Həyata keçirilən irimiqyaslı islahatlar, regionlara cəlb edilən investisiyaların həcminin artması Goranboyun da inkişafını sürətləndirmişdir. Rayonun siması başdan-başa dəyişmiş, əhalinin güzəranı yaxşılaşmışdır.
Bu baxımdan 2024-cü il də goranboylular üçün istisna olmadı. Rayon iqtisadiyyatı əksər sahələr üzrə irəliləmiş, əvvəlki illərin göstəriciləri üstələnmişdir. Rəqəmlərə müraciət edək: ötən il rayon üzrə ümumi məhsul buraxılışının dəyəri 468 milyon 391,3 min manat olmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövrünə nisbətən 21,8 faiz çoxdur. 2024-cü ildə rayon üzrə əsas kapitala yönəldilmiş investisiyalar 10,5 faiz artaraq 2 milyon 828,3 min manata çatmışdır.
Bütün kənd rayonları kimi, Goranboyun da iqtisadiyyatının əsasını aqrar sektor təşkil edir. Bu sahə üzrə keçən ilin göstəricilərinə nəzər salaq: 2024-cü ildə rayon üzrə 15739,3 hektar arpa, 7559,7 hektar buğda olmaqla 23299,5 hektar taxıl sahəsində biçin aparılmışdır. Arpa üzrə orta məhsuldarlıq 33,6, buğda üzrə 36,2 sentner olmuşdur. Bundan başqa, baramaçılıqla məşğul olan 51 kümçü 110 qutu baramaqurdundan 4174 kiloqram məhsul təhvil vermişdir. Rayon ərazisində həmçinin 8 hektar sahədən 17 ton tütün yığılmışdır. Pambıq istehsalında da göstəricilər müsbətdir. 1450,4 hektardan 4100 ton məhsul toplanmışdır.
Payız-qış mövsümünə hazırlıqla bağlı rayon ərazisində növbəti məhsul ili üçün 24692,5 hektar ərazidə şum qaldırılmış, 5694,5 hektarda buğda, 12549 hektarda arpa, 848 hektarda xəsil, 461 hektarda təzə yonca səpini və 412,14 hektar sahədə digər əkin aparılmışdır. Paralel olaraq, əkin sahələrinin suvarılması da diqqət mərkəzində saxlanılmışdır. Bunun üçün 969 subartezian quyusu, 16 nasos stansiyası və ümumi uzunluğu 2019 kilometr olan suvarma kanallarına vaxtlı-vaxtında xidmət göstərilmiş, quyulara 176 təzə nasos quraşdırılmış, məhsuldarlığını itirmiş 22 subartezian quyusunda əsaslı təmir işləri görülmüş, kəndlərdə yeni 10 subartezian quyusu istismara verilmişdir. Su itkilərinin qarşısının alınması üçün müxtəlif kanal və arxlarda təmizləmə işləri də aparılmışdır. Tap Qaraqoyunlu kəndində isə 30 il düşmən işğalı altında qalmış ərazidə 7 kilometr suvarma kanalı bərpa olunmuşdur.
Keçən il rayonun yol təsərrüfatının yenilənməsi də davam etmişdir. 23 nömrəli Yol İstismarı İdarəsi 12 kilometr respublika, 143 kilometr yerli əhəmiyyətli olmaqla ümumilikdə 155 kilometr avtomobil yollarına və bu yollar üzərində olan yol qurğularına xidmət etmişdir. Payız-qış mövsümünə hazırlıqla əlaqədar maşın və mexanizmlər saz vəziyyətə gətirilmiş, texnikaların fasiləsiz işləməsi üçün lazımi qədər benzin və dizel ehtiyatı yaradılmış, fəhlə və mexanizatorlar xüsusi geyimlə təmin olunmuş, yollarda buzlaşmanın qarşısını almaq üçün qum ehtiyatı yaradılmışdır. Bunlardan savayı, Qızılhacılı qəsəbəsində Milli Qəhrəman Yunis Əliyev, Əlirzalı kəndində şəhid Əzim Şahmalıyev adına küçələrdə əsaslı təmir işləri başa çatdırılmış, Tapqaraqoyunlu kəndində şəhid Hidi Vəliyevin ailəsinin yaşadığı evin həyətinə asfalt-beton örtüyü salınmışdır.
Əhalinin işlə təminatı da ön planda olmuşdur. Gəncə-Daşkəsən Regional Məşğulluq Filialı tərəfindən 2024-cü ildə 1508 nəfər daimi, 353 nəfər mövsümi, 75 nəfər özünüməşğulluq proqramı çərçivəsində işlə təmin olunmuşdur.
Həmişə olduğu kimi, keçən il də rayonda şəhid ailələri və qazilərin sosial qayğılarının öyrənilməsinə, onların problemlərinin həllinə həssaslıqla yanaşılmışdır. Rayon rəhbərliyi və digər məsul şəxslər tərəfindən şəhid ailələri və qazilər müntəzəm ziyarət olunmuş, onlara daxili imkanlar hesabına yardımlar göstərilmişdir. 47 yaşayış məntəqəsində 172 şəhid ailəsi və 117 Vətən müharibəsi işitrakçısı ilə görüşlər keçirilmişdir. Ötən il 8 şəhid ailəsi, 5 Qarabağ müharibəsi əlili mənzil növbəsinə alınmışdır.
İl ərzində rayonun park və xiyabanları, o sırada Ümummilli Lider Heydər Əliyevin adını daşıyan park müasir üslubda yenidən qurulmuşdur. Eyni zamanda sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün Goranboy şəhərində beşmərtəbəli 40 mənzilli, Dəliməmmədli şəhərində 2 mərtəbəli 8 mənzilli yaşayış binaları, 130 çarpayılıq rayon Mərkəzi Xəstəxanası, Abbasqulular, Gürzalılar kəndlərində və Kürəkçay qəsəbəsində modul tipli məktəb binaları istifadəyə verilmişdir. Yaşayış məntəqələrinin 81,2 faizini əhatə edən 7 avtomobil yolu, o cümlədən 38 kilometrlik Əlirzalı-Xan Qərvənd-Yeniyol-Təklə-Aşağı Ballıqaya-Səfikürd-Rəhimli-Tap Qaraqoyunlu və 14 min nəfər əhalinin istifadə etdiyi 6 kəndi birləşdirən 16 kilometrlik Dəliməmmədli-Düzqışlaq-Bağçakürd-Dəyirmanlar-Azad-Nizami avtomobil yolları çəkilmişdir. 30 çarpayılıq Dəliməmmədli şəhər xəstəxanası isə əsaslı şəkildə təmir edilmişdir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tövsiyəsi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Goranboy şəhər 1 saylı uşaq bağçası-körpələr evi inşa edilmiş, 700 şagirdlik Goranboy şəhər 1 nömrəli, Təhsil Nazirliyi tərəfindən yeni inşa edilmiş 920 şagirdlik Dəliməmmədli şəhər və Qaraçinar kənd və Tap kənd tam orta məktəbləri istifadəyə verilmişdir.
Bunlardan əlavə, il ərzində rayon mərkəzindəki Şəhidlər Xatirə Kompleksi və Xan Qərvənd kənd Şəhidlər Abidəsi müasir memarlıq üslubunda yenidən qurulmuş, Dəliməmmədli şəhəri, Qızılhacılı qəsəbəsi, Xan Qərvənd və Fəxralı kəndlərinin Şəhidlər xiyabanlarında yenidənqurma-abadlıq işləri aparılmışdır. Goranboy şəhərində 200 nəfərin işlə təmin olunduğu Medlife Hospital da inşa edilmişdir. Hazırda Goranboy şəhərində 4 mərtəbəli 16 və 20 mənzilli, Dəliməmmədli şəhərində 4 mərtəbəli 16 mənzilli yaşayış binalarının, Qazanbulaq qəsəbəsində 150 nəfərin işlə təmin olunacağı astar və üzlük gips məmulatları zavodunun, Suvarma Sistemləri İdarəsinin inzibati binasının tikintisində son tamamlama işləri görülür. "Şəmkir Maşın" kanalının III növbəsinin, Qızılhacılı qəsəbə 1 nömrəli tam orta məktəb binasının və Goranboy şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın tikintisi isə başa çatmışdır.
Sabir ƏLİYEV,
"Azərbaycan"