən düşüncə, ekoloji məsuliyyət, milli dəyərlər və innovativ idarəetmə əsasında formalaşır. Azərbaycan modeli göstərir ki, insan amilini mərkəzə qoyan inkişaf strategiyası gələcəyin ən etibarlı yoludur. Bu sahədə universitetlərin rolu böyükdur.


Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

17:01
10 Oktyabr

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB

16:27
10 Oktyabr

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

16:24
10 Oktyabr

Ölkəmizin beynəlxalq mövqeyi möhkəmlənir

16:21
10 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

15:29
10 Oktyabr

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb

15:12
10 Oktyabr

Yeni regional əməkdaşlıq mərhələsi

14:58
10 Oktyabr

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

14:38
10 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:59
10 Oktyabr

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

13:31
10 Oktyabr

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

12:39
10 Oktyabr

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

12:25
10 Oktyabr

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

12:23
10 Oktyabr

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

12:08
10 Oktyabr

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

12:06
10 Oktyabr

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

12:04
10 Oktyabr

Azərbaycan nefti 130 dollardan baha satılır

11:10
10 Oktyabr

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər 

11:08
10 Oktyabr

Dünya birjalarında neftin qiyməti artıb

11:07
10 Oktyabr

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi  

11:06
10 Oktyabr

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

11:05
10 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!